Politoloq seçki prosesindən razıdır: “Parlamentarizm ənənələri genişlənir”

 
Tofiq Abbasov: “Məntəqələrə kameraların quraşdırılması, onlayn rejimdə müşahidələrin aparılması çox müsbət addım idi”

“Xarici müşahidəçilər Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini vurğuladılar” 

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib. Seçkilərdə indiyədək qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb. Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən də izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit ediblər.

Vəziyyəti dəyərləndirən politoloq Tofiq Abbasov da seçki prosesindən razılıq ifadə edib. O “Sherg.az”a bildirib ki, səsvermə zamanı MSK-nın  onlayn mətbuat konfransları keçirməsi, gedişata dair açıqlamaların verilməsi olduqca təqdirəlayiq hal idi: 



“Ümumi götürəndə müşahidəçilərin rəyi müsbətdir. Xarici müşahidəçilər Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini vurğuladılar. Məntəqələrə kameraların quraşdırılması, onlayn rejimdə müşahidələrin aparılması çox müsbət addım idi. İstənilən vətəndaş MSK-nın saytı vasitəsilə min məntəqədə səsvermə prosesini izləyə bilirdi.  Bütün bu addımlar təqdir olunmalıdır. Prosesdə 78 minə yaxın yerli, 900-ə yaxın xarici müşahidəçi iştirak edirdi. Əslində, diqqətimi çəkən yerli müşahidəçilərin aktiv iştirakı oldu. Əlbəttə, bu da vətəndaş cəmiyyətinin fəallığının təzahürüdür. İnsanlar seçkilərə gəlirdilər. Media da bu prosesdə yaxından iştirak etdi. Təbii ki, seçkilərlə bağlı mülahizələr çox idi. Hamı elə düşünürdü ki, parlamentdə 90 faiz dəyişiklik olacaq. Ancaq bu olmadı. 40 nəfər yeni deputat seçilib. Bu da yaxşı göstəricidir. Məlum dəyişikliklər Azərbaycanda parlamentarizm ənənələrinin genişlənməsinə imkan yaradır. Milli Məclisdə gənc nəslin təmsilçiləri çox olacaq. Qanun yaradıcılığına onlar da öz potensiallarını qatacaqlar”. 
Politoloq hesab edir ki, seçki prosesinə bir qayda olaraq, tənqidi yanaşmaq doğru deyil: 

“Deyirlər ki, yaşlı deputatlar yenidən seçilməli deyildilər. Həmin insanlar da cavab verirlər ki, “Biz hələ sözümüzü deməmişik. Bizim gücümüz, yeni ideyalarımız var”. Bu düşüncə ilə biz onların haqqına giririk. Əlbəttə, seçki bir yarışdı. Burada qazanan tərəflə yanaşı, uduzan tərəf də olur. Uduzanlar isə məğlubiyyətlərini müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışırlar.Və hər şeyi qara rəngə boyayırlar. Burada subyektivlik amili böyükdür. Milli Məclisin real dəyərini parlament yeni tərkiblə fəaliyyət başalayandan sonra verəcəyik. Hələ yeni parlamentin özünü necə ifadə edəcəyini bilmirik. 40 yeni deputat olacaq. Ola bilsin bu 40 nəfərin olduqca nəzərəçarpan rolu, çıxışı, fəaliyyəti  olacaq. Yaxın zamanlardan yeni parlamentin nə dərəcə kreativ olmasını biləcəyik”. 



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu