Qələm adamlarının başqa sahələrə üz tutması təbii qarşılanmalıdır - AKTUAL

Qəribə bir tendensiya yaranıb. Jurnalistikada peşəkarlaşıb özünü təsdiq edəndən sonra əksəriyyət mətbuatdan, televiziyalardan uzaqlaşıb başqa bir sahədə işləməyə üstünlük verirlər. Halbuki, mediada bir peşəkar kadr hazırlamaq çox əziyyətli işdir. Bu kadrlar cəmiyyət üçün güzgü və ictimai rəy üçün barometr ola bilər. Qərbdə, Rusiyada, Türkiyədə bu peşəkarlara böyük layihələr tapşırılır, hamının etimad etdiyi xəbər spikerləri olur, böyük məbləğli efir layihələrinə rəhbərlik edirlər. Bizdə isə əksinədir: Kimsə daha mediada karyera qurmaq barədə fikirləşmir. Hamı ilk fürsətdəcə qaçır.

60-70 yaşlı qərb jurnalistləri ekstremal vəziyyətdə, müharibə bölgələrində  hansısa reportajı hazırlayır, amma bizdə 30-40 yaşdan sonra jurnalistlər karyera barədə düşünür. Qərb jurnalisti üçün peşə ölənə qədərdir. Ola bilsin, bu, maddi durumla da bağlıdır. Bəlkə Qərb jurnalisti daha rahat və maddi təminatlıdır, amma bizdə belə deyil. Qərb jurnalistləri jurnalistikadan tramplin kimi istifadə etmirlər. Sadəcə sevdikləri işlə məşğuldurlar və jurnalistika onlar üçün həyat tərzidir. Bizdə isə insanlar özlərinə yaxşı çevrə qurmaq, vəzifəyə yaxınlaşmaq üçün mediadan tramplin kimi istifadə edir. Sözsüz ki, bütün əziyyətlərə qatlaşıb qalanlar da var. Ölkənin bir çox ictimai fiqurlarının fəaliyyətlərinə nəzər salsaq, bunun əyani sübutunu tapmış olarıq.



Anar Imanov: "Mətbuat xidmətində işləmək bəzi həmkarlarımız üçün daha rahatdır – adətən iş az, maaş çox olur"


"Milli.az” saytının baş redaktoru Anar Imanov insanların jurnalistikada peşəkarlaşıb özünü təsdiq edəndən sonra başqa bir sahəyə  üz tutmasını normal qarşılayır: 

"Şəxsən mən bu hallara pis baxmıram. Səbəblər müxtəlif ola bilər – gəlir azlığı, həvəssiz gördüyün iş və s. Fikrimcə, insan sevdiyi işlə məşğul olmalıdır, gəliri az olsa belə. Yalnız o halda insan cəmiyyətə daha çox fayda verə bilər. Ayrıca bir faktor – sosial şəbəkələrin populyarlaşması. Ona görə bəzi hallarda jurnalistlər bloqqerliyə keçirlər və fəaliyyətlərini sosial şəbəkələrdə davam etməyə üstünlük verirlər. İnternet ənənəvi KİV-ləri sıradan çıxarır və bəzi jurnalistlər məcburən işlərini dəyişirlər, hətta jurnalistikanı da tərk edirlər. Bir faktor da zamanla ayaqlaşma ilə bağlıdır. Yəni texnoloqiyaların sürətlə inkişaf etməsi tələb edir ki, bir çox adamlar, jurnalistlər daim inkişaf etsinlər, daha çox bilik əldə etsinlər, təkmilləşsinlər. Bəzi insanlar buna tab gətirməyərək, çatdıra bilmirlər və yolun kənarında qalırlar. Bizim jurnalistlər hazırda daha çox PR sahəsinə və mətbuat xidmətlərinə yönəlirlər. Savadlı jurnalistlər PR sahəsində əziyyət çəkmirlər, illərin təcrübəsi onlara hansısa şirkətin PR-nı qurmaq üçün kömək edir. Və əlbəttə ki PR-da, yaxşı PR-çıların maaşları daha yülsəkdir. Mətbuat xidmətində işləmək isə bəzi həmkarlarımız üçün daha rahatdır – adətən iş az, maaş çox olur. Və ən əsas məsələ - bir çox hallarda mətbuat xidmətlərində iş dövlət qulluğuna aiddir, KİV-lərin çoxusu isə özəldir. Yəni burada həm maaş fərqi həm də pensiya fərqi olacaq".



Elman Cəfərli: "Biz söz sənəti ilə məşğuluq, dolanışığımız burdan çıxır. Çətin olsa da başqa yolumuz yoxdur"


“Cebhe.info” saytının və “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli isə deyib ki, 1990-cı illərdə mətbuat sahəsində çalışan insanların bir qismi medianı tərk edib: 

"Onların arasında dövlət qurumuna işə düzələn, təhsilə qayıdan, biznes quranlar var. Ailə qurub xarici ölkələrə gedənlər də az deyil. Əvvəla, bu taledir. İkincisi, insan özünü harada tapırsa, maddi dolanışığını təmin edə bilirsə, ora da getməlidir. Jurnalistikaya bu peşəni sevib gələnlər də çoxdur. Onlar hələ də mətbuatdadırlar. Adam var ki başqa sahəyə keçir, lakin dözə bilmir, geri qayıdır. Medianın bir üstünlüyü var ki insana azadlıq verir. Başqa peşə sahələrində olan buxov, daxili senzura burada azdır. Jurnalist işlədiyi KİV-də olmasa da, heç olmasa sosial şəbəkələrdə ayrı-ayrı sahələrdə rast gəldiyi qanunsuzluqlar, yaramaz əməllər barədə yaza bilir. Bunu deyək ki hər həkim, müəllim yaza bilmir. Əməyin qiymətləndirilməsinə gəlincə, ümumən götürəndə mediada əmək haqqı normaldır. O başqa məsələdir ki, kimin iş qabiliyyəti necədir. Məsələn, bir savadlı repetitor müəllim yaxşı zəhmət haqqı alır. Aylıq qazancı 2 minə çıxanlar var. Ancaq hər müəllim repetitor işləyə bilmir. Yaxşı jurnalist, redaktor əlavə işlər götürə, bir neçə yerdə işləyə (admin, veb-redaktor və s.), tərcümə, kitab redaktəsi ilə üzrə sifarişlər ala bilər. Namuslu qazancın başqa yolu yoxdur. Biz söz sənəti ilə məşğuluq, dolanışığımız burdan çıxır. Çətin olsa da başqa yolumuz yoxdur. Tanınmış imzaların mətbuatda getməsi isə məncə siyasi fikir ayrılıqları ilə bağlıdır".



Elçin Zahiroğlu: "İndi istər maddi, istərsə də perspektiv baxımından jurnalistika uğurlu sahə hesab olunmur. Ona görə də, xüsusən yeni nəsil ilk fürsətdə başqa sahələrə üz tuturlar"


"Bakıpost.az" saytının rəhbəri Elçin Zahiroğlu isə  təəssüflə qeyd edib ki,  bizdə jurnalistlərin reputasiyası , ümumiyyətlə bu sahənin nüfuzu çox aşağı düşüb. Hətta o qədər ki, jurnalistin hanısa kiçik bir quruma mətbuat köməkçisi getməsi böyük uğur kimi qəbul edilir: 

"Bələ rəzil bir vəziyyətə junalistikanın inkişaf etdiyi çox az ölkələrdə rast gəlmək olar. İndi istər maddi, istərsə də perspektiv baxımından jurnalistika uğurlu sahə hesab olunmur. Ona görə də, xüsusən yeni nəsil ilk fürsətdə başqa sahələrə üz tuturlar. Çoxu jurnalistikadan tramplin kimi istifadə edir".



Təbriz Vəfalı: "Boşluğun yaranmaması üçün jurnalistlərlə bağlı stimullaşdırıcı variantlardan istifadə edilməlidir"


Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalının fikrincə  jurnalistlərin hər hansı bir vəzifəyə irəli çəkilməsi təbii bir prosesdir və burada qeyri-adi bir şey yoxdur. Onun dediyinə görə, keçmiş SSRİ dövründə də bu cür ənənə mövcud olub və xeyli sayda jurnalist ayrı-ayrı sahələr üzrə müxtəlif məsul vəzifələrdə çalışıb:

 "Burada qeyri-adi və anormal bir vəziyyət yoxdur. Hər kəs öz bacarığına, istedadına, təşkilatçılıq və idarəçilik qabiliyyətinə, həyat və iş təcrübəsinə, savadına, biliyinə və digər müsbət keyfiyyətlərinə görə hər hansı bir vəzifəyə təyin edilə bilər".

Mərkəz rəhbəri qeyd edir ki, jurnalistlər, xüsusilə də baş redaktorlar arasında deputat olmaq istəyənlər kifayət qədərdir:  

"Təkcə yazılı və elektron KİV-lərin deyil, müxtəlif jurnalist qurumlarının nümayəndələri də deputat olmaq arzusunda olublar. Onların bu arzusunu, deputatlıq istəyini bir neçə səbəblə əlaqələndirmək olar. Birincisi, bəzi media nümayəndələri düşünürlər ki, cəmiyyətdə müəyyən qədər tanınmaq, söz sahibi olmaq, ictimaiyyət tərəfindən müəyyən dərəcədə qəbul edilmək onlar üçün hər hansı bir vəzifəyə getmək, yaxud, deputat olmaq üçün böyük şansdır və həmkarlarımız bu şanslarını sınamaq qərarına gəlirlər. Bəzi həmkarlarımız isə ilkin mərhələdə öz maddi və mənəvi ehtiyaclarını təmin etmək məqsədilə deputat olmaq və ya vəzifədə işləmək arzusundadırlar. Amma yuxarıda dediyim kimi, bunun üçün bir sıra müsbət keyfiyyətlərə malik olmaq lazımdır. Yəni hər oxuyan Molla Pənah Vaqif ola bilməz. Jurnalistlərin hər hansı bir vəzifəyə təyinatı məsələsinə gəlincə, bu da həmkarımızın öz işinə nə dərəcədə kamil olmasından, onun öz işinə, peşəsinə və vəzifəsinə nə qədər məsuliyyətlə yanaşmasından irəli gələn bir məsələdir. Hər halda bugünədək müxtəlif vəzifələrə təyin olunmuş jurnalistlərin digər həmkarlarımızdan üstün cəhətləri, keyfiyyətləri olub ki, onlar vəzifələrə irəli çəkiliblər. Bu da normal bir proses kimi qəbul olunmalıdır".
Peşəkar və tanınmış jurnalistlərin deputat, yaxud məmur olmaq istəyinə düşmələrinin, yaxud, onların vəzifələrə irəli çəkilməsinin jurnalistikamıza təsirləri barədə də danışan Təbriz Vəfalı vurğulayıb ki, bu amil özünün mənfi və müsbət təsirləri ilə həmişə yadda qalıb: "Bəzi həmkarlarımız düşünürlər ki, güclü maliyyə imkanı, yüksək vəzifələrdə çalışan qohum-əqrəbası, dost-tanışları olmayan jurnalistlərin vəzifəyə irəli çəkilməsi, yaxud, deputat olması qeyri-mümkündür. 
Ancaq mən bu fikirlərlə razılaşmıram, deyilənləri qəbul etmirəm. Məsələn, mənim tanıdığım, vaxtilə mənimlə birlikdə çiyin-çiyinə çalışmış jurnalistlər var ki, onlar ayrı-ayrı dövlət qurumlarında mətbuat xidmətlərinin rəhbərləri və ya ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlarıdırlar. Onların savadları, bilikləri, təcrübələri, təşkilatçılıq və idarəçilik qabiliyyətləri, istənilən işi öyrənməyə və tətbiq etməyə həddən artıq böyük maraqlarının olması və sair həmin həmkarlarımızın vəzifəyə irəli çəkilməsinə heç bir maneçilik törətməyib. Şübhəsiz ki, bu amil media nümayəndələrinin müxtəlif sahələri öyrənməsinə marağını artırır ki, bu, müsbət tendensiya kimi qəbul edilə bilər. Ancaq bununla belə, peşəkar jurnalistlərimizin başqa sahələrə yönəlməsi peşəkar medianın formalaşmasına və jurnalistikamızın daha uğurlu nəticələr əldə etməsinə müəyyən dərəcədə mənfi təsirini də göstərir. Ona görə də istər media qurumları, istərsə də yazılı və elektron KİV-lərin rəhbərləri ilkin mərhələdə jurnalistlərimizin peşəkarlaşması baxımından öz fəaliyyətlərini davam etdirməlidirlər ki, mediamızda boşluq yaranmasın. Amma boşluğun yaranmaması üçün də jurnalistlərimiz üçün stimullaşdırıcı variantlardan istifadə edilməlidir. Əgər bu gün həmkarlarımızın aldıqları maaşlar, qonorarlar kirayə pulunun ödənilməsi, həmçinin normal dolanışıq, ehtiyacların ödənilməsi üçün kifayət etmirsə, peşəkar jurnalistlərimizin deputatlıq, vəzifələrə seçilmək istəyi daim güclənəcək ki, bu da peşəkar jurnalistikamıza çox ciddi mənfi təsir göstərəcək".



Aqil Camal: "Bəziləri perspektivi düşünür. Bu baxımdan, başqa sahəyə üz tutan jurnalistləri də anlamaq lazımdır"


"Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə görə, burada başlıca amil prestijli işə sahib olmaq istəyidir. Peşəsindən asılı olmayaraq insanlar qarşıda olan təklifləri dəyərləndirir: 

"Ona sərf edən, prestijli və perspektivli işi seçir. Bu baxımdan, başqa sahəyə üz tutan jurnalistləri də anlamaq lazımdır.
mma burada iki məsələni fərqləndirmək vacibdir. Bir sıra jurnalsitlər dövlət və özəl qurumlarda mətbuat xidmətlərində işləməyə gedirlər. Bu fəaliyyət bilavasitə mediaya ilə bağlıdır. Yəni, əgər həmin şəxsdə jurnalistika ilə mənəvi bağlılıq varsa, bir şəkildə bu tələbatını təmin edir.
Amma tamamən jurnalistikadan, ictimai-siyasi mühitdən uzaq sahələrə, deyək ki, biznesə üz tutan jurnalistlər hesab etmək olar ki, bu sahəyə könüldən bağlı olmayıblar. Bu zaman artıq onların gedişi ilə jurnalistikanın itiriyini düşünmək lazım deyil".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu