Rauf Arifoğlu danışdı: "Biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq"

"Dəyərli dostlar, deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir. MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb".

Serq.az-ın xəbərinə görə, bu sözləri namizəd olduğu dairədə seçkinin lider namizədi dəqiqləşməyən "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.

O, qeyd edib ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisədir:

"Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq. Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək. Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək. Millətimizə və dövlətimizə xeyirli olsun!". 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası R.Arifoğlunun namizəd olduğu dairədə şikayətlərin çoxluğu səbəbindən lider namizədin adını açıqlamayıb, nəticəni araşdırmadan sonra elan olunacağını bildirib. 

Xatırladaq ki, həmin dairədən "Yeni Müsavat" rəhbərinin əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadədir. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu