Yollar buz bağlayacaq, qar yağacaq: Şəhərdə kompleks tədbirlərə ehtiyac var

Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq. Uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra, soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə,  fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qış bitmək üzrədir, Bakıda hətta gecələr də mənfi temperatur qeydə alınmır.  Bu tendensiya son bir neçə ildir müşahidə olunur. 

Bəs görəsən, qışa hazırlıq üçün görülən tədbirlər necə təşkil olunmalıdır?

Sualımızı cavablandıran Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert İlqar Hüseynli “Şərq”ə bildirib ki, bu sahədə kompleks tədbirlərin görülməsinə ehtiyac var: 



İlqar Hüseynli: “İstilik sistemləri, yol-nəqliyyat məsələləri ilə bağlı nöqsanlar əvvəlcədən aradan qaldırılmalıdır”


“Hər il qış gəlməzdən əvvəl böyük şəhərlərdə və paytaxtlarda təhlükəsizlik, nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədi ilə qışa hazırlıq dövrü başlayır. Düzdür, Azərbaycanda sərt, qarlı qış çox nadir hallarda müşahidə olunur. Amma istənilən halda əvvəlcədən müəyyən hazırlıq işləri mütləq görülməlidir. Qışa hazırlıq işləri görərkən ilk növbədə şəhərin ümumi relyefi və coğrafi şərait nəzərə alınmalıdır. Məsələn, şəhərin Yasamal rayonu və Binəqədi ərazilərində hündürlük fərqi var. Həmçinin sürüşmə ehtimalı daha çox olan hündür ərazilərdə bu işlər daha da gücləndirilməlidir. Ümumiyyətlə, götürdükdə, qışa hazırlıq dedikdə, bütün işlər kompleks şəkildə həyata keçirilməlidir. Qış aylarında ən böyük problem kommunal məsələlər ilə bağlı olur. İstilik sisteminin təminatı ilə əlaqədar hazırlıq mərhələlərinə start verilməlidir. Əhalinin rahatlığını təmin etmək məqsədilə istilik sistemlərində olan nasazlıqlar əvvəlcədən aradan qaldırılmalı, istixanalar artıq qaydaya salınmalıdır. Bütün bunlar kompleks tədbirlər planı tələb edir. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması baxımından müəyyən məsələlər var ki, öz həllini tapmalıdır. Qışa hazırlıq prosesi elə şəkildə təşkil olunmalıdır ki, vətəndaşların sosial qayğıları qış aylarında minimuma ensin”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu