Məhərrəm Zülfüqarlı: “...Həmin dairələrdə nəticələr ləğv oluna bilər” - MÜSAHİBƏ


“Sosial şəbəkələr “Sükut günü”nün olmasına imkan vermədi, yəni bəzi namizədlərin təbliğatı sosial şəbəkələrdə davam elədi”


Fevralın 9-da keçirilən parlament seçkiləri başa çatıb. Mərkəzi Seçki Komissiyası artıq ilkin nəticələri açıqlayıb və tam siyahı məlum olub.

AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı sona çatan seçki prosesi ilə bağlı təəsüratlarını Sherg.az-la bölüşüb. 

M.Zülfüqarlı məntəqələrdəki ümumi vəziyyət, seçicilərin aktivliyi, komissiya üzvlərinin davranışına dair maraqlı məqamlara toxunub...

-Azərbaycanda parlament seçkiləri öncəsi ictimai-siyasi mühitin müşahidəsi göstərir ki, ölkəmizdəki stabil vəziyyət, qarşıdurmanın olmaması və qanunvericilik, demokratik seçkilərin keçirilməsinə imkan verdi. Bütün bunlar dünən öz sübutunu tapdı. Ölkədə normal seçkilər keçirildi. Ola bilsin bəzi dairələrdən şikayətlər daxil edilsin. Bunların hamısı yekunlaşandan sonra yeni parlament öz işinə başlayacaq.

-Sizcə səsvermə günü aktivlik müşahidə olunurdu?

-Aktivlik dairələr üzrə müqaisə olunur. Ən çox aktivlik Naxçıvan, Xaçmaz və Bakıda idi. Ümumilikdə isə ölkə üzrə aktivlik 47 faizdən çox oldu. Bu, digər ölkələrlə, xüsusilə Avropa ölkələri ilə müqayisədə yüksək həddir. Amma 2015-ci il seçkilərində aktivlik 55 faiz olmuşdu. Adətən yeni seçkilərdəki aktivlik köhnə ilə müqayisədə daha çox olur. Lakin 47 faizin özü də yüksək aktivlik deməkdir.

-Hər seçkidə olduğu kimi bu ilki seçkilərdə də qalmaqallı anlar yaşandı. Sosial şəbəkələrdə müəyyən videolar da yayılıb. Belə görüntülərə münasibətiniz necədir?

-Azərbaycan qanunvericiliyində Seçki Məcəlləsi qəbul olunan zaman bəzi nüanslar yox idi. Məsələn, sosial şəbəkələr. İndi isə sosial şəbəkələr çox geniş yayılıb. Adətən səsvermə başlamamışdan 24 saat qabaq təbliğat-təşviqat materialları yığışdırılmalıdır. Qanunla bu belədir. Amma bəzi sosial şəbəkələrdə və elektron qəzetlərdə təbliğat davam edirdi. Əvvəllər çap materialları idi və bunları yığışdırırdılar. Amma indi elektron KİV-lərdə məlumatlar yığışdırılmır və təbliğat davam edir. Bu onu göstərir ki, ya təşviqat materiallarının yığışdırılması ilə bağlı maddə dəyişdirilməlidir, ya da bu məsələ ilə bağlı yeni maddə qəbul olunmalıdır. Necə etməliyik ki, seçkiyə 24 saat qalmış təşviqat tam dayansın. Buna “Sükut günü” deyirlər. Lakin sosial şəbəkələr “Sükut günü”nün olmasına imkan vermədi, yəni bəzi namizədlərin təbliğatı sosial şəbəkələrdə davam elədi. Belə hal bugünkü qanuna-ziddir.

-Seçkilərdə beynəlxalq müaşhidəçilər iştirak edirdi və prosesi izləyirdilər. Bu müşahidəçilərin fəaliyyətini və diqqətini necə dəyərləndirirsiz?

-Ölkəmizdə bu ilki seçkilərə beynəlxalq müşahidəçilərin marağı çox güclü idi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu uzun müddətli müşahidə üçün 26 nəfər, 1 günlük müşahidə üçün isə 350 nəfərlə təmsil olunmuşdu. Bundan başqa Avropa Şurası Parlament Assambleyası, MDB və ayrı-ayrı ölkələrin parlamentləri seçkiləri müşahidə edirdi. Əvvəlki illərdə olduğu kimi bu il Azərbaycandakı seçkilərin dünyanın diqqətində olduğu bir daha sübut edildi. Seçkilərlə bağlı xarici müşahidəçilərin ümumi rəyi müsbətdir.

-Bəzən hansısa problemlər yaranan zaman MSK müəyyən dairələrdə nəticələri elan etmir və ciddi yoxlamalar aparılır. Bəzi dairələrdə nəticələr ləğv olunarsa seçki prosesi necə keçirilə bilər?
 
-Bu məsələ ilə bağlı Azərbaycanda təcrübə var. 2015-ci ildəki seçkilərdə Ağdaş dairəsində nəticələr ləğv olundu və 2016-ci ilin əvvələrində həmin dairəyə təkrar seçkilər keçirildi. İndi də şikayətlər olarsa və şikayətlər öz təsdiqini taparsa həmin dairələrdə nəticələr ləğv oluna bilər. Qısa müddətdə seçkinin günü müəyyən edilərək elan olunacaq və təkrar seçkilər keçiriləcək.

-Seçki prosesində müəyyən texniki səhvlər və bir sıra çatışmazlıqlar oldu. Bunu ölkəmizdəki seçicilərin maariflənməsi, vəzifələrini yaxşı bilməməsi ilə əlaqələndirirlər...

-Seçicilərin maariflənməsinə ehtiyac olması haqqında fikirlər tamamilə düzdür. Biz regionlarda maarifçilik işini həyata keçirdik. Amma yenə də seçicilərin maariflənməsinə ciddi ehtiyac var. Səsvermə kabinəsinə 1 nəfər daxil olmalıdır. Bizə məlumatlar verildi ki, səsvermə kabinəsinə 3 nəfər birdən girmək istəyib və komissiya üzvləri onların qarşısını alıblar. Burada komissiya üzvlərinin heç bir günahı yoxdur. Seçici bilməlidir ki, 1 adam girib səsini verib çıxandan sonra kabinəyə 2-ci şəxs girə bilər. Müşahidəçilərdən biri bizə bildirdi ki, səsverməyə qadın oğlu ilə gəlib və deyib ki, “mən səs verə bilmirəm, ona görə oğlumu da gətirmişəm ki, mənə kömək eləsin”. Bildiyiniz kimi bu hal qanuna-ziddir. Belə məqamlar onu göstərir ki, yerlərdə maarifçilik işi aparmaq lazımdır ki, seçicilər vəzifə və hüquqlarını bilsinlər.

-Vəfat edən şəxslərin seçkilərdə “iştirakı” aşkar olunub. Bu barədə nə düşünürsüz ?

-Bəzən bu mövzunu çox şişirdirlər. Xüsusilə seçki komissiyalarının işində nöqsan axtaran şəxslər məsələni ictimailəşdirirlər. Bu elə bir prosesdir ki, sığortalanmaq mümkün deyil. Seçki siyahıları ilin əvvəlində dəqiqləşir. Amma kiminsə vəfat etməsi Allahın işidir. Hətta elə ola bilər ki, seçkiyə bir neçə gün qalmış seçici ölə bilər. Seçki komissiyalarının işləri qənaətbəxş hesab olunur. Bunu xarici müşahidəçilər də qeyd edir. Seçki komissiyaları öz işini MSK-nın üzərində qurub. Hətta dairə komissiyalarının bir sıra səhvlərini MSK düzəldir. Belə hal bütün dünya ölkələrində ola bilər”.

-Komissiya üzvlərinin fəaliyyəti ilə bağlı fikriləriniz necədir? 

-Dünən müşahidəçilərdən məlumat alırdıq və sosial şəbəkələri izləyirdik. Görürdük ki, kimsə gedib seçki prosesində nöqsan axtarır, məntəqəyə girib görür ki, təşviqat lövhəsi var. Bu zaman həmin şəxs qışqıraraq deyir ki, “lövhədə şəkil yoxdur, bunlar necə tədbir keçirirlər?”. Bu şəxsin özü seçki prosesi ilə bağlı savadsızlığını ortaya qoyur. Həmin şəxs bilməldir ki, seçkiyə 24 saat qalmış plakatların hamısı yığışdırılır. Belə şəxslər maarfilənməli, seçki prosesini bilməli və daha sonra məntəqəyə gedib səhv axtarmalıdır. Dünən komissiya üzvlərində böyük təmkinlilik gördüm. Bəzi şəxslər komissiya üzvlərini təhqir edir ki, onu da təhqir etsinlər. Sonra da çıxıb deyir ki, “məni komissiyada pis qarşıladılar, məni təhqir edərək zor tətbiq etdilər”. Azərbaycan mentalitetinə önəm verən insanlar belələrinə nifrət edirlər. Çünki komissiya üzvləri də bizim vətəndaşlarımızdır. Onları təhqir etmək olmaz. Sanki bazarda dava salan insanlar kimi tez polisi işə qatıb kimisə şərləməyə çalışırlar. Həmin şəxslərin komissiyada neqativ hərəkətlərə yol verməsi cinayət xarakterlidir. Komissiya üzvlərinin davranışlarını müsbət dəyərləndirirəm. Çünki onlar belə təxribatçıların qarşısını alırlar.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu