Rəsmi Bakı düşmənə zaman tanımamalıdır: Paşinyan sərsəm bəyanatlar verməklə manevr edir - AKTUAL

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə sərsəm bəyənat səsləndirib. Paşinyan guya yenilik edərək Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib:

“Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək. Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma bizim təhlükəsizlik haqqında danışdığımızı anlamaq çox vacibdir”.

Paşinyan qondarma Qarabağ rejiminin güzəştlərə hazır olmadığını söyləyib:

“Qarabağ dünyanın başqa ölkələri kimi öz təhlükəsizliyini güzəştə getməyə hazır deyil. Hansı ölkə öz təhlükəsizliyini güzəştə getməyə hazırdır? Situasiyanın həlli təhlükəsizliyə zəmanətlə bağlı ola bilər”.

Erməni baş nazir yenidən Madrid prinsiplərinə zidd bəyanatlarını təkrarlamağa və öz bəyanatına haqq qazandırmağa davam edib:

“Əslində “Qarabağ – Ermənistandır və nöqtə” bəyanatının çox sadə açıqlaması var. Biz dedik ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qəbul edəcəyik. Ermənistan Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. İrəvan Azərbaycan tərəfindən danışıqlar prosesində heç bir konstruktiv addım görməyib”.



Natiq Miri: “Hər kəs əlini daşın altına qoyaraq suala cavab tapmalıdır. Yoxsa Paşinyanın sərsəm bəyənatlarını təhlil edib, həm özümüzü, həm də Azərbaycan xalqını aldadırıq”


Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, bu gün inqilabçı Paşinyan hakimiyyətinin Qarabağla bağlı mövqeyi demək olar ki, dəyişməzdir.

Analitikin sözlərinə görə, ermənilər birmənalı olaraq Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirlər ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun ölkəmizə qaytarılmasından söhbət gedə bilməz:

“Paşinyanın çıxışında vermək istədiyi mesaj budur. Bütün bunların qarşılığında “Azərbaycan dövləti nə edir?” sualı bizi daha çox maraqlandırmalıdır. Bu cür iddiada və siyasətdə olan bir erməni hökuməti ilə masa arxasında hansı prinsipləri danışmaq mümkündür?”.

Paşinyan hakimiyyətinin zaman qazanmaq istədiyini diqqətə çatdıran N.Miri vurğulayıb ki, Paşinyan həm erməni ictimaiyyəti, həm də hökmətə qarşı olan müxalif qüvvələr və hakimiyyəti devirmək istəyən Kreml qarşısında çox çətin bir vəziyyətdədir:

“Bəs belə sərsəm bəyənatlarla manevr etmək istəyən Paşinyan hökümətinə niyə bu zamanı qazandırırıq? Dünənə kimi “Azərbaycana güclü ordu və təchizat lazımdır” açıqlamaları dünya tərəfindən qəbul olunurdu. Amma bu gün qüdrətli bir Azərbaycan ordusunun güclü təchizatı varkən, niyə Dağlıq Qarabağ və ətrafındakı ərazilər azad olunmur? Təəssüf ki, sual var, cavab yoxdur. Hazırda bütün siyasətçiləri, politoloqları, siyasi partiyalar və siyasi çevrələri, hətta məmurları yalnız bu sual düşündürməlidir. Hər kəs əlini daşın altına qoyaraq suala cavab tapmalıdır. Yoxsa Paşinyanın sərsəm bəyənatlarını təhlil edib, həm özümüzü, həm də Azərbaycan xalqını aldadırıq. Artıq bu cür aldatmaları saxlamaq və sualın cavabını tapmaq, torpaqlarımızı azad etmək zamanı gəlib. Yoxsa Dağlıq Qarabağ məsələsi Fələstin-İsrail münaqişəsi kimi illərlə davam edəcək, hələ də yalançı danışıqlarda tərəf olaraq iştirak edəcəyik. Eyni zamanda gəlib-gedən, bir-birini əvəz edən sərsəm erməni xülyaçılarının açıqlamalarına şərh verməyə davam edəcəyik. Dağlıq Qarabağ yaddan çıxarılır. Bu günkü yeniyetmələr Qarabağın suyunu, havasını və tarixini bilmirlər. Təəssüf ki, bu faciə ilə yaşamaq məcburiyyətindəyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu