Xocalı faciəsini dünyaya şagirdlərimizin dili ilə də çatdırılmalıyıq - Əməkdar müəllim 


 Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Tədbirlər Planı barədə fikirlərini “Şərq”lə bölüşən əməkdar müəllim Almaz Həsrət bildirdi ki, Xocalı faciəsi təkcə fevral ayı, yaxud da 26 fevral tarixində deyil, tədris ili boyunca aktual olmalıdır: 


- Demək olar, bütün təhsil müəssisələrində ermənilər tərəfindən törədilmiş əsrin faciəsi - Xocalı soyqırımını əks etdirən bir guşə var. Ancaq məhz 26 fevral tarixində məktəblilərə bu barədə xatırlanması üçün əlavə tədbirlərin keçirilməsi qan yaddaşımızı yeni nəslə ötürməkdir. Bunun üçün əmr və qərarı gözləmədən hamımızın borcudur ki, soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilsin, şahidlərlə görüşlər təşkil olunsun.  
Təbii ki, hər il rəsmi olaraq bütün tədris müəssisələrinə bu tədbirin keçirilməsinə dair əmrlər göndərilir. Qeyd edilmiş tədbirlərlə yanaşı mənim ayrıca təklifim var. İndi internet əsridir. Məlumdur ki, məktəblilər və tələbələrin əksəriyyəti sosial şəbəkələrdədir. Məhz həmin günü kütləvi olaraq bütün dünyaya bu soyqırım barədə müxtəlif xarici dillərdə mətn hazırlayıb, şəkillərlə birgə yaymaq lazımdır. Azərbaycan daxilində bu işlər görülür, erməni vəhşiliyi barədə ölkə əhalisi məlumatlıdır. Ancaq daha geniş şəkildə xarici mediaya, dünyaya səsimizi eşitdirməliyik. Məktəbliləri və müəllimləri bu paylaşımlara dəvət edirəm. Xocalı barədə həqiqətlər xarici dillərdə internetdə yayılmalıdır. Bu məlumatlar məktəb divarından kənara çıxarılmalı, özü də birbaşa dünyaya şagirdlərimizin dili ilə də mesajlar çatdırılmalıdır ki, görün ermənilər bizim torpağımızda bizim xalqa hansı vəhşilikləri ediblər.                 

 Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu