Feyk xəbərlər təkcə insanlara deyil, dövlətlərə də təhlükə yaradır - AKTUAL



"Sosial şəbəkələrdə yaranmış arzuolunmaz durum, dəqiqləşdirilməmiş xəbərlərin dövriyyəyə buraxılması nəticədə ciddi problemlərə  yol açır"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edərkən hər zaman olduğu kimi bir neçə vacib məsələlərə toxundu. Onlardan biri də “feyk xəbər”lə bağlı idi. Prezident bunları qeyd etdi: “İndi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. 

Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir”.

Feyk xəbərin qarşısı necə alınmalıdır? Hazırda bu sual dünyanın aparıcı dövlətlərini düşündürür. Çünki hazırda dövlətlər təkcə siyasi, iqtisadi sahədə deyil, informasiya müstəvisində də öndə olmağa, dövlətin maraqlarına xidmət edən məlumatların tirajlanması, dövlət maraqlarına zidd xəbərlərin yayılmasının qarşısının alınmasına çalışırlar. İnformasiya, həqiqətən də güclü silaha çevrilib. 

Feyk xəbərlər dövlətlər və cəmiyyətlər üçün təhlükədir


Xatırladaq ki, bir müddət əvvəl Albaniyanın paytaxtı Tirana şəhərində “İnformasiya agentlikləri feyk xəbərlərə qarşı” mövzusunda konfrans keçirilmişdi.
Albaniya Teleqraf Agentliyi tərəfindən təşkil olunan konfransda müxtəlif ölkələrin aparıcı xəbər agentliklərinin, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tədqiqatçılar, tanınmış ekspertlər iştirak edirdilər.
Konfransda çıxış edən Albaniya Teleqraf Agentliyinin baş direktoru xanım Armela Krasniqi müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrildiyini söyləmişdi:
- Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. Yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik.
Yanlış məlumatlandırma siyasəti bütün dünyanı əhatə edən problemə çevrilib. Feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lərin sıx birləşməsi, daha çox düzgün informasiya yayılması vacibdir. 
Konfransda Avropa Xəbər Agentlikləri Alyansının baş katibi, Rumıniyanın AGERPRESS agentliyinin sabiq baş direktoru Aleksandru Giboi isə bunları demişdi: 
- Feyk xəbər insanların həyatına, hətta dövlətlərin fəaliyyətinə təhlükə yaradır. Yanlış məlumatlandırma ilə mübarizədə informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Bu mübarizənin səmərəliliyini artırmaq üçün xəbər agentlikləri daim inkişafda olmalı və yalan məlumatlar yayan resursları qabaqlamağa çalışmalıdır.
Albaniya parlamentinin media məsələləri üzrə komissiyasının sədr müavini xanım Milva Ekonominin fikrincə, yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vura bilər. Xəbərlər mütləq analiz edilməli, onların dəqiqliyi araşdırılmalıdır. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. 

Jurnalist məlumatları təkrar-təkrar yoxlamalıdır


Feyk xəbərləri ciddi sosial bəla adlandıran Ukraynanın Ukrinform Agentliyinin baş direktoru Oleksandr Karçenko isə bildirmişdi ki, dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli öyrənməkdir. Bu, bizə belə fəaliyyətin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verər.
Feyk xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. İstənilən informasiyanın dəqiqliyini təkrar-təkrar yoxlamaq jurnalistin borcudur. O, saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-lərinin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Bu gün sərbəst, idarə olunmayan informasiyanın yayılması sürətlə artmaqdadır. Saxta xəbərlər tez bir zamanda ictimaiyyətə çatdırılır, bəzən həqiqətən də lazımlı, düzgün informasiyanı kölgədə qoyur. Nəticədə insanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Bununla səmərəli mübarizə yolları araşdırılmalıdır. 
Konfransda belə fikirlər səslənmişdi ki, yalan informasiyalardan müəyyən maraqlar üçün istifadə olunur, bu isə ağır nəticələrə gətirib çıxarır. Yalan xəbərlərin yayılma texnologiyaları hazırda dəyişib. Ona görə də agentliklərin yaydığı xəbərlər daha dəqiq olmalıdır. Çünki mənbədən uzaqlaşdıqca xəbərin dürüstlük dərəcəsi də azalır.
Feyk xəbərlərin bəzi bədxah qüvvələrin əlində alətə çevrilməsi ciddi təhdidlər yaradır. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə bununla mübarizə aparmaq çətindir, lakin səylər birləşdirilərsə, buna nail olmaq mümkündür. 
 

Media birgə mübarizə aparmalıdır


Qeyd edək ki, 2 il əvvəl Azərbaycanın paytaxtında VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdi və forumda yalan xəbərlərin yayılması təhlükəsindən danışılmışdı. Bildirilmişdi ki, yanlış məlumatlandırma siyasəti xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükə daşıyır. Forum çərçivəsində Azərtac tərəfindən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya da keçirildi. Sessiyada feyk xəbərlərlə mübarizə istiqamətində səmərəli müzakirələr aparıldı, faydalı təkliflər irəli sürüldü, birgə əməkdaşlığın vacibliyi vurğulandı. 
Sessiyada yanlış məlumatlandırmaya qarşı mübarizə yolları, ənənəvi medianın, xüsusilə informasiya agentliklərinin bu mübarizədə rolu ilə bağlı fikir mübadilələri  aparıldı. Konfransda iştirak edən Albaniya Teleqraf Agentliyinin baş direktoru xanım Armela Krasniqi çıxışında qeyt etmişdi ki, yanlış xəbərlər bütün dövlətlər və cəmiyyətlər üçün ciddi təhdid yaradır. Feyk xəbərlərin qloballaşması və onlardan kommersiya məqsədilə, siyasi kampaniyalar üçün istifadə çox təhlükəli vəziyyətə gətirib çıxarıb. Baş direktor qeyd edib ki, bütün bunları nəzərə alaraq yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır. Feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər, xüsusilə informasiya agentlikləri sıx birləşməli, birgə mübarizə daha da gücləndirilməlidir.
Armela Krasniqi yanlış məlumatlandırma ilə mübarizəyə həsr olunan tədbirlərin vacibliyini vurğulayaraq deyib: "VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərtac tərəfindən təşkil edilmiş "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid" mövzusunda keçirilən işçi sessiyada çox faydalı müzakirələr aparıldı, maraqlı ideya və təkliflər səsləndirildi. Həmin sessiyada iştirak mənim üçün çox önəmli idi. Mən uzun müddətdir hamımızı narahat edən yanlış məlumatlandırmaya qarşı mübarizədə belə tədbirlərin təşkilinin çox vacib olduğu qənaətinə gəldim və Albaniyaya qayıdan kimi "İnformasiya agentlikləri feyk xəbərlərə qarşı" adlı konfrans təşkil etmək təşəbbüsünü irəli sürdüm. Bir sözlə, Tirana konfransını Bakı sessiyasının davamı hesab etmək olar. Ümid edirəm ki, Azərtac və Albaniya Teleqraf Agentliyindən sonra digər ölkələrin xəbər agentlikləri də bu mövzuda tədbirlər təşkil edəcək. Bu, çox vacibdir. Əgər biz həqiqətən də feyk xəbərlərin yayılmasının qarşısını almaq istəyiriksə, bu məsələ daim diqqətdə saxlanılmalı, birgə mübarizə yolları araşdırılmalı və konkret nəticələr əldə olunmalıdır".

Dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi problemlərə  yol açır

 
 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru  Elçin Mirzəbəylinin fikrincə, informasiya təhlükəsizliyi fərdlər üçün deyil, dövlətlər üçün də önəm kəsb edir:
- Prezident İlham Əliyev Kürdəmirdə səfərdə olarkən çox önəmli bir məsələyə toxundu. Həqiqətən də biz bu gün yalan və böhtan xarakterli feyk xəbərlərin sürətlə yayıldığının şahidiyik. Sosial şəbəkələr də buna imkan verir. Artıq bir sıra ölkələrdə yalan məlumatların 24 saat ərzində sıradan çıxarılması ilə bağlı müvafiq qanunlar qəbul edilir və sosial şəbəkə rəhbərləri ilə belə bir müqavilənin  bağlanması gözlənilir. Bu proses feysbuk, tvitter və digər resurslar üçün də keçərlidir. Artıq dünya feyk xəbərlərin nə qədər təhlükəli olduğunu  başa düşməkdədir. Sosial şəbəkələrdə yaranmış arzuolunmaz durum, dəqiqləşdirilməmiş xəbərlərin dövriyyəyə buraxılması nəticədə ciddi problemlərə yol açır. Bir məqamı xatırladım. Bir müddət öncə, Avropa Şurası sosial şəbəkə istifadəçilərinin hər hansı bir məlumatı yayarkən daha çox peşəkar media qurumlarının xəbərlərinə istinad etməli olduqlarına dair fikirlər səsləndirirdi. Bu mənada düşünürəm ki, hazırda bu halın qarşısının alınmasında peşəkar media mühüm rola malikdır. Azərbaycan gəncləri və ümumilikdə bütün sosial şəbəkə hesabı olan vətəndaşlar məlumatların dəqiqləşdirilməsinə diqqət yetirməlidirlər. 
Baş yazar onu da diqqətə çatdırıb ki, sosial media aktual olmazdan əvvəl, bu işi peşəkar mətbuat orqanları yerinə yetirirdilər: 
- İnsanlar məlumatı peşəkar mediadan alırdılar. Peşəkar media və professional jurnalist hər hansı bir xəbəri dəqiqləşdirdikdən sonra dövriyyəyə buraxırdı.  Amma indi sosial şəbəkələrdə vətəndaşın özü də xəbər mənbəyinə çevrilirsə, o da aldığı hər bir məlumatı dəqiqləşdirməlidir. Onun də üzərində bir məsuliyyət var. Bu, vətəndaşlıq məsuliyyətidir. O adam ya peşəkar medianı izləyib, xəbəri oradan yaymalı, ya da aldığı məlumatı dəqiqləşdirdikdən sonra yazmalıdır. Çünki onun üçün də cinayət məsuliyyəti var. Bunu dövlət maraqları tələb edir. Dövlət maraqları ifadəsini bəzən fərqli istiqamətə yönəltmək istəyirlər. Amma dövlət maraqları ölkənin milli və təhlükəsizlik maraqlarıdır. Bu, hər bir Azərbaycan vətəndaşının marağıdır. Çünki  ölkə təhlükəsizliyinin qorunması həm də Azərbaycan vətəndaşının mənafeyinin qorunmasıdır. Sosial şəbəkələrə çıxış əldə edən fəal gənclərimiz cənab Prezidentin bu çağırışını çox ciddi şəkildə diqqətə almalıdırlar. Feyk xəbərlərə qarşı mübarizədə aktiv olmalıdırlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu