Binaların həyətində polis bölməsi tikilir? - FOTO

Nəsimi rayon Bakıxanov 42 ünvanında yerləşən binanın sakinləri həyətlərində qanunsuz tikinti işləri aparılmasından şikayətçidirlər. Sakinlər bildirirlər ki, onların narazılığına baxmayaraq, əraziyə baxış keçirilir və plan çəkilir.

Məsələ ilə bağlı Axar.az-a müraciət edən bina sakini Rəhman Səmədov deyib ki, 3 binanın yeganə həyətində 21-ci Polis Bölməsinin tikilməsi nəzərdə tutulur.

“Binamızın bünövrəsi 1951-ci ildə qoyulub. Bu, daş bina olduğuna görə Mədəniyyət Nazirliyində xüsusi qeydiyyatdadır. Binanın birinci mərtəbəsində 5 saylı Şəhər poliklinikası və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası yerləşir. Ərazi 3 binanın həyətidir və hasarlanıb. Bir neçə gün öncə burada ölçü işləri aparıblar, polis bölməsi tikmək istəyirlər. Amma burada aparılacaq tikinti işləri əsassızdır. Ona görə ki, bu tikinti şəhərsalma və arxitektura normalarına uyğun deyil. Bu həyət sakinlərin istifadəsinə verilən ərazidir. Hətta poliklinikada müalicə alan xəstələr də bizim həyətdə istirahət edir. Qanunsuz tikintiyə görə ölkə rəhbərliyinə müraciət ünvanlamışıq. Müraciətlərimiz davam edir. Bakı şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət etdik”.

Bina sakini Qənizadə Nazim isə bildirir ki, ərazidə tikinti işləri aparmaq istəyən şəxslər tikintiyə mane olan həyətdəki bəzi ağacları da kəsmək niyyətindədirlər:

“50 ilə yaxındır ki, burada yaşayıram. Tikinti aparmaq istədikləri ərazi uşaqların futbol oynaması üçün meydançadır. Biz istəyirdik ki, sakinlərin, uşaqların istirahəti üçün həyətimiz abadlaşdırılsın. Bunun üçün aidiyyəti qurumlara müraciət etmək niyyətində idik, indi isə qanunsuz tikintiyə görə narahatlıq keçiririk. Ötən ilin payızından etibarən sakinlərin etirazına baxmayaraq, tikinti işləri aparmaq üçün əraziyə baxış keçirirlər, plan hazırlayırlar. Burada müxtəlif ağaclar var. Tikintiyə mane olan ağacların sayını da hesablayıblar. Onları da kəsmək niyyətindədirlər”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, sakinlərin şikayəti ilə bağlı qurumun əməkdaşları əraziyə baxış keçirib:

“Komitənin nəzarət qrupu şikayətlərə əsasən həmin əraziyə baxış keçirib. Orada hazırda heç bir tikinti işləri aparılmır. Qeyd edim ki, sözügedən ünvanla bağlı tikintiyə icazə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət də daxil olmayıb”.

Məsələ ilə bağlı DİN-dən saytımıza bildirilib ki, sözügedən ərazidə polis məntəqəsinin tikiləcəyi ilə bağlı heç bir məlumat yoxdur.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu