Koronavirus təşvişi: Virus həmişə olub, şişirtmək lazım deyil – AKTUAL

Alimlər koronavirusun daha şiddətli formada yayılma tarixini məyyənləşdiriblər. Honkonq tədqiqatçılarının qənaətinə görə, koronavirus aprel və may aylarında daha geniş arealı əhatə edəcək. Bu barədə "Şərq"ə açıqlama verən  Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu koronavirusun yeni virus olmadığını  deyib: "Viruslar zaman- zaman yoluxma xüsusiyyətlərini dəyişdirirlər. Adi bir virus təhlükəli  virusa çevrilə bilir". 

S. Cəlaloğlu bəzi virusların yayılması xəstəlik törədicilərinin yox, yoluxan adamların qidası və yaşadığı mühitlə əlaqədardır: 

"Bildiyiniz kimi ehtimallar daha çox koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Çinlilər hər cür heyvan əti yediyinə görə, virus onlar arasında daha geniş  yayılıb. Onlar o, qədər ilan yeyib ki, ilanların bədəninə xas olan xüsusiyyətlər  orqanizmlərinə keçib və ona görə də koronavirusu bu qədər ağır  keçirdirlər. Məsələn, "Erməni xəstəliyi"deyilən bir virus var ki, ona ancaq  ermənilər  yoluxur. Diqqət etsəniz  digər ölkələrdə koronavirusa yoluxan insanların hamısının Çinlə bir bağlılığı var. Çində olmayan və ya  koronavirusa yoluxan bir çinli ilə ünsiyyət qurmayan şəxslərdə  bu virus aşkarlanmayıb. Deməli, koronavirus çinlilərin spesifik qidalanması ilə bağlıdır". 



Sərdar Cəlaloğlu: “Azərbaycan səhiyyəsi koronavirusa qarşı mübarizə məqsədi ilə ayrıca bir tibb müəssisəsi yaratmalıdır”


Bu cür təhlükəli infeksiyaların həmişə yayıldığını vurğulayan S.Cəlaloğlu koronavirusla bağlı  yaşanan təşvişi həddindən artıq şişirdilmiş hesab edir: 

"1965-66-cı illərdə Avropada 20 milyon adam qrip virusundan dünyasını dəyişib.  Sadəcə cəmiyyətin böyük bir kəsimi təbabət elminə bələd olmadığı üçün infeksion xəstəliklərin  nə qədər böyük itkilərə səbəb olduğunu bilmir. Vəba epidemiyası hər il Hindistanda milyonlarla insan ölümünə səbəb olur. Volqaboyu Həştərxan vəbanın endemik zonası olduğuna görə  zaman-zaman bu virus aktivləşərək  kütləvi insan tələfatına səbəb olur. Hansı ki, xüsusi infeksiyalar üçün bütün dünya ölkələrində xüsusi təyinatlı xəstəxanalar var. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi koronavirusa qarşı mübarizə məqsədi ilə ayrıca bir tibb müəssisəsi yaratmalıdır. Karantinidə olan bütün şəxslər məhz həmin müəssisədə saxlanılmalıdır.  Təkcə hava limanları, sərhəd- keçid məntəqələrində profilaktik tədbirlər keçirmək kifayət etmir. Ölkəyə qeyri- qanuni yolla daxil olan vətəndaşlar  da bu virusu gətirə bilər". 



“İnfeksion xəstəliklərdən dünyada bioloji silah kimi də istifadə edilir”

 
İnfeksion xəstəliklərdən dünyada bioloji silah kimi istifadə edildiyini qeyd edən həkim əlavə edib ki, müəyyən ölkələrdə virusların yayılmasında maraqlı olan qüvvələr var: 

"Yayılan məlumatlarda qeyd olunub ki, virus daşıyıcısı olan bir çinli qidaların üzərinə tüpürür, nəfəsini üfürür ki, həmin yeməkləri yeyən adamlar  da yoluxsun. Bu cür təxribatların qarşısını almaq üçün sərhədlər möhkəmləndirilməli, gediş- gəliş üzərində nəzarət artırılmalıdır".
 
S. Cəlaloğlu qısa bir vaxt ərzində koronavirusun qarşısının alınacağını deyib:

“Artıq dünya ölkələrinin virusa qarşı vaksin üzərində çalışdığını vurğulayan  tibb eksperti deyib ki, digər yoluxucu viruslarla müqayisədə  bu xəstəlik mübarizə vasitələrinə tez reaksiya verir. 

O, virusla bağlı yayılan məlumatların bir növ siyasi xarakter daşıdığını  deyib: 

"Təsadüfi deyil ki, koronavirus  hay- həşirindən sonra Çin iqtisadiyyatı kəskin zərərə uğrayıb. Hətta Çin dövləti rəsmi şəkildə elan edib ki,  ABŞ bu informasiyalardan Çinə qarşı istifadə edir.  Haqsız da deyillər. Koronavirus Çində 1000 adamın ölümünə səbəb olub. Lakin  Afrika ölkələrində elə infeksiyalar var ki, milyonlarla insan tələfatına səbəb olub. Heç biri bu qədər ictimailəşdirilməyib. Çünki son illər Çin iqtisadiyyatı dünya hegemonluğu üçün  Amerika ilə ciddi rəqabət aparırdı.  Bu gün isə Çin iqtisadi blokadaya alınıb, müxtəlif ölkələr Çin mallarından imtina edir. Düşünürəm ki, əhalini təşvişə salmağa ehtiyac yoxdur. Koronavirus adi qrip virusunun bir növüdür.  Dünyada bundan daha ağır nəticələrə, milyonlarla insan ölümünə səbəb olan infeksiyalar çox olub. Narahat olmağa dəyməz. Sadəcə olaraq müvafiq profilaktik tədbirlər və ciddi nəzarət mexanizmi ilə bu virusun ölkəmizə keçməsinin qarşısını almalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu