Avropa Şurasının Azərbaycan qərəzi: « Öz imicinə böyük zərbə dəyəcək»


«Erməni təşkilatları Avropa siyasi mühitində mövcud olan korrupsiya üsullarından istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bu da təəssüf doğurur» 

« Avropa təşkilatları özlərinə dəyər verməlidirlər. Bu barədə düşünməlidirlər»


Bir müddət öncə, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Avropa Şurasının bəzi üzvləri çıxış edərkən Azərbaycana qarşı qərəzli fikirlər səsləndirərək siyasi məhbus hesab edilən şəxslərlə bağlı məruzə ətrafında müzakirələr aparıblar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səslənən qərəzli fikirlərə cavab olaraq deyib ki, onlar açıq formada Azərbaycanda xaos və qarışıqlıq yaratmağa çalışırlar: 

“Bu adamlar qarşılarına məqsəd qoyublar ki, nə yolla olursa olsun ölkəmizdəki stabilliyi pozmaq lazımdır. Azərbaycana dair bu günkü dinləmələr onu göstərdi ki, bu beynəlxalq təşkilat hansı dərin böhranla üzləşib. Bir neçə ay əvvəl Azərbaycan Avropa Şurası ilə konstruktiv dialoqa can atdı, əl uzatdı. Bəs onlar bizə necə cavab verirlər? Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını az qala quduzcasına qarşılayırlar, bizim uğurlarımızı gözdən salmaq, aşağılamaq üçün ölkəmizlə bağlı müxtəlif şeylər uydururlar”.

Əlbəttə, qeyd etmək yerinə düşər ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir.  Məhz həmin riyakarlıq və ikili standartların nəticəsidir ki, Avropa Şurasında deqradasiya prosesi gedir. Təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir. Bunun fonunda da dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. 

Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır.  Avropa Şurasında  Azərbaycan, sanki, geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər vurğulanmır.  Azərbaycan haqqında saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir.  Azərbaycanda guya siyasi məhbuslar  var, demokratik proseslərə əngəl törədilir ki, bunlar da heç bir əsasa, fakta söykənməyən uydurmadan başqa bir şey deyil.  Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Məsələn,  işağlçı Ermənistanda sabiq prezident həbs olunub, ölkəyə rəhbərlik etmiş baş nazir S.Sarkisyan da hazırda istintaq altındadır.  Ermənistanda sabiq dövlət başçılarının həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir.
Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. 

(Aşağıdakı linkə daxil olub Nikol Paşinyan və tərəfdarlarının özbaşınalığı, reallığı yazan jurnalistlər və qəzet redaksiyalarına göstərdiyi təzyiqləri aydın şəkildə əxz edə bilərsiniz)


Bundan başqa,  Fak olaraq onu qeyd edə bilərik ki, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının kordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. Bundan başqa Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif  "Qalib Gürcüstan" siyasi hərəkatının  liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb və digər faktlar mövcuddur. Həmçinin, 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. Görəsən, digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur? Bundan əlavə, Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Olmaya Avropa Şurası bunları demokratiya nümunəsi hesab edir? Bütün bunlara, ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir. Azərbaycan AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir dırnaqarası tələbi icra etmək niyyətində deyil. Azərbaycan müstəqi dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq.  Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan imtina edə bilər.   Bir neçə il öncə, Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin arxasınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı. 

Vəziyyəti şərh edən Azərbaycan Demokratik İslahatlar partiyasının sədri, millət vəkili  Asim Mollazadə «Sherg.az»a bildirib ki, Avropa Şurasının ölkəmizə qarşı olan sənədi çox güclü qüvvələrin Azərbaycan qarşı apardığı informasiya müharibəsinin təzahürüdür: 

«Bu sənədlərin arxasında çox ciddi təşkilatlanmış, zəngin erməni qurumları dayanır. Onların məqsədi Azərbaycanın mənfi imici yaratmaqdır. « Məzlum » ermənilərin azərbaycanlılarla bir arada yaşa bilmədiyini  nümayiş etdirmək istəyirlər. AŞ-da  bu məsələlərin müzakirəsi zamanı əsasən ermənilər, ya da xaricə yaşayan ermənilər çıxış edirlər. Təəsüf  hissi doğuran məqam odur ki, erməni təşkilatları Avropa siyasi mühitində mövcud olan korrupsiya üsullarından istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bu da təəssüf doğurur. Avropa təşkilatları özlərinə dəyər verməlidirlər. Bu barədə düşünməlidirlər. Əks halda onların imicinə böyük zərbə dəyəcək».



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu