Münhen debatı İrəvanın diplomatik məğlubiyyətidir – Paşinyana etimad sarsıldı

“Münhen Təhlükəsizlik Konfransındakı debat siyasətçi və dövlət başçısı kimi Paşinyanın əleyhinə işləyən fakt olacaq. Ermənistanda və dünya erməniləri arasında narahatlıq yaradacaq, onların Paşinyana olan etimadı sarsılacaq”.

Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, Münhen debatı diplomatik cəhətdən Ermənistanın növbəti məğlubiyyətidir:

“Paşinyan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham ƏIliyevlə keçirdiyi panel müzakirəsi zamanı öz fəaliyyətilə erməniləri pis günə qoydu. Bu tədbirdə Azərbaycan dövlət başçısı gözəl çıxış edərək tarixi faktlara əsaslanmaqla işğalçı rejimi yerində otuzdurdu. Burada Paşinyanın tarixi yaxşı bilmədiyi üzə çıxdı. Əslində, ermənilərin əlində tarixi faktlar da yoxdur. 


Paşinyan sadəcə, jurnalist təxəyyülünün məhsulu olan qəzet materiallarına, publisistik mənbələrə istinad edirdi. Belədə Paşinyanın Münhendə düşdüyü həmin vəziyyət, həm Ermənistanda, həm də erməni diasporası arasında təbii ki, narahatlıq yaratmalı idi və yaratdı. Çünki işğalçı ölkənin on illərlə apardığı təbliğata, bu işə milyonlarla vəsait xərclənmələrinə Paşinyan öz bacarıqsızlığı, səriştəsizliyilə ilə daha bir zərbə vurdu. Ümumiyyətlə, Ermənistana rəhbərlik edənlərin hamısı savadsız olub. Köçəryan, Sarkisyan da təyin olunmuş adamlar idi. İndi populist çıxışlar edən Paşinyan da Qərb tərəfindən hakimiyyətə gətirilib. Yəni onları intelektinə görə deyil, hansısa xüsusiyyətinə, sədaqət məsələsinə görə iqtidara gətiriblər.  Savadlı olmadıqları üçün də debata gələndə belə vəziyyətə düşürlər. Yəni həm haqlı deyillər, həm də savadsızdırlar. Uydurduqları tarixdə dolaşıqlıq yaradaraq özləri belə onun içində çaşıb qalıblar.



Nəzakət Məmmədova: “Azərbaycan Prezidenti öz arqumentləri ilə Paşinyanı tamamilə darmadağın etdi, onu aciz duruma saldı”


Bu hadisə İrəvanın diplomatik müstəvidə daha bir məğlubiyyətini göstərdi. Azərbaycan Prezidenti öz arqumentləri ilə Paşinyanı tamamilə darmadağın etdi, onu aciz duruma saldı. Belə vəziyyət erməni diplomatiyasına, dünya erməniliyinə vurulan mühüm bir zərbədir”.

N. Məmmədova qeyd etdi ki, Paşinyanın debatda məğlub olması Ermənistan cəmiyyətində ciddi ruh düşkünlüyü yaradacaq: 

“Bu da istər-istəməz Paşinyan hakimiyyətinə mənfi təsir edəcək. Paşinyan daima özünü müasir, açıq, demokratik göstərmək istəyir. Ancaq bu olay onun üçün antipiar oldu, Paşinyan ifşa olundu. Təbii ki, bu mənada Münhen Təhlükəsizlik Konfransındakı həmin debat siyasətçi və dövlət başçısı  kimi Paşinyanın əleyhinə işləyən fakt olacaq. Həmin hal onun əleyhinə işləyəcək. Ermənistanda və dünya erməniləri arasında narahatlıq yaradacaq, onların Paşinyana olan etimadı sarsılacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu