“Davamlı inkişafın təmin edilməsi aspektindən müasir çağırışlar”

Son dövrlər ölkəmizdə qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Əsasən yerli və xarici investisiyaların stimullaşdırılması, ixracın şaxələndirilməsi, tək paytaxt Bakı və Bakıətrafı ərazilərdə deyil respublikamızın bütün regionlarında yeni istehsal müəssisələrinin açılması, eləcə də fəaliyyətini dayandırmış müəssisələrin fəaliyyətinin canlandırılması, idxalı əvəz edəcək ixracyönümlü məhsulların istehsalına nail olunması, yeni iş yerlərinin açılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Qeyd olunanların reallaşdırılması istiqamətdə atılan ən mühüm addım isə ölkə başçısı cənab İlham Əliyev tərəfindən 6 dekabr 2016-cı il tarixində müvafiq Fərmanla təsdiq edilmiş milli iqtisadiyyat və 11 prioritet sektor üzrə yaxın, orta və uzunmüddətli perspektivləri özündə ehtiva edən strateji yol xəritələri oldu. Strateji yol xəritələrinin icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Eyni zamanda iqtisadiyyatın bütün sektorları üzrə dövlət-özəl tərəfdaşlığı prinsipinə önəm verilərək özəl sərmayələrin cəlb edilməsi xüsusi olaraq vurğulanmışdır. Sözügedən sənədlərdə davamlı iqtisadi inkişafa nail olunması üçün 4 əsas strateji hədəf müəyyən edilmişdir ki, bunlardan biri “Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi”dir. 

Aparılmış təhlillər nəticəsində ötən 20 ildən artıq müddət ərzində dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ölkənin davamlı inkişafına kifayət qədər töfhələr verildiyini müşahidə etmək mümkündür. Lakin bu sahədə hələ də müəyyən islahatların aparılması, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq müasir çağırışlar, yeni yanaşmalar, innovativ üsulların tətbiqi qaçılmazdır. Bu baxımdan ölkə başçısı tərəfindən də dəfələrlə qeyd olunduğu kimi hazırkı dövrdə xüsusilə regionlarda yeni istehsal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi ən vacib tapşırıqlardan biridir. Bunun üçün dövlət-özəl tərəfdaşlığı prinsiplərini əsas götürərək yerli və xarici investisiyaların cəlb edilməsi ilə dövlət müəssisələrinin seçmə üsulu əsasında simvolik qiymətə özəlləşdirilməsi bu sahədə atılacaq ən mühüm addım kimi tövsiyə olunur. Qabaqcıl dünya ölkələrinin təcrübələrində də investisiyaların stimullaşdırılması baxımından bu satış üsulundan geniş istifadə olunduğunu müşahidə etmək mümkündür. Hətta bu təcrübə Böyük Britaniyada “Britaniya möcüzəsi” kimi tarixə düşmüşdür. Almaniya təcrübəsində isə özəlləşdirməni həyata keçirmiş qurum “Treuhandanstalt” tərəfindən simvolik satış üsulu ilə bağlı belə bir bəyanat verilmişdir: “Biz müəssisələri satmırıq, biz demək olar ki, pulsuz idarəetmə və texnologiya əldə etmiş oluruq”. Qeyd olunan Avropa ölkələri ilə yanaşı ölkəmizə qanunvericilik, iqtisadi və sosial mühit baxımdan tarixən yaxın olmuş postsovet ölkələrinin bəzilərində - Gürcüstan və Qazaxıstan kimi ölkələrdə də bu üsul geniş tətbiq edilmişdir. Məhz bu üsulun tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə dəyər vergisi, gəlir vergisi, DSMF-ə ayırmalar, gömrük vergisi, mənfəət vergisi və s. kimi daxilolmaların həcmi artmışdır.

Nəticə etibarilə: 
-   fəaliyyətini dayandırmış müəssisələrin fəaliyyəti canlanır;
- yeni texnologiyaların – nou-hauların tətbiqi nəticəsində istehsalın həcmi artır;
- idxalı əvəz edəcək ixracyönümlü məhsulların istehsalına nail olunur;
- yeni iş yerləri açılır;
- əhalinin sosial rifah halı yaxşılaşır.

Sözügedən sahədə qeyd olunanlarla yanaşı, qanunvericilikdə “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Əsasnamə mövcud olsa da praktiki baxımdan ondan istifadə olunmadığının şahidi oluruq. Qeyd olunan Əsasnamə 1996-cı ildə təsdiq edilmişdir ki, hazırda bugünkü reallığı tam olaraq əks etdirmir. İlk növbədə həmin Əsasnamənin beynəlxalq təcrübə nəzərə alınmaqla yenilənməsi və rəqabətə tab gətirməyən, fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında qalan, lakin özəlləşdirilməsi hazırki durumda məqsədəuyğun hesab olunmayan müəssisələrin uzunmüddətli yerli və ya xarici investorlara idarəetməyə verilməsi daha məqbul hesab edilir. 
Nəticə etibarilə müəssisələrin fəaliyyəti tam olaraq canlanır, eləcə də dövlət büdcəsinə “idarəetmə haqqı”, “əlavə dəyər vergisi” gəlir vergisi, DSMF-ə ayırmalar, gömrük vergisi, mənfəət vergisi və s. kimi daxilolmaların təmin olunmasına nail olunur. 

Eyni zamanda qeyd etmək istərdim ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda özəlləşdirmənin                 7 üsulundan biri də “Özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı” üsuludur ki, qabaqcıl beynəlxalq təcrübəyə baxdıqda bu üsuldan istifadə olunmadığı müəyyən edilmişdir. Avropanın bəzi ölkələrində tətbiq edilən bu üsul isə sonralar investorlara kifayət qədər problemlər yaratmışdır. Xüsusilə Rumıniyada bu problem böyük fəsadlara səbəb olmuşdur. Belə ki, müəssisənin müəyyən səhminə sahib olan səhmdarlar sonralar əsas səhmi özəlləşdirən investorlara kifayət qədər problemlər yaradır ki, bu da müəssisənin fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Əslində bu üsulun qabaqcadan müəyyən kompensasiya ilə əvəz edilməsi və bununla da sözügedən üsulun ləğv edilərək müəssisələrin dirçəldilməsi üçün investora bütöv halda satılması daha məqsədəuyğun hesab olunur. 
Sonda bir daha qeyd etmək istərdim ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımdan dövlət əmlakının özəlləşdirilməsi sahəsində təklif olunan yeni innovativ üsullar ölkə iqtisadiyyatının davamlı inkişafında, eləcə də əhalinin sosial rifah halının daha da yüksəlməsində mühüm rol oynayacaqdır.


Nurlan Şakiroğlu (Verdiyev)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs magistrantı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu