Ərdoğan Bakıya niyə gəlir?



“Bu səfər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq üçün yeni imkanlar açır”



Azərbaycanın Türkiyə ilə eyni əsnada hərbi əməkdaşlığını inkişaf etdirməsi vacibdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Məlumata görə, qardaş ölkə liderinin Azərbaycana səfəri 24-25 fevral tarixlərində baş tutacaq. 

Həmin günlərdə Bakıda iki ölkə rəhbərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Eyni zamanda Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün də keçirilməsi planlaşdırılır. 



Elxan Şahinoğlu: “Bu yaxınlıq Kremlin xoşuna gəlməyəcək. Ancaq bu, bizim problem deyil, əsas dərdimiz işğala son qoymaqdır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri barədə “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ərdoğanın Bakıya planlaşdırdığı səfər Ankara ilə Moskva arasındakı münasibətlərin yenidən gərginləşməsi dövrünə təsadüf edir. 

Ekspertin sözlərinə görə, Ərdoğanın belə bir ərəfədə Bakıya səfəri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq üçün yeni imkanlar açır: 

“Əlbəttə, biz Türkiyə ilə Rusiya arasında gərginliyin tərəfdarı deyilik, ancaq müttəfiqimizlə hərbi işbirliyini gücləndirə bilərik. Rusiya Ermənistanla strateji müttəfiqliyini gizlətmir, işğalçı ölkəyə istədiyi qədər hərbi texnika və müasir qırıcı təyyarələr daşıyır. Azərbaycanın da Türkiyə ilə eyni əsnada hərbi əməkdaşlığını inkişaf etdirməsi vacibdir. Şübhəsiz, bu yaxınlıq Kremlin xoşuna gəlməyəcək. Ancaq bu, bizim problem deyil, əsas dərdimiz işğala son qoymaqdır və bu siyasətə nə xidmət edirsə, ona üstünlük verməliyik. Bundan sonra 25 il də keçsə, Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana “mərhələli həll” planını qəbul etdirməyəcək. Bunu bilərək fərqli qərarlara üstünlük verməliyik”. 

E.Şahinoğlu diqqətə çatdırıb ki, 2016-cı ilin aprel ayında Azərbaycanla Ermənistan arasında 4 günlük savaş başladıqda Kremlə yaxın ekspertlər bu məsələdə “Türkiyə izi” axtarmağa başladılar: 

“Həmin ekspertlərin fikrincə, guya, Türkiyə Rusiyaya Cənubi Qafqazda problem yaratmaq üçün Azərbaycan ordusunun hücuma keçməsini təşviq edib. Absurd yanaşma idi. Bəllidir ki, Azərbaycan ordusu erməni təxribatına cavab olaraq əks-hücuma keçmişdi. İndi Ərdoğan Putinlə İdliblə bağlı razılaşma əldə etməsə və Ərdoğanın Bakı səfəri tamamlandıqdan sonra cəbhə bölgəsində gərginlik olsa, şübhə etmirəm ki, Kremlə yaxın ekspertlər yenə də bunu Ankaranın ayağına yazacaqlar”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu