Nuru Paşanın Göyçay qərargahı sökülür? – VİDEO

Nuru Paşanın 1918-ci ildə Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evin sökülməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri İntiqam Süleymanov deyib. O bildirib ki, sözügedən ev bir müddət əvvəl özəlləşdirilib:

“Mətbuatda qərargahla bağlı yayılan məlumatlar araşdırılmamış qeyd edilib. Həmin qərargah bu gün də qalır. Orda əvvəl Göyçayda çap edilən “Yeni həyat” qəzetinin mətbəəsi yerləşib. Bir müddət əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsi onu özəlləşdirməyə çıxarıb və hansısa sahibkara satılıb. Bu sahibkar da orada bəzi təmir işləri aparıb. Bu gün Nuru Paşanın qərargahının yerləşdiyi evin qəzalı vəziyyətdə olması və buna görə sökülərək yerində bina tikiləcəyi isə yalan məlumatdır. Qəzalı vəziyyətdə olan Əli Kərim-118-dəki yaşayış evləridir”.

Qeyd edək ki, İctimai Televiziyada hazırda N.Nərimanov küçəsində yerləşən, 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evin bir hissəsinin uçub-töküldüyü və buna görə də həmin binanın tamamilə söküləcəyi haqda süjet yayımlanmışdı.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu