Paşinyanın sərsəm bəyanatları: Ermənistan danışıqların üstündən xətt çəkir



“Beynəlxalq təşkilatlara Paşinyanın danışıqlarda maraqlı olmadığını göstərməliyik”



Ermənistan İctimai Televiziyasına müsahibə verən baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen debatını “öz uğuru” kimi qələmə verməyə çalışıb. Paşinyan iddia edib ki, bu diskussiya beynəlxalq ictimaiyyətə çox dəqiq şəkildə Ermənistanın “konstruktiv”, Azərbaycanın isə “destruktiv” mövqe tutduğunu göstərdi: 

“Bütün erməni xalqı bu məsələnin məzmununu bilməlidir və şadam ki, bunu təmin edə bilmişəm. Vacib məqam Qarabağ məsələsi ilə bağlı danışıqların yeni məzmununun formalaşmasıdır. Mən şərti olaraq bunu “Münhen prinsipləri” adlandırmışam”. 

Paşinyan özünün “yaratdığı” Münhen prinsiplərindən bəhs edərkən bunun ilk bəndinin Qarabağın Azərbaycan kimi müstəqillik əldə etməkdən ibarət olduğunu deyib: “Ərazi bütövlüyü prinsipi barədə danışarkən bilmək lazımdır ki, söhbət hansı ölkənin ərazi bütövlüyündən gedir. Əks-arqument kimi SSRİ-nin artıq mövcud olmadığı göstərilə bilər. Bəli, bu belədir. Söhbət Azərbaycan SSR-dən gedir”. Erməni baş nazir bir az daha sərsəmləyərək, Qarabağ danışıqlarında ərazi yox, təhlükəsizlik məsələsinin gündəm olması gərəkdiyini söyləyib. Özünü sülh göyərçini kimi təqdim etməyə çalışan Paşinyan yenidən bu konfliktin həllinin Azərbaycan, Qarabağ və Ermənistan üçün qəbul edilən olması gərəkdiyini qeyd edib. Bununla belə Paşinyan özünün Qarabağla bağlı mövqeyinin sələflərindən fərqləndiyini bildirib: “Biz heç vaxt deməmişik ki, torpaqları verməyə hazırıq. Biz başqa şey deyirik. Biz deyirik ki, ərazi məsələsi yoxdur, təhlükəsizlik məsələsi var və bu məsələ ətrafında danışıqlara hazırıq. Biz deyirik ki, Qarabağ məsələsinin hərbi həlli yoxdur və əgər kimsə həllin hərbi yoldan ibarət olduğunu desə, Qarabağ xalqı bu məsələnin çoxdan həll edildiyini deyəcək”.



Politoloq: “Həmsədrlər danışıqların kim tərəfindən dayandırıldığını və sabotaj edildiyini aydın görməlidir”


Paşinyanın sərsəm bəyanatlarını “Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişələr İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli televiziyaya verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkəcək açıqlama verib. 

Ekspert bildirib ki, Paşinyan bu cür açıqlama ilə heç bir ərazini güzəştə getməyəcəyini vurğulayıb: 

“Bu açıqlama Paşinyanın daxili auditoriya üçün mesajı sayılsa da, Minsk Qrupu həmsdərlərinin Cenevrədə başlatdığı danışıqların faktiki fiaskosudur. Ermənistanın danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk Qrupunun həmsədr dövlətlərinə çatdırmaq lazımdır. Həmsədrlər aydın görməlidir ki, danışıqlar kim tərəfindən dayandırılır və sabotaj edilir. Əslində, Nikol Paşinyanın bu çıxışı Azərbaycanın xeyrinədir. Beynəlxalq təşkilatlara Paşinyanın danışıqlarda maraqlı olmadığını göstərməliyik. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyinə görə, faydasız olduğunu bildirməliyik. Birmənalı şəkildə hərbi varianta əl atmalıyıq”. 

Analitik vurğulayıb ki, göründüyü kimi Paşinyan Ermənistanın işğalçı ölkə olduğunu bəyan edir: 

“Düşmən tərəf danışıqların üstündən xətt çəkir. Bundan sonra hansı məqsədlə danışıqlar aparılmalıdır ki, biz prosesə inana bilək? Paşinyan apreldən sonra demək istədiyini, indi dedi. Ümumiyyətlə, Azərbaycan tərəfi mart və aprel ayında müəyyən qədər Ermənistan üçün vaxt tanımışdı. Ancaq Ermənistan tərəfi israrla müharibə variantını seçir. Paşinyan sabah növbəti dəfə dediklərini danacaq. Əlbəttə, biz də bilirik ki, Paşinyan ərazilərin qaytarılması gücündə deyil. Sadəcə yenilənmiş Madrid və Lissabon prinsipləri üzrə danışıqlara razılıq verib və bu istiqamətdə danışıqlar gedir. Amma baş nazir bilərəkdən danışıqları pozur. Görünən odur ki, Paşinyan Münhen Təhlükəsizlik Konfransında aldığı ağır psixoloji tramvadan çıxa bilmir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu