İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 19-da İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub, bu soyqırımı zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunmuş “Onlar heç vaxt böyüməyəcəklər” kitabı təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Beyoğlu Bələdiyyəsi, Türk Ocaqları İstanbul Şöbəsi və "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Anım mərasimində çıxış edən İstanbulun Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, Beyoğlu icra başçısı Mustafa Demirelli, ölkəmizin İstanbuldaki baş konsulu Məsim Hacıyev, Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərova Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıblar. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar tarixboyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış "Xocalı zülmət bir gecə" sənədli filmi nümayiş etdirilib. Filmdə soyqırımın canlı şahidləri həmin gündən danışırlar. Ekran əsərinin layihə rəhbəri və “Onlar heç vaxt böyüməyəcəklər” kitabının yazarı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovadır. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “Azərbaycan” Nəşriyyatının dəstəyi ilə hazırlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu