Subay qızlar evli kişilərin "tor"una düşür – SEVGİ HİSSİNDƏN SUİ-İSTİFADƏ



Sonra da həmin kişilər o qadınların hisslərindən sui-istifadə edərək, qucağına bir uşaq qoyub, gələcəyini də təhlükə altına atıb qaçırlar



Rayondan oxumağa gələn qız evli kişi ilə eşq yaşayıb, övlad dünyaya gətirib. Lənkəranın Kərgəlan kəndindən İsmayılov Elşən Novruz oğlu və Balakən rayon Kortala kəndindən olan qız 2017-ci ildə tanış olublar. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. 2018-ci ildə uşaq doğulub. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. Tələbə qız uşağı Balakən rayonunda dünyaya gətirib.

Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.

Əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib: "Universitetdə oxuduğum müddətdə məni qaçırdıb. Ondan bir uşağım var. İndi yoxdur, məni qoyub gedib. İstəyirəm, gəlib uşağına atalıq etsin. Hamilə olduğumu bildikdən sonra məni atdı. Mənə evli olduğunu deməmişdi. Özü haqqında hər şeyi yalan demişdi. Bilsəydim evlidir, onunla bərabər olmazdım". Tələbə qızın evli kişidən uşaq doğması tamaşaçılar və ekspertlər tərəfindən hiddətlə qarşılanıb. 



Mehriban Zeynalova: “Qanunvericilikdə buna dair hər hansı cinayət statusu müəyyən edilmir. Hesab edirəm ki, yaxın illərdə qanunvericilikdə müəyyən dəyişikliklər olacaq" 


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq"ə açıqlamasında deyib ki,  evli kişilər subay qızların etibarından sui-istifadə edir: 

"Kimlərinsə etibarından, hisslərindən sui-istifadə etmək, onu inandırmaq, həyatına müdaxilə etmək və gələcəyini təhlükə altına qoymaq bu, böyük bir cinayətdir. Təəssüflər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, ümumiyyətlə, qanunvericilikdə bu cür mənəvi dəyərlər baxımından hər hansı cinayət statusu yoxdur və müəyyən edilmir. Bu isə geniş yayılmış bir məsələdir. Hesab edirəm ki, yaxın illərdə bu problemlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq". 

Konkret məsələyə gəldikdə isə M.Zeynalova deyib ki, qızın azyaşlı olmasına görə, həmin adam birmənalı olaraq məsuliyyətə cəlb olunmalıdır:

"Deyək ki, bu qız uşaq olub. Həmin adam bunun başını aldadıb. Lakin 25-30 yaşlı xanımlarımız belə bəzən tanımadıqları adamlarla münasibətdə olub, sonradan böyük bir xəyal qırıqlığı və məyusluq yaşayırlar. Bizə müraciət edənlər qadınlar olub. Onlardan necə tanış olduqlarını soruşmuşuq ki, məsuliyyətə cəlb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edək. Dayanıb üzümüzə baxırlar ki, haqqında heç nə bilmirəm. Hesab edirəm ki, qızlarımız tanış olduqları adamla münasibətdə diqqətli olmalı, onların "tor"una düşməməlidirlər. İnandırım sizi, qızların çoxu sevgili olduqları adamın evli olmasından xəbərsiz olur.  Bəzən isə qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu