İtaliya səfəri ikitərəfli münasibətlər kontekstində ən yüksək dövlət səfəri hesab olunur - Politoloq



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri bir sıra əlamətlərinə görə əhəmiyyətli oldu.

Bunu Trend-ə politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri ikitərəfli münasibətlər kontekstində ən yüksək dövlət səfəri hesab olunur: "Qeyd etmək lazımdır ki, dövlət başçısı 5 dəfə İtaliyaya səfər edib. Bunlardan 3-ü rəsmi, 2-si isə işgüzar səfər olub. İtaliya ilə Azərbaycan arasında iqtisadi, siyasi və humanitar sahədə münasibətlər yüksələn xəttlə inkişaf edir.

Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində çox önəmli görüşlər keçirib. Burada İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte və İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko, Roma şəhərinin meri xanım Vircinia Raggi xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü də Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin inkişafına təkan verəcək".

İ.Hüseynov vurğulayıb ki, dövlət başçısının İtaliyaya səfəri çərçivəsində 28 sənəd imzalanıb: "Bu sənədlər siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, yüksək texnologiyalar, infrastruktur, mədəniyyət, elm və təhsil sahələrini əhatə edir. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Sənədin bilavasitə Prezident İlham Əliyev və Nazirlər Şurasının Sədri Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü daha da artırır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən bir sənəddir".

Politoloq əlavə edib ki, Azərbaycanın Avropa Birliyi, NATO, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan ölkə ilə belə bir adda imzaladığı ilk sənəd olması nöqteyi-nəzərdən də əhəmiyyətlidir: "Bu sənədin münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracağı şübhəsizdir. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır.

“Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə görə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə - siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və sair sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir".

Ekspert vurğulayıb ki, Birgə Bəyannamədə İtaliya və Azərbaycan bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər: "Qeyd edilməlidir ki, sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasına birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.

Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ötən həftə baş tutmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Prezidentinin tarixi çıxışı ilə Ermənistana vurulmuş diplomatik zərbədən sonra Avropa İttifaqının aparıcı üzv ölkəsi olan İtaliya ilə imzalanmış strateji sənəddə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi Prezident İlham Əliyevin növbəti əhəmiyyətli nailiyyəti kimi qeyd edilməlidir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu