Yeni qaydalar bəyənildi: Verilən ailədə uşağa 18 yaşına kimi nəzarət olacaq



Valideyn-namizədlərin övladlığagötürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd “ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur.
Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.
Növbəti mərhələdə nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir.
Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.
İndiyədək övladlığagötürmə ilə bağlı mürəkkəb sistemdən şikayətlənənlər çox olub. Hətta sosial şəbəkədə də bu problem dəfələrlə müzakirəyə çıxarılıb.   
Övladlığa uşaq götürmək üçün rəsmi orqanlara müraciətlər zamanı prosedurun  qəliz və uzun oması, bir çox hallarda cütlüklərin istəklərindən geri çəkilməsi ilə nəticələnirdi. Halbuki şərait yaradılsa bir uşağı himayəyə alıb xoşbəxt böyütmək olar. Amma övladlığa götürmə ilə bağlı qaydalar artıq sadələşdirilir. Bu məqsədlə qaydalarda yenilik tətbiq edilir. Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.


"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsinin hazırlanması da görülən işlər sırasındadır. 
Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə - övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları da həmin layihədə əksini tapıb.
Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.
Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.
Övladlığagötürmə ilə bağlı yeni qaydalar nəyi dəyişə bilər? Vahid elektron uçot, vahid nəzarət sisteminin tətbiqi övladlığa uşaq götürmək istəyən vətəndaşların işini yüngülləşdiricəkmi?  

«Təmiz dünya» Qadınlara Hüquqi Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında yeni qaydaların insanların bu sahədə indiyə kimi mövcud olan narahatçılığını aradan qaldıracağını bildirdi:

- Vahid pəncərə sisteminə uyğun olaraq bir  ixtisaslaşmış qurum bu məsələyə cavabdeh olacaq. Övladlığa götürən tərəf üçün həmin sistemdə elektron kabinet olacaq ki, bu məxfiliyi qorumaqla yanaşı, müraciət edən şəxsin əlavə sənəd toplamasını da azaldacaq. Amma yenə də mühüm sənədlər var ki, o sənədlər tələb olunacaq. Bu qaydaların bir müsbət cəhəti də nəzarət mexanizminin olmasıdır. Bununla uşağın veriləcəyi ailədə 18 yaşına kimi nəzarət olacaq. 
Digər tərəfdən indiyə kimi korrupsiya ilə bağlı şübhələr tam aradan qaldırılacaq. Yəni bunun üçün hansısa tərəfin vasitəçiliyi və ya növbdənkənar kimisə irəli salması mümkünsüz olacaq.
Yeganə narahatlıq əvvəldən növbədə olan şəxslərin növbəsinin ləğvi ilə bağlıdır. Bununla bağlı vətəndaşların əvvəlcədən məlumatlı olması vacibdir ki, sistem hazır olan kimi onlar həmin sistemdə qeydiyyata düşsünlər. Bu, vacibdir. 

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu