Prezidentin İtaliyaya səfərinin əhəmiyyəti: Ölkələr arasında əlaqələr yeni müstəviyə keçdi

“Prezident İlham Əliyevin İtaliya səfəri xarakter etibarı ilə olduqca ali və yüksək səviyyəli hesab olunur. Çünki yalnız ölkə başçısı dövlət səfərlərini edir. Rəsmi səfərlərə isə həm dövlət, həm də hökümət başçısı gedə bilər. Bu nöqteyi nəzərdən cənab Prezidentin İtaliyaya səfəri olduqca yüksək dəyərləndirilməlidir”.

Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Prezidentin İtaliya səfəri Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter kəsb etdiyini göstərdi:

“Hər iki ölkə arasında münasibətlər olduqca inkişaf edib. Cənab Prezidentin də söylədiyi kimi, bu inkişaf  müttəfiqilik münasibətlərinə şərait yaradıb. İki dövlət arasında mühüm sənədlər imzalandı ki, bu da rəsmi Bakı və Roma arasındakı hüquqi-normativ bazanı daha da möhkəmləndirdi və əlaqələrimizin bundan sonrakı inkişafı üçün yeni bir səhifə açmış oldu. Səfər çərçivəsində imzalanmış sənədlərin içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi vurğulamaq istərdim. Bu sənəddə faktiki olaraq İtaliya-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafının əsas istiqamətləri öz əksini tapıb. 



Elman Nəsirov: “Ən mühüm məqamlardan biri odur ki, hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlardan çıxış edərək bir-birini müdafiə etməyə razılaşıblar”


Fikrimcə, ən mühüm məqamlardan biri odur ki, hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlardan çıxış edərək bir-birini müdafiə etməyə razılaşıblar. Bu, o deməkdir ki, Azərbaycanla bağlı hansısa məsələ müzakirə olunduqda, İtaliya bizi müdafiə edəcək. Eyni zamanda İtaliya ilə bağlı hər hansı mövzu müzakirə olunarsa, Azərbaycan İtaliyanı dəstəkləyəcək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə böyük aidiyyəti var. Bu o deməkdir ki, Qarabağ münaqişəsinin müzakirə olunduğu istənilən platformada İtaliya bizi dəstəkləyəcək. Nəzərə alsaq ki, İtaliya həm də münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Həmçinin Minsk Qrupu yardılarkən ona sədrlik edən ilk diplomat italiyalı idi”. 

E.Nəsirov qeyd edib ki, bu gün Azərbaycan-İtaliya münasibətlərləri strateji xarakter kəsb edir:

“Məlum oldu ki, hər iki ölkə arasında münasibətlərin yalnız enerji deyil, qeyri-enerji sahəsinin də inkişafına böyük diqqət ayrılıb. Yəni, siyasi, iqtisadi, humanitar, mədəni, kosmik, sənaye, hərbi-texniki əməkdaşlıq, turizm və digər sahələrdə İtaliya ilə əlaqələrin inkişafı ilə bağlı mühüm sənədlərə imza atıldı. Bu da münasibətlərin bundan sonrakı inkişafı üçün olduqca vacibdir. Unutmamalıyıq ki, İtaliya bu gün iqtisadi gücünə görə, Avropada 3-cü, dünyada 8-ci, hərbi gücünə görə isə dünyada 12-ci yerdədir. İtaliya 37.7 milyardlıq hərbi büdcəyə malikdir. Bütün bunlar onu göstərir ki, Avropanın aparıcı dövlətlərindən olan İtaliya ilə Azərbaycan əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaranacaq. Məlumdur ki, bu gün İtaliya özünün neftə olan tələbatının 17 faizini Azərbaycan hesabına ödəyir. Hazırda ölkəmizin ticarət dövriyyəsi 6 milyard dolları ötüb və son 10 il ərzində 55 milyard dollardan artıq ticarət dövriyyəmiz formalaşıb. Bunlar onu göstərir ki, münasibətlərimizin bütün spektorlarının inkişafı üçün unikal imkanlar var. Xüsusilə, qeyri-neft sektorunun inkişafında həm İtaliya, həm də Azərbaycan maraqlıdır. İtaliyanın kiçik və orta biznesinin Azərbaycan iqtisadiyyatına cəlb edilməsi əsas hədəflərdən biridir”.

E.Nəsirov həmçinin bildirib ki, birinci vitse-prezident Mehriban xanım Əliyeva İtaliya ilə humanitar əlaqələrinin inkişafı üçün böyük töhfələr verib:

“Xüsusilə Romada katakombaların bərpasında Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir. Məhz bu xidmətlərinə görə, Mehriban xanım yüksək ordenlə təltif edildi. Bütün bunlar bir daha təsdiqlədi ki, Azərbaycan-İtaliya münasibətləri çox yüksək səviyyədə inkişaf tempinə malikdir. Bu inkişaf ilk növbədə regionda sülhə, təhlükəsizliyə xidmət edir və hər iki tərəfin maraqlarına tamamilə cavab verir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu