Kremlin Qarabağ mövqeyi dəyişdi: Rusiyanın yanaşmasında ümidverici məqamlar var

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı məqamları qeyd edib. O, Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın hər zaman fəal vasitəçilik mövqeyi tutduğunu vurğulayıb. A.Rudenko bildirib ki, Qarabağ məsələsi Rusiya Prezidentinin, Xarici İşlər nazirinin daim diqqət mərkəzindədir:

“Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək qeyd-şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir”.

Rudenko xatırladıb ki, Rusiyanın birbaşa köməyilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs haqqında sazişi var:

“Bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir".



Tofiq Abbasov: “Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, dolayısı ilə Ermənistanın yadına salır ki, bir az məsuliyyətli olmaq və prosesə ciddi yanaşmaq lazımdır”


A.Rudenkonun ifadələrində ümidverici məqamlar olduğunu deyən politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, nazir müavininin verdiyi açıqlama daha çox Ermənistan tərəfə aiddir.

Politoloqun sözlərinə görə, buna baxmayaraq diplomatlar bütün həqiqətləri çılpaqlığı ilə ortaya qoymurlar:

“Ermənistan bütün prosesi ləngitməyə çalışır. Təsadüfi deyil ki, Rudenko bu açıqlamasından sonra məhz Ermənistan mətbuatı, xüsusilə Ermənistanın rəsmi dairələri- Nikol Paşinyanın ətrafında qulluq edən media mənsubları bir qayda olaraq onu tənqid edirlər. Belə qənaətə gələ bilərik ki, Amerika adını çəkməsə də Ermənistanı əslində dəstəkləmir, əksinə onu məsuliyyətə çağırır və bildirir ki, əgər bir tərəf danışıqlara cəhd göstərirsə, deməli siz də buna adektvat cavab verməlisiz. Rusiya diplomatları bunu hamıdan yaxşı bilirlər. Ona görə də Rudenko yada salır ki, 2016-ci il aprel döyüşlərində Rusiyanın vasitəsi ilə Azərbaycanın hücumu dayandırıldı. Baxmayaraq ki, bu zaman ermənilər yalandan elə mənzərə yaratdılar ki, guya onlar əks hücmuma keçirdilər. Lakin belə bir hal olmayıb. Əksinə Azərbaycan qoşunları çevik bir tərzlə böyük irəliləyiş əldə etdilər və Rusiyanın müdaxiləsi nəticəsində atəşkəs rejimi bərpa olundu. Ermənilər vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif ideyaları səsləndirirlər, amma Azərbaycan öz üstünlüyünü realizə etməklə 2016-cı ildə Ermənistana dərs verdi və müəyyən əraziləri azad etdi. Bu gün biz Cocuq Mərcanlıya gedib-gəlirik və orada həyat bərpa olunub”. 

T.Abbasov qeyd edib ki, A.Rudenko verdiyi açıqlama ilə Ermənistanın adekvatlıq göstərməsi və ciddilik nümayiş etdirməsini bəyan edir:

“Çünki bunu etməsələr, vəziyyət gərgin ola bilər. Sözsüz ki, Rusiyanın həmsədrlər çərçivəsində üstünlüyü var. Coğrafi baxımdan Rusiya münaqişə bölgəsinə yaxındır.  Digər tərəfdən hələ 1994-cü ildə sülh protokolunun imzalanması ilə Rusiyanın üstünlüyü var. Bunlar ondan xəbər verir ki, Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, dolayısı ilə Ermənistanın yadına salır ki, bir az məsuliyyətli olmaq və prosesə ciddi yanaşmaq lazımdır. Bu olmasa, nəinki nəticə əldə olunmayacaq, həm də böyük faciələr yaşanacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu