Uşaqlar arasında su çiçəyi yayılıb: Xəstələr klinikalarda yox, ev şəraitində müalicə olunmalıdır



Uşaqda səpki əmələ gəlibsə, mütləq həkimə müraciət edilməlidir



“Son aylar yayılmış viruslardan xilas olmamış, indi də su çiçəyi yayılıb. “Səpki” deyib keçməyin, uşaqları həkimə göstərin”. Bu xəbərdarlığı pediatr Vaqif Qarayev sosial şəbəkə üzərindən paylaşıb. 

“Şərq”ə açıqlamasında isə pediatr uşaqlar arasında su çiçəyinə yoluxanların sayında son günlər artım müşahidə edildiyini dedi:  

- Son vaxtlar uşaqlar arasında su çiçəyi yayılıb. Bunu sosial şəbəkədəki paylaşımlardan bilmək olur. Valideynlər səpkili uşaqların fotolarını paylaşırlar. Bu vəziyyətdə valideynlər diqqətli olmalıdır. Su çiçəyi də yoluxucu xəstəlikdir. Ona görə də ilk növbədə, uşaqların tibb müəssisələrinə, poliklinikalara, klinikalara aparılması  məhdudlaşdırılmalıdır. Ümumiyyətlə qayda belədir ki, yoluxucu xəstəliklər artırsa, tibb müəssisələrinə gedişlər azalmalı, evə çağırışlar çoxalmalıdır. Xəstə uşaqlar ev şəraitində müayinə olunmalı, müalicəsi  aparılmalıdır. Su çiçəyində əsas müalicə üsulu əhali arasında “zelyonka” adlanan brilyant yaşılı məhlulundan istifadədir. Onu səpkilərin üzərində çəkirlər, səpkilər tədricən qurumağa, getdikcə itməyə başlayır. Səpkilər həm ləkə şəklində, həm də içi mayeli olur. Su çiçəyinin ən kəskin dövrü ilk 4-5 gündür. Sonra səpkilər tədricən azalmağa başlayır. Amma diqqət ediləsi əsas məqam qızdırmadır. Səpkilər qızdırmaya səbəb olur. Səpkilər atdıqca qızdırma yaranır, bəzən hərarət “oynayır”. Valideyn gərək buna fikir versin. 



V.Qarayev su çiçəyinin əsasən soyuq havalarda baş qaldırdığını dedi:

- Su çiçəyi, skarlatina, qızılca, məxmərək... bunlar da səpkili xəstəlikdir. Amma hərəsinin öz xüsusiyyəti var. Uşaqda səpki əmələ gəlibsə, mütləq həkimə müraciət edilməlidir. “Səpkidir, keçib gedər” deyib səhlənkarlıq göstərilməməlidir. Su çiçəyi qızılca kimi ağır xəstəlik deyil, amma zamanında müdaxilə olunmasa onun da fəsadları ola bilər. Su çiçəyi bəzən pnevmaniyaya gətirib çıxara bilir. Su çiçəyi də virus infeksiyası olduğu üçün immuniteti zəiflədir, ona görə də orqanizmdə fəsadlar yarana bilər. Əsas odur ki, qızdırmaya nəzarət edilsin. 

V.Qarayev su çiçəyinə qarşı peyvənd aparılmadığını da bildirdi: 

- Başqa ölkələrdə su çiçəyinə qarşı peyvənd aparırlar. Amma bizdə su çiçəyinə qarşı peyvənd yoxdur. Məsələn, qızılcaya qarşı peyvənd 1 və 6 yaşda aparılır. Bəzən təkrar peyvəndlər də aparılır. Peyvənd olunubsa, o demək deyil ki, həmin xəstəliyə tutulmayacaq. Üstünlük bundadır ki, peyvəndlər xəstəliyin asan keçirilməsinə kömək edir, fəsadların qarşısı alınır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu