Qazinin dəfnində izdiham yaşandı: Xalq şəhidinə bu dəfə də ehtiramını göstərdi

Vəfat edən Qarabağ qazisi Qoşqar Hacıyev dünən dəfn olunub. Mərhum Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Q.Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib. Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.



Firudin Məmmədov: “Qazilər əslində vətənin bir parçası, bir hissəsidir. Şəhidlərimiz isə tam vətənləşmiş Vətən torpağıdır”


“Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov da "Sherg.az"a açıqlamasında  deyib ki, şəhid qazimiz böyük bir izdihamla "Qurd qapısı"da hərbiçilər üçün ayrılan qəbiristanlığında dəfn  olunub: 

"Azərbaycan xalqı bu dəfə də şəhidinə öz ehtiramını və rəğbətini göstərdi. Yüzlərlə insan qazimizi dəfn  etmək üçün Heydər məscidinin  qarşısına toplaşmışdı. Cənazə namazı qılındıqdan sonra şəhidimiz üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə  dəfn olunmaq üçün "Qurd qapısı"na aparılaraq dəfn edildi. Dəfndə Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri iştirak edirdi.  Düzdür, şəhidimizin bu formada dəfn olunmasından narazı qalmadım, amma  daha təmtəraqlı  təşkil eləmək olardı.  Bizim üçün vacib olan xalqın öz şəhidinə bəslədiyi hörmətidir. Maşınların və insanların sayı hesabı yox idi. İzdihamlı bir dəfn oldu. Gənclərimiz çox aktiv iştirak elədi. Qoşqar  bu xalq  üçün özünü fəda edib. Bu Vətən, bu millət üçün digər şəhidlərimiz və qazilərimiz kimi sinəsini sipər edib. Qazilər əslində vətənin bir parçası, bir hissəsidir. Şəhidlərimiz isə tam vətənləşmiş Vətən torpağıdır. Qazilərə və şəhidlərə olan hörmət isə əslində Vətənə olan hörmətdir”.



Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu