Bəzi restoranlar vətəndaşın “cibinə girir” – NARAZILIQ



Müştərinin sifariş etmədiyini də menyuya daxil edib, onlara “sürpriz” hesab təqdim edirlər


“Sahibkarlar başa düşmürlər ki, bu, birinci növbədə turizm sektoruna zərbədir”



Ölkəmizdəki bəzi restoran sahibləri müştərilərə kələk gəlir. Əcnəbi müştərilər üçün əlavə menyular hazırlanır. Sahibkarlar bir çox hallarda, nəinki əcnəbi müştərilərin, həmçinin yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar.

Sözügedən problemlə qarşılaşan bir neçə müştəri sosial şəbəkədə məsələ ilə bağlı paylaşım edib. Təəssüf ki, bu faktlar müxtəlif restoranlarda indi də baş verir. Görünən odur ki, restoranlar əlavə qazanc əldə etmək üçün yeni fırıldaqlara əl atırlar. Xüsusilə də şəhərin mərkəzində fəaliyyət göstərən bəzi restoranlar belə “xidmət”lə ad çıxarıb.

Müştərilər şikayət edirlər ki, restoranlar onların seçmədiyi əlavə xidmətlərə görə ödəniş tələb edirlər. Məsələn, sifariş götürərkən müştəriyə təklif etmədən menyuya əlavələr edib, yekunda onlara “sürpriz” hesab təqdim edilir. Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb olunur. Bu isə bir çox hallarda mübahisəyə gətirib çıxarır. Beləliklə, istehlakçıların hüquqları açıq-aydın pozulur. Müştəri öz cibinə uyğun sifariş verdiyi halda iki və ya üç dəfə artıq pul ödəməli olur. 



Eyyub Hüseynov: “Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır”


Məsələ ilə bağlı “Şərq”ə danışan Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı təşkilatlarına kifayət qədər şikayətlər daxil olur: 

“Təəssüf ki, bu problem, nəinki turistləri, yerli camaatı da narahat edir. Sahibkarlar başa düşmürlər ki, bu, birinci növbədə turizm sektoruna zərbədir. Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Aparılan monitorinqlər, ictimai qınaq müəyyən qədər bu problemlərin aradan qaldırılmasına kömək etsə də, paytaxtın mərkəzində fəaliyyət göstərən restoranların 60 faizində hələ də eyni problem qalır”.

Birlik sədri qeyd edib ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən restoranlardan da bu məsələ ilə bağlı şikayətlər var: 

“Vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir. Sifariş edilən çayın yanında verilən istənilən təam barədə müştəriyə sual verilməlidir. Təbii ki, əgər bu, menyuda qeyd edilən çayın qiymətinə daxil deyilsə, Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində müvafiq qanun layihəsi hazırlamadığı üçün bu problemlə qarşılaşan şəxslər kimə şikayət edəcəklərini bilmirlər.
Təsəvvür edin ki, restoran sahibləri o qədər harınlayıb ki, dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur, künc masalarda içildikdə isə bir az ucuz təklif olunur. Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bu hansı qanunda yazılıb? Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək. Bu gün onların başına gələn haqsızlıq, sabah sizin və bizim də başımıza gələ bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu