“İşıq”a gedən yol...

Alim vurğulayıb ki, mətbuatımız qadınlarımızın bugünkü azad həyatının bünövrəsinin qoyulması üçün gərgin əmək sərf edib

Amaliya Qasımova: “Mətbuat qadının əsasən üç mühüm problemindən - təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edir, hicabın ləğvi ilə bağlı mülahizə və mübahisələrə daha çox diqqət yetirirdi”


Qadın problemləri bütün dövrlərdə, bütün quruluşlarda mövcud olub, cəmiyyətin həyatında çox mühüm əhəmiyyət kəsb edib. Müsəlman aləmində yaşayan qadınlarla digər dinlərə mənsub olan qadınlar arasında həyat tərzində, dünyagörüşlərində fərqlər özünü göstərib. Fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən qadının sosial həyatdan kənarda qalması onun şəxsi həyatı üçün bir sıra çətinliklər yaradıb. 

Tarix üzrə fəlsəfə doktoru, “İşıq” qəzetinin tədqiqatçısı və “İşıq” qadın jurnalının yazarı Amaliya Qasımova bildirib ki, dövrün mətbuatı bu problemləri səsləndirmək, xalqa çatdırmaq, aradan qaldırmaq yolunda mühüm addımlar atıb. Alim vurğulayıb ki, mətbuatımız qadınlarımızın bugünkü azad həyatının bünövrəsinin qoyulması üçün gərgin əmək sərf edib: “İctimai fəaliyyətsizlik, təhsilə cəlb edilmə zamanı oğlanlarla qızlar arasındakı ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma qadınların dünyagörüşünün məhdudluğuna, mədəni inkişafdan geri qalmalarına səbəb olurdu. Ona görə də qadınların böyük əksəriyyəti öz talelərini ailə ağsaqqallarının ixtiyarına buraxırdılar. Çox zaman təhrif olunmuş halda dini görüşləri yayanlar və fanatik din xadimləri tərəfindən qadınların şəriət üzrə müəyyən olunmuş hüquqları pozulurdu. Onlar valideynləri və ərləri tərəfindən təzyiqlərə məruz qalırdılar. Qadın problemlərinin Azərbaycan mətbuatının baş mövzusuna çevrilməsi bir tərəfdən siğə, azyaşlı qızların ərə verilməsi, onların təhsilə yaxın buraxılmamasının tənqidinə daha çox yer ayıran “Molla Nəsrəddin” jurnalının çıxışlarının daha cəsarətli şəkil alması ilə, digər tərəfdən əvvəlki ilə nisbətən 1907-ci ildə mətbu nəşrlərin sayının artması və jurnalın yazılarına onların verdikləri reaksiyanın doğurduğu əks-səda ilə bağlı idi. Artıq Bakıda nəşr olunan “İrşad”, “Tazə həyat”, “Təkamül”, rus dilində çıxan “Kaspi”, “Bakinskiye izvestiya”, “Baku”, “Bakinski den” qəzetləri, habelə “Füyuzat” jurnalı ictimaiyyətin diqqətini özünə cəlb edən mətbu orqanlar sırasında idi. Onların hər biri “Molla Nəsrəddin” jurnalının mövzuları ətrafında öz məsləklərinə uyğun yazılar verir, qadın azadlığı ilə əlaqədar məsələləri günün mövzusuna çevirirdilər. “Molla Nəsrəddin” jurnalının Azərbaycan qadınının azadlığı uğrunda başladığı mübarizənin 1906-cı ilə nisbətən 1907-ci ildə daha da qızışdığı, mətbuatda bir-birinin ardınca məqalələr, felyetonlar, satirik şeirlər yazılıb problemin həllinə səy göstərildiyi bir dövrdə əks mövqedə dayananlar arasında Haşım bəy Vəzirovun adı tez-tez çəkilirdi. Vəzirov islama yaxşı bələd olan bir ziyalı idi. Yeri gəldikdə, hiylə yolu ilə avam camaatı soyan mollaları, qazı və müftiləri tənqid etməkdən çəkinmirdi. “İttifaq” qəzetini nəşr edərkən onun 221-ci sayında fanatizmə, təhrif olunmuş halda dini görüşlər yayanlara qarşı tənqidi məqalələr dərc edib. Bakı qradonaçalniki şəhərin müsəlman əhalisinin dini görüşlərini “təhqir etdiyinə görə” qəzetin bağlanması haqqında qərar verib. Buradan aydın görünür ki, Haşım bəy bir redaktor kimi, “Tazə həyat” qəzetində din xadimlərinə hicabın vacib olduğu ilə bağlı tribuna verirdisə, şübhəsiz, bu çıxışlar onun şəxsi görüşlərini də ifadə edirdi.

Tarixçi-alim vurğulayıb ki, 1907-1919-cu illər arasında Bakıda bir-birinin ardınca “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları olan satirik nəşrlər - “Bəhlul”, “Zənbur”, “Mirat”, “Arı”, “Kəlniyyət”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, “Tartan-partan”, “Məşəl” kimi mətbu orqanlar işıq üzü görüb: “Fanatik dindarların təqiblərinə, şəxsi həyatları üçün tez-tez yaranan təhlükələrə baxmayaraq, satira jurnallarının yazarları Azərbaycan qadınının taleyi ilə bağlı “Molla Nəsrəddin”in başladığı kampaniyanı mühüm ictimai-siyasi problem kimi yaradıcılıq planlarına daxil etmişdilər. Müsəlman qadının azadlığı ilə bağlı yazılar verib Azərbaycanda bu yolda çalışan ziyalıları müdafiə edənlərdən biri də “Tərcüman” qəzeti idi. Qəzet Bağçasarayda Krım tatarlarının dilində 1883-1918-ci illərdə çıxıb. Onun redaktoru İsmayıl bəy Qaspıralı (1851-1914) Qafqazda, xüsusilə Azərbaycanda baş verən hadisələri qəzetdə geniş işıqlandırırdı. XX əsrin 90-cı illərində Rusiyada türk xalqlarının dilində çıxan yeganə qəzet olduğuna görə Bakıda da geniş yayılıb, Azərbaycanın mədəni həyatına dair yazılar verib, publisistlərin çıxışlarına yer ayırıb. “Tərcüman” “Molla Nəsrəddin” jurnalının qadın azadlığına həsr olunmuş yazılarını dəstəkləyir, bəzən onun karikaturalarını öz səhifələrində təkrarən dərc edirdi. İsmayıl bəyin qızı Şəfiqə xanım Qaspıralı Baxçasarayda çıxan “Aləmi-nisvan” (Qadın dünyası) dərgisinin naşiri olub. Şərq qadınının azadlığı probleminin işıqlandırılmasında nəinki təkcə Rusiyada, həmçinin bütün türk dünyasında geniş şöhrət qəzanmış “Aləmi-nisvan” “Molla Nəsrəddin”lə eyni mövqedən çıxış edirdi”. 1912-ci ilin martın 6-da Bakıda “İqbal” qəzeti nəşrə başladı. “İqbal” qadın problemlərinin həlli yollarının axtarılmasında ziyalıların mövqeyini müdafiə edir, öz səhifələrində “Təsəttürü-nisvan” (qadının örtülülüyü) mövzusunda müzakirələr açırdı. 1913-cü ildə “İqbal” qəzeti ilə “Şəlalə” toplusu arasında qadın örtülülüyünə dair mübahisələr başlandı. “Şəlalə” məcmuəsi Xalid Xürrəm Səbribəyzadənin redaktorluğu, İsa bəy Aşurbəylinin naşirliyi ilə 1913-cü il yanvarın 19-dan 1914-cü il martın 1-dək nəşr olunub və bu müddətdə onun 56 sayı buraxılıb”. 
A.Qasımova bəyan edib ki, mətbuat qadının əsasən üç mühüm problemindən - təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edir, örtülülüyü onların həlli yolunda maneə hesab etdiyindən hicabın ləğvi ilə bağlı mülahizə və mübahisələrə daha çox diqqət yetirirdi: “XX yüzilliyin əvvəllərində Quzey Azərbaycan mətbuatında qadın azadlığı məsələləri ətrafında gedən geniş ictimai müzakirələrdə iştirak edən mütərəqqi ictimai xadimlər, demokratik ruhlu yazarlar, jurnalistlər və başqaları haqlı olaraq belə hesab edirdilər ki, qadın azadlığının mühüm şərtlərindən biri onların mükəmməl təhsil almasıdır. Demokratik mövqelərdə dayanan bir sıra mətbuat orqanları mürtəce qüvvələrin törətdiyi maneələrə baxmayaraq bütün vasitələrdən istifadə etməklə maariflənməyin, təhsilin məziyyətlərini önə çəkərək bildirirdilər ki, Şərq qadını faktiki azadlığa nail olmaq üçün ilk növbədə təhsil almalı, elmə yiyələnməli və özü öz azadlığı uğrunda mübarizənin fəal iştirakçısı kimi çıxış etməlidir. Mətbuatda ailə-nikah problemləri ilə bağlı yazılar əsasən azyaşlı qızların ərə verilməsi, siğə, boşanma zamanı qadınların şəriət üzrə müəyyən edilmiş hüquqlarının rüşvətxor mollalar və təhrif olunmuş şəkildə dini görüşlər yayanlar tərəfindən pozulması, valideynlərin qızlar üçün başlıq pulu tələb etməsi, ərə verilən qızın rəyinin nəzərə alınmaması, qadınlar arasında dini xurafatın tənqidi və s. əhatə edirdi. XX yüzilliyin ilk illərində mətbuatda qadınların sosial problemləri ilə bağlı yazılara son dərəcə az yer verilməsi təbii idi. Çünki bu dövrdə də Şimali Azərbaycan cəmiyyətində qadınlar sosial cəhətdən son dərəcə hüquqsuz və passiv zümrələrdən biri olaraq qalmaqda idi. Ona görə də mətbuat əsas diqqəti hələ ki, maarif, təhsil yeni üsullu məktəblərin şəbəkəsinin genişləndirilməsi, qız və oğlanların bir yerdə təhsil alması məsələlərinə, və s. bu kimi problemlərə yönəldirdi. Digər bir tərəfdən qadınların əmək fəaliyyətinin dairəsi son dərəcə məhdud idi. Kənd təsərrüfatında əl əməyindən istifadə iş şəraitini daha da ağırlaşdırırdı. Bəzi yeyinti və yüngül sənaye müəssisələri, xüsusilə də H.Z.Tağıyevin toxuculuq fabriki açıldıqdan sonra bu müəssisə istisna olunmaqla, qadınların çalışa biləcəkləri sahələr yox dərəcəsində idi. Aşağı təbəqələrin arasında yoxsulluq və səfalətin hökm sürməsinə baxmayaraq, qadınlar əmək fəaliyyəti ilə məşğul ola bilmirdilər. Ona görə də zaman keçdikcə mətbuat ictimai şüurun diqqətini qadınların bu tipli sosial problemlərinə də yönəldirdi”. 
Tədqiqatçı bildirib ki, qadın azadlığı uğrunda mübarizlər nəinki təkcə nöqsanlardan yazır və onları islah etmək üçün satiranın gücünə arxalanır, həmçinin çıxış yollarını da göstərməyə çalışırdılar: “Əhməd bəy Ağayev müsəlmanların mənəvi, maddi və siyasi yüksəlişi üçün iki mühüm problemin həllini zəruri sayırdı: qadın məsələsi və əlifba islahatı. O, yazırdı: “Təkrar edirik: nə Quran, nə şəriət özlüyündə tərəqqinin əleyhinə deyil; yalnız onun daşıyıcıları şeyxlər və üləmalar öz mənfəətləri naminə onlara sivilizasiya ilə barışmazlıq xüsusiyyəti verməyə çalışırlar”. Müəllif güclü islahatçının meydana çıxması ilə problemin həllinin mümkün olacağını da diqqətə çatdırırdı: “Misirdə belə islahatçı Məhəmmədəli oldu. Misir şeyx və üləmalarını bir yerə toplayıb üçqat cərgə ilə düzülmüş sədaqətli əsgərlərlə dövrəyə aldı və onları özünün hazırladığı islahatı imzalamağa məcbur etdi”. Mətbuatda qadın azadlığı, hicabın ləğvi uğrunda gedən müzakirələr ictimai fikrin inkişafına, cəmiyyətin bu sahədə islahatlara hazırlanmasına kömək göstərdi, müsəlman aləmində qadın azadlığına yeni, mütərəqqi baxışın genişlənib inkişaf etməsində mühüm rol oynadı. Cəmiyyətin bütöv bir yarısının problemini qorxmadan mətbuat səhifələrinə çıxardaraq, hicabın ləğvi kimi məsələnin müzakirəsində mürtəce qüvvələrin təzyiq və təqiblərindən çəkinməyən mütərəqqi ruhlu naşir və yazarların mübarizəsi bütövlükdə Azərbaycan cəmiyyətində ictimai şüurun düzgün məcrada irəliləməsi işinə əvəzsiz xidmət göstərdi. XX əsrin əvvəllərində dövrün qabaqcıl ziyalıları qadına daha çox azadlıqlar bəxş etmək üçün mübarizəni təhsil probleminin həll olunması ilə bitmiş hesab etmir. Qızların nikah yaşının artırılması, valideynlər tərəfindən başlıq pulu alınması kimi bədnam adətin ləğv edilməsi, ailədə qadının məruz qaldığı təhqirlərə son qoyulması, qadının azadlığı yolunda maneələr yaradan hicabın ləğv edilməsi üçün mətbuatın tribunasından cəsarətlə istifadə edirdilər. “Tərəqqi” qəzeti XX əsrin ilk onilliyinin sonunda Osmanlı imperiyasında “Qanuni əsasiyyə”nin (Anayasa) elanından sonra yaranmaqda olan qadın cəmiyyətləri, o cümlədən qadınların bu sahədəki fəaliyyəti barədə məlumat xarakterli məqalələr dərc edərək göstərirdi ki, bu cəmiyyətlərin məqsədi qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda çalışmaqdan ibarətdir. Məsələn, “İqdam”, “Məlumat” və digər dövri türk nəşrlərində qadın hüquqları haqqında müzakirələr açılır, əksər hallarda bu müzakirələri qadınların özləri, xüsusən qadın yazıçılar aparır, öz həmcinsinin maraqları uğrunda cəsarətlə çıxış edirlər. Türkiyədə qadınlar üçün 2 ədəd həftəlik illüstrasiyalı mətbu orqan – “Qadınlar qəzetəsi” və “Nisvan” jurnalı onların özləri tərəfindən buraxılır. XX yüzilliyin başlanğıcında ziyalıların və mətbuatın qadın azadlığı uğrunda apardığı mübarizənin təsiri altında ictimai həyatda qadınlar da görünməyə başlayırdı. 1908-ci il oktyabrın 26-da 14 müsəlman xanım Qasımovanın mənzilində toplanaraq “Nicat” maarif cəmiyyətinin ünas (qadın) şöbəsini açmaq barədə qərar qəbul etmişdilər. Bunlar Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə Əfəndiyeva, Səriyyə xanım Axundova, Xeybərə xanım Əbdülrəhman, Sara xanım Vəzirova, Əminə xanım Tanrıquluyeva, Xurşud xanım Vəzirova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbabayeva, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova idi. Şöbə öz qarşısına təhsil almaq istəyən müsəlman qızlara və oğlanlara kömək etmək məqsədini qoymuşdu...

(Davamı var) 

İsmayıl Qocayev

Paylaş

Bizi Facebookda izləyin
menu
menu