Daha peşə təhsilinin də ali dərəcəsi olacaq: Karyera mərkəzləri isə iş yeri tapmağa kömək edəcək

Gənclərin peşəyönümünün təşkili məqsədilə 2020-2025-ci illər ərzində ali, orta ixtisas və peşə təhsili müəssisələrində karyera mərkəzləri yaradılacaq və karyera məsləhət xidmətləri göstəriləcək.

Karyera mərkəzlərini Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən yaradacaq.
İndiyə qədər 20 karyera mərkəzi yaradılıb.

Xatırladaq ki, peşə təhsili ixtisaslarının ali məktəblərə verilməsi məsələsi gündəmdədir.  Hətta “Xəzər” Universiteti Direktorlar Şurasının sədri Hamlet İsaxanlı “Şərq”ə açıqlamasında bunun yanlış olduğunu bildirmişdi. Amma karyera mərkəzlərinin yaradılması onu göstərir ki, Təhsil Nazirliyi də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu məsələdə qərarlıdırlar. 

Elə isə karyera mərkəzlərindən müsbət nə gözləmək olar? Təhsil eksperti Rafiq İsmayılov “Şərq”ə açıqlamasında məlumatdan da göründüyü kimi bunun yaxşı bir iş olduğunu dedi: 



- Hesab edirəm ki, karyera mərkəzləri konkret bir sənət, peşə öyrənənlərə sonradan o peşəyə uyğun iş yeri tapmaqda yardımçı olacaq. Peşə təhsilinin ali məktəblərə verilməsi, ali məktəblərin nəzdində həm də peşə təhsili ixtisaslarının öyrədilməsi təhsillə əmək fəaliyyətinin paralel şəkildə aparılması məqsədi daşıyır. Yəni burada həm təhsil verilir, həm də praktik fəaliyyət üçün imkanlar yaranır. Peşə təhsili müəssisələrindən fərqli olaraq ali məktəblərdə daha yüksək ixtisaslı kadrlar hazırlanacaq. Ali məktəblər daha yüksək, fundamental təhsil verəcək. Tələbə seçdiyi peşənin sirlərinə  elmi yöndən də yiyələnəcək. Peşə təhsili ancaq peşə məktəblərindən ibarət olmayacaq. Peşə təhsilinin ali dərəcəsi də olacaq. Hesab edirəm ki, bu, müsbət haldır. Karyera mərkəzlərinin yaradılması isə əmək bazarı ilə ali təhsil sistemininin əlaqələndirilməsi, yaxınlaşdırılması deməkdir. Bu, həm də əmək bazarı üçün yüksək ixtisaslı ustalar hazırlamaqdır. İndi də fikir versək görərik ki, elə avtomobil ustası var ki, konkret bir ali məktəbin uyğun ixtisasını bitirəndən çox bilir. Təsəvvür edin ki, bu biliklər elmi səviyyədə olsa, cəmiyyətimiz ali dərəcəli ixtisaslı kadr əldə edəcək. 

R.İsmayılov peşə təhsilinin saxlanmasının vacib olduğunu vurğuladı: 

- Orta məktəbi bitirənlərin hamısı ali məktəbə daxil olmur. Hamının beyni ali təhsil almaq səviyyəsində deyil. Kimisində bu qabiliyyət yüksəkdir, kimisində də zəif. Peşə məktəbləri ona görə lazımdır ki, orta bilik səviyyəsi olanlar peşə ixtisası məktəblərində təhsil alsınlar və cəmiyyət üçün yararlı kadrlar olsunlar. Peşə ixtisaslarına daim ehtiyac var. Ali dərəcəli peşə ixtisasına yiyələnmək isə lap yaxşıdır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu