Partiya sədri: “İtaliya bütün beynəlxalq platformalarda rəsmi Bakının mövqeyini müdafiə edir”

“Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın İtaliya səfəri fonunda Azərbaycan-İtaliya münasibətlərini birmənalı yüksək dəyərləndiririk”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

DADP rəhbəri bildirib ki, bu mühüm Avropa ölkəsi ilə bütün sahələrdə əməkdaşlığımızın daha da inkişafını dəstəkləyirlər: 

“İtaliya sıradan bir ölkə deyil. Bu ölkə həm “G-7”nin, həm də Avropa Birliyinin ən əsas, aparıcı ölkələrindən biri sayılır. Yəni İtaliya faktiki olaraq dünyanın geosiyasi və geoiqtisadi mənzərəsini formalaşdıran ən önəmli aktorların sırasında yer alır. Belə bir nüfuzlu ölkə ilə sıx iqtisadi-siyasi dostluq və əməkdaşlıq münasibətlərinə malik olmağımız heç şübhəsiz ki, Azərbaycan üçün əlavə bir avantajdır. Onu da nəzərə alaq ki, İtaliya bütün beynəlxalq platformalarda rəsmi Bakının mövqeyini ardıcıl şəkildə müdafiə edən bir ölkə kimi də bizim üçün xüsusi əhəmiyyətə malikdir”. 

Partiya rəhbərinin sözlərinə görə, bu gün Azərbaycan və İtaliya strateji tərəfdaşdır və hər iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi əlaqələr çox yüksək səviyyədədir: 

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İtaliya Avropa qitəsində bizim üçün birinci ticarət tərəfdaşıdır. Hər iki tərəfin uzunmüddətli səyləri nəticəsində bu gün Azərbaycan İtaliya üçün, İtaliya isə Azərbaycan üçün çox etibarlı, vazkeçilməz strateji müttəfiq halına gəlib. Dövlət başçımızın və Birinci vitse-prezidentin İtaliyaya bu son səfərində də biz bir daha bunun əyani şahidi olduq. Odur ki, İtaliya-Azərbaycan dostluq münasibətləri Avropanın digər ölkələri üçün də müsbət örnək sayıla bilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu