Qənaət hər evdən başlamalıdır: Bakıda elə yerlər var, avtomobillər içməli su ilə yuyulur



Dünyanı hərəkətə gətirən su problemi Azərbaycanda da geniş müzakirəyə çıxarılmalıdır



Dünya su qıtlığı təhlükəsi ilə üz-üzədir. Alimlər su qıtlığının əsas səbəblərindən biri kimi qlobal istiləşmə, təbiətdəki kataklizmləri göstərirlər. Təbii ki, su qıtlığında ən böyük səbəbkarlardan biri də biz insanlarıq. Heç fərqinə varmışıqmı, gün ərzində neçə litr su istifadə edirik? Daha doğrusu, neçə litr suyu israf edirik?! Xanımlarımız ev işləri görərkən, qab-qacaq, pal-paltar yuyarkən su kranını bəlkə də saatlarla açıq halda saxlayır, su da, həm də içməli su boşuna axıb gedir. Məişətdə texniki sudan istifadə edilməsi məsələsi də daim müzakirə olunan mövzudur, nə yazıq ki, bu problem həllini tapmır ki, tapmır.

Hətta olması gərəkməyən hallar baş verir. Məsələn, paytaxtın Şüvəlan qəsəbəsində “QRES” adlanan ərazi var. Oranın sakinlərinə günün 24 saatı – daimi texniki su verilir. “QRES” sakinləri içməli – şirin suyu həyətlərə gələn su maşınlarından satın alırlar. Təsəvvür etmək heyrətlidir; 21-ci əsrdə içməli suyu satın alasan. “Ümumbəşəri” su qıtlığı yaşansaydı, buna adi baxmaq olardı. Amma Afrika ölkələrindən fərqli olaraq, şükür Allaha, Azərbaycanda belə fəlakət yaşanmır. Deməli, ərazinin su ilə təchizatında nəsə problem var. Və bu problemlə də kimsə məşğul deyil. Fəqət, paytaxtın elə yerləri var ki, orda avtomobillər içməli su ilə yuyulur. Xalça-palaz, qab-qacaq və sair məişət əşyaları da o cümlədən. Azərbaycan su qıtlığı çəkmir. Amma dünya ümumi evimizdir. Qonşudakı “yanğın” bir gün bizə də keçə bilər. Bunu indidən düşünüb qabaqlayıcı tədbirlər görülməlidir.

Qardaş Türkiyə su qıtlığı önləmləri almağa başlayıb artıq. Bu ölkədə su israfına qarşı sosial layihələr gerçəkləşdirilir. Bələdiyyələr bu işdə daha aktivdir. Axar çayların quruduğu bölgələrin bələdiyyə başqanları, digər yetkililər əhalı arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayır. Diqqət çəkən məsələlərdən biri də su israfına qarşı sosial çarxların efirlərdə yayımlanmasıdır. Hətta “ağıllı” su kranları da reklam edilir; əlini suya tərəf aparanda su axır, əlini çəkirsən, su  dayanır.  

Azərbaycandakı, o cümlədən paytaxtdakı durumu isə yuxarıda qeyd etdik. Bizim bələdiyyələr, “Allah eləməsin” bu kimi məsələlərə baş qoşsun. Bizim bələdiyyələrin “işi” torpaqladı. Əkib-becərmək anlamında yox, təbii. Kim ev tikir, kim evini uçurur, ev, torpaq sahəsi pulu yığmaq... 



Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, su israfına qarşı layihələr başlatmazdan öncə, əhalinin içməli, təmiz su ilə daimi təminatına nail olunmalıdır:

- Mən Avropa ölkələrində səfərlərdə olarkən, içməli suya necə qənaətlə yanaşıldığını müşahidə etmişəm. Konkret Çexiyada, qızıma qonaq olduğum vaxtlarda, günüm “qara olur”.  Öyrəşmişik axı, suyu şarhaşar axıdaq. Qızım mənə irad bildirir ki, ana, suyu boşuna axıtma. Bu həm suyun israf olunmaması üçündür, həm də suyun qiyməti orda bahadır. Avropada suyun qiyməti bizdə olduğundan qat-qat bahadır. Amma məsələ təkcə bu deyil. Su həm də ona görə bahadır ki, əhaliyə təmiz, keyfiyyətli su verilir. Kimsə bunu əlində bayraq etməsin ki, “görürsüz, Avropada su necə bahadır?!”. Suyun qiyməti keyfiyyəti ilə mütənasibdir. Bizdə isə fərqli situasiyadır. Heç paytaxtımız bütünlüklə daimi içməli su ilə təmin olunmur. Bakıda da su qıtlığı var, bölgələrdə də. Şəkinin Oğuza yaxın kəndlərində əhali su qıtlığından əziyyət çəkir. Oğuz-Qəbələ-Bakı su kəməri nə paytaxtın, nə də bölgələrin su problemini həll etmədi. Halbuki, bu kəmər çəkiləndə deyirdilər paytaxt da, bölgələr də fasiləsiz içməli su ilə təmin ediləcək. Bu olmadı. Öhdəlik yerinə yetirilmədi. Üstəlik, çayların yatağı da qurudu, yeraltı çaylar istiqamətini dəyişdi. Çünki layihə düzgün icra olunmadı, alternativlər gözdən keçirilmədi. Əvvəlcə, əhalini fasiləsiz təmiz, keyfiyyətli su ilə təmin etsinlər, sonra israfçılığa qarşı layihələrə başlamaq olar. Əhaliyə keyfiyyətli, daimi su verilmirsə, hansı “israfçılıq”dan danışırıq? Bir tərəfdən deyirlər əhaliyə verilən su filtrdən keçirilir, təmizlənir, keyfiyyətlidir, bir tərəfdən su filtri satan şirkətlər əhalini dəng edib. Qapı-qapı düşüb su filtrləri satmağa çalışırlar. Son zamanlar bundan nə qədər yazılır, vətəndaşlar şikayət edir ki, su filtrləri reklam edən, satmağa çalışanlar icazə oldu-olmadı evlərə girir. İnsanları narahat edirlər. Başa düşmürəm, bu nə deməkdir? Kiminsə marağındadır ki, su keyfiyyətsiz, çirkli olsun, onların hardansa ölkəyə gətirdikləri sutəmizləyici aparatlar satılsın?! Bir tərəfdən suyu çirkləndirirlər, bir tərəfdən də su filtrləri satırlar?! 

M.Qəhrəmanlı bildirdi ki, içməli su və su təchizatı ilə bağlı konkret dövlət siyasəti olmalıdır: 

- Birincisi, su kateqoriyalara bölünməlidir. Keyfiyyətli, təmiz və daimi verilən suyun dəyəri, keyfiyyətsiz və fasilələrlə verilən suyun dəyərindən fərqlənməlidir. Texniki suyun qiyməti də fərqli olmalıdır. Məsələn, dəniz platformalarında texniki sudan istifadə olunur. Orada “OSMOS” su təmizləyici qurğuları var. Amma orda da bəzən bu qurğulardan düzgün istifadə edilmir.  Texniki suyun istifadə edilə biləcəyi yerlər dəqiq müəyyənləşməlidir. Mən Avropa şəhərlərində parkların, yaşıllıqların vaxtaşırı sulandığını görmüşəm. Amma bunun üçün texniki sudan istifadə etmirlər, çünki belədə yaşıllıqlar, ağaclar məhv olar. Yaşıllıqlar da yararlı su ilə sulanır. Bələdiyyələr də, müəssisələr də sudan qənaətlə istifadə edir. İstifadə etdikləri suyun pulunu da ödəyirlər. Bizdə tamam fərqli vəziyyətdir. Kim harda istədi, si kranı qoyur, nə vaxt istədi suyu açıq, nə vaxt istədi bağlayır. Elə bölgələr var, orada bulaqlar özəlləşdirilib, konkret insanlar tərəfindən hasara alınıb, mehmanxana, əyləncə mərkəzləri sahəsinə “daxil edilib”. Su ehtiyatları ilə bu cür davranmaq olmaz. Su ehtiyatlarına, su israfına nəzarət zəifdir. Bulaqlar, şirin sulu çaylar dövlət nəzarətinə alınmalıdır. Su problemi geniş müzakirəyə çıxarılmalıdır. Elə olmasın ki, dövlət orqanları hərəsi yanına bir “QHT” alıb özünə sərf edən layihələrin icrasına başlasın. Su problemi çox ciddi məsələdir və bununla ən yüksək səviyyədə ciddi məşğul olmaq lazımdır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu