Dmitri Fetisov: “Münhen debatları zamanı İlham Əliyev üstün oldu”

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Münhendə keçirilən debatlardan artıq bir neçə gün keçib. Buna baxmayaraq, Yerevanda hələ də erməni liderin ünvanına tənqidlər səsləndirilir. Kimlərsə onu “Arsax” sözünü işlətməməkdə, kimlərsə tarixi bilməməkdə günahlandırır. Ermənistanın Azərbaycanı çaşdırmaq üçün hiyləgər planı olduğunu irəli sürənlər də oldu.

Bütün bunlar barədə Media.Az-a rusiyalı siyasi məsləhətçi Dmitri Fetisov danışıb.

- Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan Münhendəki görüşdən bir neçə gün sonra Ermənistanın Qarabağ münaqişəsini “xalqın öz müqəddəratını təyin etməsi” kimi təqdim edərək, şüurlu siyasət apara biləcəyini, hansısa məqamda isə Yerevanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin müstəqilliyini tanıyacağını ehtimal edib. Bundan sonra referendum gələcək və “Qarabağ xalqı” (bu terminə hələ qayıdacağıq) öz taleyini təyin edəcək.

- Mən bu planın real olduğunu düşünmürəm. Nəzəri cəhətdən istənilən şeyi düşünmək olar, lakin praktika göstərir ki, hadisələr başqa ssenari üzrə gedir.

Mən Münhen görüşünə qayıtmaq istərdim. Görüşü diqqətlə izlədim və anladım ki, heç bir irəliləyiş (Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə - red.) yoxdur. Bəli, görüş faktının özü sevindirir və burada Nikol Paşinyana iradlar daha çoxdur, çünki İlham Əliyev mütəmadi olaraq danışıqlara hazır olduğunu göstərib. Ancaq Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi əhəmiyyətli dərəcədə yavaşlayıb.

Birmənalı şəkildə İlham Əliyevin sonuncu görüşdə üstün olduğunu söyləyən azərbaycanlı eskpertlərlə razılaşıram. Bu, həqiqətən də, belədir. Azərbaycan Prezidentinin böyük siyasi və diplomatik təcrübəsi var, hansı ki, Nikol Paşinyanda yoxdur. Hazırkı Ermənistan lideri heç vaxt diplomatiya ilə məşğul olmayıb, o, populizmlə məşğul olmağa öyrəşib.

Azərbaycan Prezidentinin mövqeyi dəqiq və təsdiqlənmişdir. Ermənistanın Baş nazirinin isə mövqeyi, sadəcə, yoxdur. Yerevanın mövqeyinin maksimal dərəcədə qeyri-müəyyən olmasına çalışmaqla, Nikol Paşinyan Qarabağ mövzusunu öz siyasi maraqları naminə istifadə etməyə davam edir.

Fərqli fikirlər, məsələn, Ermənistanın “hiyləgər planı” barədə fikirlər hətta Paşinyan üçün faydalıdır. Onun üçün əsas olan Qarabağ probleminin həllini yubatmaqdır. Təəssüf ki, hələlik belə də olur, irəliləyiş (sülh yolu ilə həllində - red.) yoxdur və hələ olacağını da görmürəm.

- Nikol Paşinyan müzakirə zamanı bir dəfə də olsun Dağlıq Qarabağı “Arsax” adlandırmayıb. Buna görə də Ermənistanda onu ittiham edirlər. Axı erməni tərəfi dünya ictimaiyyətinin “Arsax”ın nə olduğunu öyrənməsi üçün o qədər güc sərf etmişdi...

- ...Lakin bu alınmadı. Nikol Paşinyan çox gözəl başa düşdü ki, dünyada onu başa düşməyəcəklər. “Arsax” nədir? Yerli sakinlərdən başqa heç kim bunu anlamır və bilmir.

- Ermənistan mətbuatında Dağlıq Qarabağ münaqişəsinin “Dağlıq Qarabağ xalqının” iştirakı olmadan həll edilməsinin mümkünsüzlüyü barədə təkrar-təkrar fikirlər səsləndirilir. Və söhbət həmişə yalnız Qarabağın erməni icmasından gedir. Bəs azərbaycanlılar haradadır? Və “Qarabağ xalqı” nədir?

- Erməni ekspertlər, həqiqətən də, azərbaycanlılar barədə unudurlar. Yalnız azərbaycanlılar da deyil, çünki Qarabağda ruslar da, digər millətlərin nümayəndələri də yaşayıb! Bu planda Azərbaycanın ekspertləri düzgün danışırlar, onlar unutmurlar ki, əgər “Dağlıq Qarabağ xalqı” termini istifadə olunursa, bu termin altında yalnız ermənilər deyil, bu regionda yaşayan və yaşamış bütün insanlar nəzərdə tutulur.

Ümumilikdə, əgər bu anlayış altında yalnız erməni əhalisi nəzərdə tutulursa, əlbəttə ki, “Dağlıq Qarabağ xalqı” deyə bir şey yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu