Rəsulzadənin “Açıq söz”ü... - Qəzet istiqlal amallı mətbu orqanların yaranmasına təkan verdi

Öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq da Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatına təsir edən “Açıq söz” qəzeti istiqlal amallı mətbu orqanların yaranmasına təkan oldu. 1915-ci il oktyabr ayının 2-də ilk sayı işıq üzü görən bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman" və "tatar" sözlərindən "xilas" edərək "türk" sözü ilə dəyişdirdi. 

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, qəzetin ilk sayı Məhəmməd Əli Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam" mətbəəsində nəşr olunub: “Açıq söz" qarşıya qoyduğu məqsəd və məramı ilk sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı: “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsiri olduğunu isbat etdi". "Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə heyrət qarışıq bir cümlə indi bir çox ağızlarda eşidilməkdədir. Özlərinin lüzumunca bilib də istiqlal üçün müəyyən bir ideal məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvə təşkil edir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər". 

“Açıq söz” ilk sayında xalqı milli varlığını qorumağa, haqq-hüquqlarını tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl" ətrafında birliyə səsləyirdi. Qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə nəticələnəcəyi qənaətində idi. Çarizmin Qafqazdakı senzor komitələrinin nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqarının birlik və inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm", "pantürkizm"dən uzaq olan “Açıq söz”ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən doğurdu. Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni
muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr barəsində yazılar dərc edirdi. “Açıq söz”ün maraqlılığında, mövzu
rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin, Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri olub. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət görürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görüb, yurdsuz-yuvasız qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da keçirirdi. 1918-ci il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə yanvarın 19-nun “Əsirlər günü” elan olunması barədə məlumat verərək yazırdı ki, “Bakıda əsir və möhtaclar üçün libas, yorğan-döşək toplanılacaq”. Yazıdan bəlli olur ki, şəhər bir neçə məhəlləyə bölünəcəkdir, hər məhəlləyə isə müəyyən olunmuş səlahiyyətli şəxslər təyin olunmuşdur. Bu şəxslərin səhər tezdən ianə və əşya toplayacağını bəlli edən məqalə müəllifi yazır: "Bu, otuzu-qırxı bir yerdə ölən Nargin əsirləri üçündür. Əsirlərə qarşı şəfqət və mərhəmət hissi bizdən bunu tələb edir. Bu gün mərhəmət kisələri genis açılsın, üzərimizə açılan əllər boş qaytarılmasın”.

Müəllif vurğulayıb ki, Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun “Kaspi” elektrik mətbəəsini alaraq “Açıq söz”ün mülkiyyətinə çevirdilər və burada ilk toplu olaraq "Qardaş köməyi" dərgisini nəşrə hazırladılar: “Bu dərginin satışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüş insanlara verilməsi nəzərdə tutulub. Dərgi barəsində M.B.Məhəmmədzadə yazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralın başında çıxmalı ikən, sonra çıxdı". Yalnız bir saydan ibarət olan dərgidə Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.Köçərli C.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərin müharibənin xalqların, o cümlədən türk xalqının taleyinə gətirdiyi faciələrə həsr etdikləri əsərlər çap olunub. Hüseyn Cavid "Hərb və fəlakət" əsərində müharibənin törətdiyi dəhşətlərə ədəbi münasibət bildirir, türk millətinin yaşadığı acıları, günahsız insanların ağrılarını qələmə alırdı. Böyük ədib bu əsəri ilə Azərbaycan xalqının tarixi kökünə varır, milli təfəkkürün tərkib hissəsi olan türkçülük ideyasını cəmiyyətə çatdırırdı. Ömər Faiq Nemanzadə "Bən kiməm" məqaləsində türkləri mübarizələrlə, qəhrəmanlıqlarla dolu tarixi keçmişindən ibrət götürməyə çağırırdı: "Ey Türk! Keçmişindən ibrət al! Hələ vücudun sağlam ikən, yaşamağa istedadın varsa, fürsət əldə ikən əsl vücudunu tam, qədrini anla!". "Qardaş köməyi" dərgisinin daha çox satılıb, xeyli miqdarda pul
toplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Qəzetin 1918-ci il 2 yanvar sayında "Qardaş köməyi"nin Bakıda 1 manat 30 qəpiyə, ayrı-ayrı şəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqda verilən elandan bəlli olur ki, bu işi həyata keçirənlərin əsas məqsədi Anadolu köçkünlərinə, Sarıqamışda, Ərzurumda əsir götürülən türk əsirlərinə daha çox maddi kömək göstərməyə nail olmaq üçün dərginin daha çox satılmasıdır”. "Açıq soz"ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara kömək" qəzetinin dərc olunması barədə də məlumat var. Bakıda təsis edilmiş "Möhtaclara kömək" Cəmiyyətinin təsis etdiyi bu mətbu orqanın da əsas məqsədi Birinci Dünya müharibəsində ev-eşiksiz qalmış, döyüş meydanlarında əsir götürülmüş türklərə kömək edənlərin fəaliyyətini qiymətləndirmək idi. Çox təəssüf ki, "Açıq söz" mətbəəsində çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür. 

İstiqlal və azadlıq duyğularını tərənnüm edən mətbu orqanlar fəaliyyətlərini genişləndirdikləri kimi ölkənin ictimai-siyasi təşkilatları da fəallıqlarını artırırdılar. Müsavat Partiyasının 1917-ci il oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən qurultayı yerli mətbu orqanların da əsas mövzusuna çevrildi. "Türk-ədəmi mərkəziyyət - Müsavat" firqəsinin orqanı olan, həftədə bir dəfə işıq üzü görən “Müsavat”ın şüarı "insanlara hürriyyət, millətlərə müsavat" idi. “Müsavat” qəzeti qurultaya hazırlıq prosesi, onun gedişini işıqlandıran xeyli sayda materiallar dərc etmişdi. Qurultayda Nəsib bəy Yusifbəylinin Gəncədə hələ mart ayında yaratdığı "Türk ədəmi-mərkəziyyət" firqəsi ilə Müsavat Partiyası birgə işlənmiş proqram, vahid ideya ətrafında birləşdi. "Müsavat" firqəsinin siyasi nöqteyi-nəzəriyyəsini, hadisələrə baxışını işıqlandıran "Açıq söz" qəzeti 1918-ci il 4 yanvar tarixli sayında oxuculara üz tutaraq yazırdı: “Dövri-hürriyyət” gəlincə Ədəmi-Mərkəziyyət qoşa: "Xalq cümhuriyyəti-muxtariyyat şüarları ilə sözdə qalmayıb işə keçməsini görmək 1918-ci ilin proqramını təşkil edir”.  

A.Aşırlı bildirib ki, millət və muxtariyyatdan bəhs edərkən "Açıq söz" “hökumət də xalqa, torpaq da xalqa" ideyasını irəli sürürdü: “M.B.Məhəmmədzadə Azərbaycan xalqının, onun mətbuatının formalaşmasında "Açıq söz" qəzetinin rolu barəsində "Milli Azərbaycan hərəkatı" kitabında yazır: "Açıq söz" bu xəbərdarlıq və bu qayə ilə milləti oyatmağa başlayıb. 1917-ci ilə doğru Azərbaycanda xüsusi bir "Açıq söz"çü nəsli yaranıb". "Açıq söz"ün sonuncu sayının nə vaxt çıxması barədə müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə (Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965) qəzetin 1918-ci il mart ayında sonuncu - 704-cü sayının çapdan çıxdığı göstərilir. Ancaq qəzet 718-ci sayında özündən asılı olmayaraq çapında fasiləyə yol verdiyi üçün oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik birləşmələrindən 1918-ci ilin sentyabr ayının 15-də azad olduqdan sonra "Açıq söz" yenidən nəşrini bərpa edib. 1984-cü ildə çap olunmuş "Azərbaycan dövri mətbuatı. 1832-1920" adlı biblioqrafıyada "Açıq söz"ün 724 nömrəsinin çıxdığı göstərilir. Mətbuat araşdırmaçılarının apardığı statistikaya görə isə bu mətbu orqanın fəaliyyəti müddətində 750 nömrəsinin işıq üzü gördüyü ortaya qoyulur. "Açıq söz"ün naşir və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədəli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər və Abuzər Orucov qardaşları olub”. 

Tədqiqatçı deyib ki, “Açıq söz”ün ilk sayının çapından, yəni 1915-ci il oktyabrın 2-dən sonra Azərbaycanda xeyli sayda yeni mətbuat orqanları da nəşr olunmağa başlamışdı: “Doğru söz”, "İttifaqi-mütəllimin", "Müsəlmanlıq", "İttihad", İrəvanda nəşr olunan "Bürhani-həqiqət" yeni nəşrlər idi. "İttifaqi-mütəllimin" 1917-ci ildə mayın 6-da ilk sayı işıq üzü gördü. Bu qəzet Bakı müəllimlərinin qurultayında təsis olunub, qısa fəaliyyət göstərib və bağlanıb. 1917-ci ildə nəşr olunan "Müsəlmanlıq" qəzeti "Rusiyada müsəlmanlıq firqəsinin “naşiri-əfkarı" idi. Ceyhun Hacıbəylinin çıxardığı “İttihad” qəzeti bu firqənin orqanı olduqdan sonra qapanıb. Ceyhun bəy Hacıbəylinin redaktoru olduğu “İttihad” qəzeti müsəlman həmrəyliyini önə çəkir, ölkədə baş verən proseslər barəsində yazılar çap edirdi. 1918-ci il 31 mart soyqırımı zamanı erməni-bolşevik birləşmələri tərəfindən redaksiyası dağıdılmış, fəaliyyətinə son qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində nəşri bərpa olunmuş, fəaliyyətinin ikinci dönəmi "İttihad" firqəsinin sədri Qarabəy Qarabəyov tərəfindən həyata keçirilmişdir. Birinci Dünya müharibəsi dönəmində sosialistlərin və eserlərin də mətbu orqanları çap edilirdi. "Hümmət" qəzeti 1917-ci il oktyabr inqilabından sonra nəşrini davam etdirmişdi, eserlərin isə "Zəhmət sədası" adlı qəzeti fəaliyyətə başlayıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu