Professordan koronavirus tövsiyyələri: “Maskalarda gəzməli, yataq rejiminə keçməli və…”

Çinin Vuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən "2019-nVoC” koronavirusu qurbanlarının sayı getdikcə artır. Azərbaycanın qonşusu və daha çox gediş-gəlişi olan İranda da koronavirusa yoluxma halları qeydə alınıb. Məlumata görə, bu virusdan ölənlərin sayı 12-yə çatıb.

Qeyri rəsmi məlumatlara görə isə, Cənub qonşümüzda 50-daən çox insan virusun qurbanı olub. Hazırda Azərbaycanda da virus ajiotajı yaşanır. Sərhəddə koronavirusla bağlı tədbirlər görülür.

Günün mövzusu ətrafında tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətləşdik. Sherg.az-ın virusla bağlı suallarını cavablandıran həkim ilk öncə koronavirusun xüsusi əlamətlərindən danışdı:

-Bu virus ilk dəfə heyvanlardan insanlara transfer etmiş zoonoz tipli viruslardandır. Zoonoz infeksiyalar odur ki, təsadüfən insanlardan heyvanalara keçir. Amma ilkin mənbə heyvanlardan insanlara keçməsidir.  İlk dəfə 1960-cı ildə koronavirus ümumi soyuqdəyməsi olan xəstələrin burun boşluğunda tapılıb. El arasında bunu qrip adlandırırıq, lakin qrip deyil. Yəni, qrip-karantin infeksiyasıdır. Ümumiyyətlə, 4 karantin infeksiyası var: vəba, taun, sarı qızdırma və təbii çiçək. Təbii çiçək vaksinasiya nəticəsində reyestrdən çıxarılıb və onun yerinə qrip əlavə olunub. Qrip dünyada yayıldıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu haqda məlumat verir. Çünki bu xüsusi təhlükəli karantin infeksiyaları ÜST-nın predmetinə aiddir. Bu gün koronavirus təhlükəli vəziyyət yaratdığı üçün ÜST bununla məşğuldur. Bu virus yuxarı tənəffüs yollarında iltihabi proses yaradan soyuqdəymə xəstəliyi törədən viruslardan biridir. Koronavirus respirator virus sayılır, daha çox nəfəs yollarında parazitlik edir, orada problemlər yaradır və bununla da intaksikasiya törədərək sətəlcəm, septikşok, bakterimiya və.s əmələ gətirir. Koronavirusun 10-a yaxın ştamı mövcuddur. Əsas ştamlardan olan sars 800-1000 arası ölüm halına səbəb olan virusdur. Sonuncu ştam 2019-cu il dekabr ayında meydana çıxan "2019-nVoC”  koronavirus adlanır. Artıq bu ştamın xeyli sayda insan tələfatına səbəb olduğunun və dünyanı təşfişə saldığının fərqindəyik. ÜST konkret tədbirlər və təkliflər paketi hazırlayaraq lazımi yerlərə göndərib. Xüsusilə ehtiyacı olan ölkələrə yardımlar olunur. Əslində əsas məqsəd bu infeksiyanı lokallaşdırmaqdır. Koronavirusun digər ştamları hər il peyda olur. Sadəcə olaraq hər il mövsumi xəstəliklər zamanı biz bunu qrip adlandırırıq. İnsanlar bir-birini yoluxdura-yoluxdura bu ştam yayılır və getdikcə lokallaşır.

-Koronovirusa yoluxma hansı hallarda baş verə bilər?

-Bu virsun insandan-insana yoluxması hava-damcı yolu ilə olur. Məsələn, “quş qripi”nin qanla, bəzi virusların isə həzm traktı ilə keçməsi baş verir. Ümumiyyətlə, respirator xarakterli viruslar hava-damcı yolu ilə yayılır. Koronavirus yoluxduqdan sonra yuxarı tənəffüs yollarının qripə bənzər əlamətləri baş verir. Yəni, burun axması, boğazın qıcıqlanması, yüksək hərarət, halsızlıq, əzələlərin ağrıması kimi intaksikasiya əlamətləri olur. Beləliklə, qısa müddət ərzində aşağı nəfəs yollarına və ağciyərə sirayət edir. Əslində viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onlar əsasən canlı orqanizm resurslarından qidalanaraq artır və çoxalır. Ona görə də nə qədər ki canlı orqanizm var, bu virus orqanizm hüceyrələrinin dağılmasına səbəb olur. Bundan sonra orqanizmdə baryer funksiyası pozulur və nəticədə əlavə iltihab prosesi başlayır. Ona görə də koronavirus orqanizm hüceyrələrini sürətlə dağıtdığına görə ciddi fəsadlar yaranır. Məsələn, qeyd olunur ki, Çində insanlar getdikləri yerdə yıxılırlar. Bu adətən bakterial septikşokdan baş verir.



Adil Qeybulla: "Soyuqdəymə olan kimi insanlar aptekə qaçırlar, ya da qonşusunun məsləhəti ilə müxtəlif dərman alırlar. Bu düzgün deyil"


-Bəs, xəstəliyin müalicəsi varmı?

-Ümumiyyətlə, bu virusa konkret olaraq təsir edən maddələr yoxdur. Müxtəlif dərmanlar var ki, onlar müvəqqəti təsir göstərsələr də, virusun orqanizmdən birdəfəlik çıxmasına təsir edə bilmir. Koronavirusun yeni ştamları üçün vaksinlər hazırlanana qədər isə virus lokallaşıb yoxa çıxır. Məsələn, qrip əleyhinə vaksin var. Bu vaksinlər əvvəlki ştama uyğundur. Çünki qrip hər il yeni ştamla ortaya çıxır. Koronavirus hava-damcı yolu ilə yayıldığı üçün insanlarda təmas yetərli olur ki, yoluxma baş versin. Yoxlama zamanı virus 1 nəfər xəstədən 6 adama yoluxub və onların 2-si dərhal xəstələnib. Yəni bu virusun  sürətlə 1 nəfərdən çoxlu adama yayılması mümkündür. 

-Özümüzü necə qoruya bilərik?

-Koronavirus epidemiyaya meyilli olduğu üçün hər bir ölkədə karantin tədbirləri görülməlidir. Bu tədbirlər odur ki, karantin elan olunan zonaya nəzarət güclənsin, giriş-çıxışa nəzarət olunsun, ölkə daxilində kütləvi tədbirlər görülsün. Dezinfeksiya, ayrı-ayrı xəstəxanaların mobilləşdirilməsi, əhali arasında təbliğatın düzgün qurulması, dərman preparatlarının hazırlanması və.s da tədbirlər sırasındadır. Eyni zamanda Çinə, İrana uçuşların müvəqqəti dayandırılması, oradan ticarət əlaqələrinin məhdudlaşdırılması, əhali arasında maarifləndirici tədbirlər görülməsi lazımdır. İnsanlar maskalarda gəzməli, əhali çox olan yerlərdən uzaq durmalıdır. Həmçinin xəstələndikləri zaman yataq rejiminə keçməli, çoxlu maye qəbul etməlidirlər. Çünki intaksikasiya zamanı orqanizmə çoxlu maye lazım olur. Ona görə də bunlara əməl etmək vacibdir. Daha sonra isə həkim çağırmaq və müalicəni həkim nəzarəti altında davam etdirmək lazımdır. Qətiyyən özbaşına müalicə etmək, antibiotiklər və dərmanlar qəbul etmək olmaz. Bu, daha da təhlükəli vəziyyətə səbəb ola bilər.

-Koronavirus artıq İranda da  sürətlə yayılır. Bildiyiniz kimi, İranla gediş-gəlişimiz var. Belə şəraitdə təhülkə yarana bilərmi?

-Sərhədlərdə yoxlamalar ciddi aparılmalıdır. Konkret olaraq koronavirusa qarşı Azərbaycana keçid zonalarında , sərhədlərdə, gömrük məntəqələrində, aeroportlarda, dəmir yolu vağzallarında, avtovağzallarda nəzarət gücləndirilməlidir. Xəstəlik şübhəsi olan adamlar ölkəyə bir müddət daxil edilməməlidir. Məktəblərdə, iş yerlərində, küçələrin seqmentlərində dezinfeksiya tədbirlərinin görülməsi vacibdir. Təbii ki, bunların hamısı müəyyən maliyyə vəsaiti tələb edir. Tədbirlər Azərbaycan səhiyyəsinə məsul olan qurumlar tərəfindən dərhal operativ şəkildə aparılmalıdır.

-Çinlə ticarət əlaqələrimiz var. Həmçinin ölkəmizdə Çin restoranları da fəaliyyət göstərir. Bunun hansısa təhlükəsi varmı?

-Restoranlarda qidalar Çindən gəlirsə, təhlükəli ola bilər. Amma qidaların hazırlanmasında daxili resurslardan istifadə olunursa, bu təhlükə azdır. İstənilən halda insanlar ehtiyatlı olmalıdır. Düşünürəm ki, karantin tədbirləri zamanı insanların təsəvvürü düzgün olmalı, virus haqqında məlumat almalıdırlar. İndi internet əsridir, hər bir məlumat orada var. Soyuqdəymə olan kimi insanlar aptekə qaçırlar, ya da qonşusunun məsləhəti ilə müxtəlif dərman alırlar. Bu düzgün deyil. İnsanlar xəstəliyi ayaq üstə keçirməli deyillər. İnfeksiyaların sovrulması, xəstəliyin yüngül gedişi üçün yataq rejimi mühüm şərtdir. 

-Deyilənə görə ölkəmizdə koronavirusun olduğunu müəyyənləşdirmək üçün xüsusi test gətiriləcək. Bu barədə proqnozlarınız nədir?

-Hesab edirəm ki, ölkəmizə bu testlər gələnə kimi koronavirus lokallaşar. Hər halda testlərin gətirilməsini operativ etmək lazımdır. Genefondun təhlükəsizliyinin qorunması səhiyyəyə məsul olan qurumların əsas vəzifəsidir. Ona görə də hesab edirəm ki, bu məsələlərə operativ reaksiya verilməlidir.

-Çin və Rusiya koronavirusa qarşı vaksin hazırlayır. Bu effektiv ola bilərmi?

-Adətən vaksin hazırlanıb bitəndə koronavirus lokallaşacaq. Çünki virus nə qədər çox yayılırsa hava dəyişdikcə yoxa çıxır. Viruslar daim replikasiyaya uğrayır və dəyişir. Ona görə də bu vaksinlər keçərli deyil. Məsələn, qripin heç bir vaksini özünü doğrultmur. Çünki bu vaksin əvvəlki ştamlara aid olur və yeni ştam üçün təsirli deyil. Düşünürəm vaksinasiyadan öncə başqa tədbirlər görülməlidir. İmmun sisteminin gücləndirilməsi üçün insanlar idmanla məşğul olmalı, meyvə qəbulunu çoxaltmalı, təmiz hava qəbul etməli, çox yağda qızardılmış qidalardan uzaq durmalıdırlar. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu