Ankaranın niyyəti: Türkiyə yeni köç dalğasının qarşısını almağa çalışır

 

“Əsəd rejiminin İdlibi tutması halında bir neçə milyon köçkünün Türkiyəyə sığınması gözlənilir”



“Suriya rejiminin başçısı Bəşər Əsədin Moskvanın dəstəyi ilə hakimiyyətdə qalması heç kimə sirr deyil”. Bunu “Şərq”ə açıqlamasında politoloq Azər Qasımov deyib. Suriya böhranı ilə bağlı Türkiyə-Rusiya danışıqlarını şərh edən siyasi şərhçi bildirib ki, Ankaranın Əsədi istəməməsi hələlik heç nəyi dəyişmir: 

“İdlib Suriya probleminin açar nöqtəsidir. İstər Türkiyə, istərsə də Suriya üçün bu həqiqətdir. Suriya problemi ilk olaraq Hələb şəhərində rejimə qarşı etirazlarla başlasa da, ilk olaraq İdlibdə rejimin etirazçılara atəş açması və itkilərin olması ilə başladı. Bəşər Əsədin hazırkı şəraitdə bütün Suriya xalqını idarə etmək, onları yenidən bir dövlət altında birləşdirmək gücü yoxdur. Suriya daxilindəki qarşı-qarşıya gələn tərəflər yüz minlərlə insan itkisini yaxın illər ərzində biri-birlərinə bağışlaya bilməzlər. Bu baxımdan tərəflər arasında səmimi anlaşma mümkün görünmür. Suriya daxilində razılaşmanı yeni dövlət başçısı və konstitusiyanın qəbul edilməsi ilə mümkün ola biləcək xüsusi idarəçiliyə malik bölgələrin olması edə bilər. Bu məsələyə Suriyanın ərazi bütövlüyü çərçivəsindən yanaşmaq lazımdır”. 



“Ona görə də Türkiyə İdlibə həddən artıq hərbi güc yığmaqla bu məsələnin onlar üçün ölüm-qalım məsələsi olması mesajını Əsəd rejiminə və dolayısı ilə Moskvaya vermək istəyir"


A.Qasımovun fikrincə, həm Ankara, həm də Moskva bunu istəyir, amma məsələ o qədər də sadə deyil: 

“Suriya problemi iştirakçıların çoxtərəfli olması baxımından mürəkkəbdir. Tərəflərin hər birinin üzdə nə deməsindən asılı olmayaraq hər kəsin öz maraqları var. Bu baxımdan hesab edirəm ki, problemin həllinə hansı tərəfin güclü olması təsir edəcək. Əlbəttə, bu, məsələyə dar çərçivədən baxışdır. Suriya problemi yeni dünya düzənində beynəlxalq güclərin “demokratiya”, “söz azadlığı” adı altında xalqların “azad və demokratik cəmiyyətdə yaşaması” üçün baş verən inqilablar fonunda meydana çıxıb. Əslində mahiyyət etibarı ilə Yaxın Şərqin zəngin təbii ehtiyatları və əraziləri üzərində arxa planda gedən mübarizənin tərkib hissəsidir. Belə olan halda bu güclərin istəyinin əksinə hansısa razılaşmanın olması mümkünsüz görünür”. 

Analitikə görə, Türkiyənin hazırda əsas məqsədi yeni köç dalğasının qarşısını almaqdır: 

“Əsəd rejiminin İdlibi tutması halında bir neçə milyon köçkünün Türkiyəyə sığınması gözlənilir. Bu da Türkiyə iqtisadiyatının qaldıra bilməyəcəyi yükdür. Ona görə də Türkiyə İdlibə həddən artıq hərbi güc yığmaqla bu məsələnin onlar üçün ölüm-qalım məsələsi olması mesajını Əsəd rejiminə və dolayısı ilə Moskvaya vermək istəyir. Hesab edirəm ki, Türkiyə və Suriya rejimi arasında çox da irimiqyaslı qarşıdurma olmayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu