İcra nümayəndəsinin ev sökmək səlahiyyəti yoxdur - AKTUAL



“Vətəndaş o mənzili icazəsiz tiksə belə, onun mülkiyyətində olan əmlakın sökülməsi yalnız məhkəmə qərarı ilə mümkündür”



Ötənlərdə evinin Xətai rayon icra başçısının göstərişilə söküldüyünü deyən vətəndaş hər kəsin önündə özünü yandırıb. Yaşadığı evin sökülməsinə etiraz edən vətəndaş Xətai rayon icra başçısının  Prezidentin sərəncamlarına məhəl qoymadığını deyib. O, müvafiq qurumlardan sözügedən şəxs barəsində ölçü götürülməsini tələb edir. 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Bakı  şəhərinin rayon icra hakimiyyətlərinin yaşayış binalarını, habelə sosial və digər məqsədli qeyri-yaşayış obyektlərini sökmək və yenidən qurmaq səlahiyyətləri ləğv edilib.

Məsələ ilə bağlı “Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov tikilinin məhkəmə qərarı olmadan sökülməsini qanunsuz hesab edir: 



Sahib Məmmədov: “Adi bir qərarla, məhkəmənin qərarı olmadan kiminsə mülkiyyətində olan tikilinin sökülməsi qanunsuzdur”


"Əgər tikili  həmin vətəndaşa məxsus olan torpağın üzərində olubsa, icra nümayəndələrinin söküntü aparması yolverilməzdir.  Məcəlləyə görə, müvafiq hündürlükdə olan yaşayış binalarının tikilməsi üçün vətəndaş tikmək istədiyi evin planını müvafiq icra hakimiyyəti orqanına göndərib. İH də həmin vətəndaşın müraciətinə cavab olaraq razılıq verə və ya imtina edə bilər. Vətəndaş icazəsiz tiksə belə, mülkiyyətində olan əmlakın sökülməsi yalnız məhkəmə qərarı ilə ola bilər. Ola bilsin, həmin şəxs o evi dövlətə məxsus olan torpaq sahəsində qanunsuz olaraq tikib. Lakin bu zaman da məhkəmənin müvafiq qərarından sonra icra hakimiyyətinin  əməkdaşları söküntü işləri apara bilər. Yox, əgər həmin torpaq üzərindəki mülkiyyət konkret şəxsə məxsusdursa, evi razılaşdırmamış  tiksə belə, evi sökmək yox, sənədləşdirilməsində ona kömək etmək lazımdır. Belə tiklilər çoxdur və ölkə prezidentinin sərəncamına görə, araşdırma aparılmalı, müvafiq standartlara  cavab verən tikililər sənədləşdirilməlidir. Vətəndaş özünə məxsus  torpaqda mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır. Adi bir qərarla bu cür evlərin sökülməsi düzgün deyil təbii ki. Ən əsası məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmalıdır. Məhkəmənin qərarı olmadan kiminsə mülkiyyətində olan tikilinin sökülməsi qanunsuzdur”.

S.Məmmədovun sözlərinə görə, istənilən halda icra hakimiyyətinin əməkdaşları vətəndaşlarla münasibətdə ehtiyatlı olmalıdırlar:

“Konkret detallar barədə məlumatlı olmadığım üçün  tərəflərdən hansının haqlı, hansının  haqsız olduğunu da deyə bilmərəm. İstənilən halda  baş verən hadisə təəssüf doğurur”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu