“Yüksəliş” şansı: Müsabiqə qaliblərinin dövlət qulluğuna imtahansız qəbulu təqdir edildi

"Yüksəliş” qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək. Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslərin uzun müddət kadrların ehtiyat bankında qalacağına inanmadığını vurğulayan F.Hacıyevin sözlərinə görə, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar: 

"Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.

Təhsil eksperti Kamran Əsədov "Yüksəliş” qaliblərinin dövlət qulluğuna imtahansız qəbul məsələsini yüksək dəyərləndirib. 

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi hər hansı bir müdaxilə olmadan kadrların özünün kompitensiyaları ilə irəli getməsinə şərait yaradan yeganə və ilk şansdır: 

"Çox təəssüflər olsun ki bu və ya digər formada rəhbər postlara təyinat tapşırıqla olurdu. "Yüksəliş" müsabiqəsi isə savadlı, intellektual gənclərin strateji postlara yiyələnməsinə  imkan verir. Müsabiqənin  təsis edilməsi ilə gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunmasını stimullaşdırır. Hesab edirəm ki, kadr təyinatlarında mobillik və  peşəkarlıq artacaq. Azərbaycanda həyata keçirilən kadr islahatları, xüsusən də son dövrlər bir sıra nazirliklərə və qurumlara yeni nazirlərin, rəhbərlərin gətirilməsi göstərir ki, artıq Azərbaycanda bu işə başlanılıb. Əminəm ki, idarəçilik məsələsində kadr bankı yaradılması gənc kadrların sürətlə vəzifəyə təyin olunmasına və vəzifədə yüksəlməsinə gətirib çıxaracaq və bundan sonra "Yüksəliş” müsabiqəsi həyata keçirildikdən sonra daha bacarıqlı, intellektli, haqqı olan və güclü kadrların dövlətin idarəedilməsində iştirakının şahidi olacağıq”.



Kamran Əsədov: "Çox təəssüflər olsun ki bu və ya digər formada rəhbər postlara təyinat tapşırıqla olurdu. "Yüksəliş" müsabiqəsi isə savadlı, intellektual gənclərin strateji postlara yiyələnməsinə  imkan verir”


Dövlət qulluğuna qəbulun  iki mərhələdən ibarət olduğun vurğulayan K. Əsədov "Yüksəliş" müsabiqəsinin isə  səkkiz pilləli bir proses olacağını deyib: 

“Digər müsabiqələrlə müqayisədə "Yüksəliş" daha  çətindir. Hazırda 1500 nəfər qeydiyyatdan keçib və onların arasından ən praqmatik  və istedadlı 20 nəfər  qalib seçiləcək. Həmin şəxslərin imtahansız rəhbər postlara gətirilməsini müsbət addım hesab edirəm. Çünki bu şəxslər onsuz da 8 mərhələdən keçəcək və hər  mərhələnin sonunda təlimlərə cəlb olunacaqlar.  Hətta qalib olmayan şəxslər belə kənarda qalmayacaq. Müxtəlif dövlət  orqanları bu kadr bazasını nəzarətdə saxlayıb, təcrübəli şəxsləri işə dəvət edəcəklər". 
Ekspertin sözlərinə görə, Yüksəliş” qaliblərinin dövlət qulluğuna imtahansız qəbulu ölkəyə inqilabi bir dəyişiklik və titrəyiş gətirəcək.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu