Özəl xəstəxanalar da “şirinlik” bəlasına bulaşıb: Günahın yarısı həkimdədirsə, yarısı da özümüzdədir

Azərbaycanda ödənişsiz səhiyyə xidmətinin mövcud olduğuna inandırmağa çalışsalar da, insanlarımız “şirinlik” sindromundan xilas ola bilmir. İş o yerə çatıb ki, özəl klinikada müayinə olunan, doğuş edən  pasiyentlər “şirinlik” istəməyən həkimə “birdən yaxşı yoxlamaz” düşüncəsilə könüllü rüşvət verir.  Deyək ki, dövlət xəstəxanalarında rüşvətə geyindirilən “don” tibb işçilərinin əməkhaqlarının aşağı olması ilə bağlıdır. Bəs özəl xəstəxanada həkim qəbulunda olan xəstələrdə bu "şirinlik" hobbisi nədən qaynaqlanır. Qeyd edim ki, mövzuya toxunmağımız səbəbsiz deyil. 

Sosial şəbəkədə qadın qruplarının birində bu məsələ ciddi müzakirə olunub. Dünyaya uşaq gətirməyə hazırlaşan bir istifadəçi  belə bir post açıb: 

"Xəstəxanadan çıxanda həkiminizə  nə hədiyyə vermisiniz? (Gül, tort yoxsa şokolad və s.) Rəy yazan istifadəçilərin isə böyük əksəriyyəti  həkiminə hədiyyə əvəzi pul verdiyini  deyib. Yalnız bir neçə ağlı başında  istifadəçi kassaya 1000-1500 manat ödədiyi halda hədiyyə verməyin absurd olduğunu yazıb: 

"Niyə verilməlidi ki? Pulsuz xidmət göstərirlər? Nə qədər analizlərə, doğuşa pul tök, kassaya filan qədər pul keçiririk, üstəlik də pul  verməliyik?"

Maraqlıdır,cəmiyyətin icbari tibbi sığortaya inamla yanaşdığı, dövlət xəstəxanalarında belə rüşvətin kəsiləcəyinə ümid etdiyimiz bir vaxtda bir qrup insanlar israrla rüşvət bəlasına "şirinlik" adı altında özəl xəstəxanaları da  bulaşdırır. 



Sosioloq: “Dövlət xəstəxanasında çalışan həkimə 10 manatı qıymayan insanlar, özəldə işləyən həkimlərə qarşı yetərincə comərd olur”


Sosioloq  Lalə Mehralının sözlərinə görə, özəl xəstəxanalarda həkimlərə bahalı ətirlər alıb, gül buketi bağladanlar, zərfin içində 150-200 manat pul verənlər dövlət xəstəxanalarında çalışan həkimlərin cibinə 10 manat qoymağı rüsvayçılıq, qanunazidd hesab edirlər: 

"Özəl xəstəxanalarda tələb olunan qiymətlər onsuz da hədindən artıq bahadır. Doğuş üçün tələb olunan 1000- 1500 manatın qarşılığında təbii ki, həkim və xəstəxananın tibbi personalı sənin başına pərvanə olmalıdır. Orada yaradılan rahat şərait, yüksək xidmət, mehriban davranış üçün həkimə  əlavə pul verməyə ehtiyac belə qalmır. Dövlət xəstəxanalarında 250 manat maaşa işləyən həkimə də o qədər pul versəniz  eynən özəldəki kimi yüksək xidmət görərsiniz. Həkim həkim, rüşvət də rüşvətdirsə, özəl və ya dövlət olmasından asılı olmayaraq bütün xəstəxanalarda eyni mahiyyət daşıyır.  Xəstəxanaya ödədiyi məbləğdən əlavə kimsə həkiminə hədiyyə vermək istəyirsə, burada qəbahətli bir şey yoxdur. Kiminsə ürəyindən keçirsə, etsin. Problem odur ki, dövlət xəstəxanasında çalışan həkimə 10 manatı qıymayan insanlar, özəldə işləyən həkimlərə qarşı yetərincə comərd olur. Özəl xəstəxanalardakı yüksək xidmət və şəraiti inkar etmirəm, lakin  kassaya ödənilən 1500 manatı dövlət xəstəxanasındakı  həkimə "şirinlik" kimi paylasaq, həmin diqqət və qayğını görərik. Hansı özəl xəstəxana pulsuz xəstəni qəbul edər?! Dəfələrlə şahidi olmuşuq ki, ölüm ayağında olan xəstəni belə ödəniş almadan müayinə etmirlər. Ən azından dövlət xəstəxanaları o qədər yüksək olmasa da  əlindəki imkanlar daxilində bütün xəstələri müayinə edir". 

Sosioloq hesab edir ki, Azərbaycanın bütün region və xəstəxanalarında icbari tibbi sığorta sistemi tətbiq edilsə belə, səhiyyə sistemində özünə dərin kök salan "hörmət", "şirinlik" məsələsi aradan qalxmayacaq: 

“Cənab Prezident də öz çıxışlarında qeyd etdiyi kimi rüşvət alanlarla verənlər eyni dərəcədə məsuliyyət daşıyırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu