Küçədən təhsilə...- Hüquq-mühafizə orqanları ilə sığınacaqlar arasında əməkdaşlıq müsbət haldır

Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev uşaq hüquqları üzrə üzərlərinə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşıldığını deyib.  Onun sözlərinə görə, təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəkələrdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzarətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir: 

"Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra olunur.

Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir. Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilaktikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib”.

E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə alavə edib ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır: "Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profilaktiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".



"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova isə hesab edir ki, küçə həyatı yaşayan uşaqların təhsilə cəlb olunması ilə bağlı tədbirlərin görülməsi və sonrakı mərhələdə onların vəziyyətinin qiymətləndirilməsi çox vacib işdir: 

"Ümumiyyətlə, hüquq-mühafizə orqanları ilə sığınacaqlar arasındakı əməkdaşlıq müsbət bir haldır. Küçədən təhsilə yönəldilən uşaqların öhdəliyi  artıq təhsil müəssisəsində olur".  

M.Zeynalovanın sözlərinə görə, paralel olaraq  hüquq-mühafizə orqanları və sığınacaqlar təhsilə cəlb olunan uşaqları daimi olaraq nəzarətdə saxlayır, monitorinqlər keçirirlər: 

"Polis  sosial işçi olmasa da, bəzi hallarda bizimlə birgə  bu işə qoşulur. Amma psixoloq, sosial işçi və uşaq prosesin əsas iştirakçısıdır. Ötən il ərzində biz 3-4 uşaqla bağlı bu cür qarşılıqlı əməkdaşlıq etmişik və müsbət nəticə əldə etmişik". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu