Azərbaycanla İtaliya arasında yeni mərhələ: İqtisadi-siyasi əlaqələr daha da inkişaf edəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə daşımış oldu”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya aparıcı ölkələrdən biridir:

“Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Ona görə də təsadüfi deyil ki, Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı İtaliya Prezidenti ilə, İtaliya Nazirlər Şurasının sədri ilə, İtaliya Senatının sədri ilə görüş keçirib. Bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir.

Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafi ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son görüşündə də hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də digər Avropa İttifaqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.



Hikmət Babaoğlu: “Azərbaycanın Avropada tanınması üçün İtaliya mühüm bir ölkədir və Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunması təsadüfi deyil”


H.Babaoğlu qeyd edib ki, İtaliya bir sıra sənaye istiqamətləri üzrə Avropada lider ölkədir: 

“Sumqayıt Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil. Bütün bunlar da kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var”.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropada tanınması üçün İtaliya mühüm bir ölkədir və Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunması təsadüfi deyil: 

“Nəzərə almaq lazımdır ki, İtaliya həm də böyük turizm ölkəsidir. Milan şəhəri Avropanın bir sıra avanqrd trendlər üzrə aparıcı şəhərlərindən biridir. 2020-ci il bütövlükdə Azərbaycanın yenidən öz mədəniyyətinin, tarixinin, adət-ənənəsinin Avropaya tanıdılması hadisəsi olacaq. Azərbaycanın həyata keçirdiyi meqa layihələrlə İtaliya arasında körpülər yaranıb. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti, yəni TAP hissəsi İtaliya ərazisində yekunlaşır və bu iki ölkə arasında yeni münasibətlər yaratmış olur. Çünki Azərbaycandan Avropaya istiqamətlənən qaz kəməri İtaliyada sona çatır və daha sonra bütün Avropaya şaxələnməsi planlaşdırılır. Bu da özlüyündə yeni iqtisadi-siyasi iqlimin formalaşmasına səbəb olacaq və həmçinin kəmər üzərində olan bütün ölkələrlə Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcəkdir. Bütün bu məsələləri ümumiləşdirsək və səfər çərçivəsində imzalanan 20-yə qədər müqaviləyə nəzər salsaq görərik ki, imzalanan müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan Prezidentinin İtaliya səfəri dövlətlər arasında yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu