"Az qalıb, bizdə də olacaq" – Bakıda trolleybusların bərpasına ehtiyac varmı?

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev trolleybus şəkili paylaşıb və foto üzərində "az qalıb, bizdə də olacaq" - yazıb. Daha sonra M.Ağayev sosial şəbəkə istifadəçilərinə "sizcə Bakıda trolleybus lazımdır?" - deyə sual ünvanlayıb. Onun paylaşımı Bakıya yenidən tramvayların qayıdacağına dair cəmiyyətdə yenidən ümid yaradıb.

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, sərnişindaşıma sahəsində yüksək keyfiyyətli xidmətə nail olmaq, bütün növ nəqliyyat xidmətlərindən istifadə etmək demək deyil:

"Son illər ərzində Azərbaycanda infrastruktur layihələrinə böyük məbləğdə vəsait yatırılıb. Bakı və respublikanın digər şəhərlərində  nəqliyyat infrastrukturunun və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması sahəsində  müvafiq addımlar atılır. Bütün lazımi texniki vəsaitlər ölkəyə gətirilib. İnkişaf etmiş Avropa  ölkələrində, qardaş Türkiyədə  bu işlərlə bilavasitə yerli idarəetmə orqanları məşğul olduğu halda, Azərbaycan Prezidenti o qədər iş-gücün arasında bu sahəyə xüsusi diqqət  göstərir. Vətəndaşların ictimai nəqliyyatdan narazılığının aradan qaldırılması üçün bu istiqamətdə yeridilən dövlət siyasətinə bilavasitə özü rəhbərlik edir. Dövlət büdcəsindən də bu sahəyə müvafiq vəsaitlər  ayrılır. Bütün bunların müqabilində əlavə  bir nəqliyyat xidmətinin  yaradılması üçün əsaslandırma olmalıdır. 



İqtisadçı: “Görülən işlərin bəhrəsinə dair hesabat versinlər görək, Bakıda tıxacların və ictimai nəqliyatda sıxlığın aradan qaldırılması üçün atılan bu addımlar effektivdirmi?”


Dəmiryolu sahəsində inqilabi dəyişikliklər olub. Bakıdan Gəncəyə, Bakıdan Sumqayıta müvafiq sürət qatarları açılıb. Yeni avtomabil yolları salınıb, mövcud yollar genişləndirilib. Sistemli bir araşdırma aparılmalıdır ki, atılan bu addımlar nəqliyyat sahəsindəki sıxlığın aradan qaldırılmasında nə kimi töhfə verib?! Aidiyyatı qurumlar hesabat yaysın ki, Bakı- Sumqayıt qatarının açılması sərnişindaşıma sahəsinə nə kimi fayda verib?! Həyata keçirilən layihələrin, görülən işlərin effekivliyini təhlil etmədən əlavə  bir nəqliyyat infrastrukturunun təşkilini  məqsədəuyğun hesab etmirəm".

Sovetlər vaxtında Bakıda tramvay, trolleybus xəttlərinin olduğunu xatırladan iqtisadçı, müstəqilliyin ilk illərində həmin xəttlərin və bütünlükdə infrastrukturun ləğv olunduğunu  deyib: 



“Həmin  tramvay xətləri niyə  ləğv olundu? Bu gün niyə  ona ehtiyac duyulur? Bütün bunlar  geniş müzakirə mövzusudur.  Bir iqtisadçı olaraq, trolleybusların yenidən bərpası üçün dövlət büdcəsindən vəsait sərf edilməsinə ehtiyac duymuram.  Bəlkə də ehtiyac var, bunun üçün  müvafiq əsaslandırma göstərməli və bizi inandırmalıdırlar. Mövcud şəraitdə yol nəqliyyat infrastrukturunun təkilləşdirilməsi üçün müvafiq addımlar atılsa da, kompleks yanaşma yoxdur. Müasir standartlara cavab verən avtobusların, taksilərin alınıb gətirməsi hələ problemin həlli demək deyil. Görülən işlərin bəhrəsinə dair hesabat versinlər görək, Bakıda tıxacların və ictimai nəqliyatda sıxlığın aradan qaldırılması üçün atılan bu addımlar effektivdirmi?  Birmənalı olaraq, paytaxtda trolleybusların bərpasının əleyhinə çıxmıram. Amma ortada bir əsaslandırma olmadan dövlət büdcəsindən  böyük məbləğdə vəsait ayrılmasının tərəfdarı deyiləm".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu