Ukraynada vəziyyət kövrəkləşib – AKTUAL ŞƏRH

Elxan Şahinoğlu:“Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirirlər”

“Zelenki nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq” 



Donbas separatçıları Ukrayna ordusuna qarşı hücuma başlayıb. Separatçılar Novotoşkovskoe, Orexovo, Krımskoe, Xutor Svobodnıy yaşayış məntəqələrində yerləşən hərbi birləşmələr 120 mm-lik kalibrli minaatanlardan atəşə tutulub. Hücum zamanı müxtəlif sistemli qumbaraatan və irikalibrli pulemyotlardan da istifadə edilib. Ukrayna tərəfinin məlumatına görə, separatçıların Luqansk istiqamətdən cəbhə xəttini yarmaq istəməsi nəticəsində 1 ukraynalı hərbçi ölüb, 4-ü yaralanıb. Separatçılar tərəfdən isə 1 adam ölüb və 5 nəfər yaralanıb. Ukrayna Xarici İşlər naziri Vadim Pristayko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinə sülhməramlıların yerləşdirilməsi üçün BMT Baş Assambleyasına müraciət edib. 


Separatçıların yenidən aktivləşməsini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ukraynada atəşkəsin kövrək olduğu Donbas separatçılarının təxribatı ilə bir daha sübut olundu. Politoloq xatırladıb ki, Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra müharibə istəmədiyini bəyan edib: 

“Zelenski yaydan bu yana separatçılarla və Moskva ilə kiçik razılaşmalar da əldə etməyə başlamışdı. Ancaq vəziyyətin sabitləşməsinə inamın artdığı məqamda separatçılar xaricdən aldıqları təlimatla yenə təxribata əl atdılar. Luqansk separatçıları Minsk razılaşmalarını pozaraq bu gün təmas xəttini yararaq hücuma keçməyə cəhd etdilər. Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirirlər. Ukrayna hərbçiləri arasında ölən və yaralananlar var. Ukrayna prezidenti bu saatlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Zelenki nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq”. 

Siyasi şərhçinin sözlərinə görə, bu olay göstərdi ki, Kreml ətrafdakı münaqişələrin sülh yolu ilə həllindən ağız dolusu danışsa da, istədiyi məqamda nəzarət etdiyi separatçıları hərəkətə gətirə bilər: 

“Zelenskinin hökuməti son aylarda iqtisadiyyatda müəyyən irəriləyişlər əldə etməyə başlamışdı, maaşlar və pensiyalar artırdı. Aydındır ki, Ukraynanın sakit şəraitdə problemlərini həll etməyə çalışması və addım-addım irəriləməsi Moskvanın maraqlarına uyğun deyil. Ona görə də növbəti təxribata ehtiyac var idi. Onu da etdilər. İndi Zelenski vaxtının çoxunu və ölkəsinin ehtiyaclarını yenidən separatçılarla mübarizəyə cəlb etməlidir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu