Elnarə Xəlilova: "İllərdir səhər saat 6-nın yarısı oyanıram..." – MÜSAHİBƏ




"Səhnədə olan bir xanım üçün 4 uşaq böyütmək inanın cəsarət tələb edir"



"Bizdə səfərbərlik elan olunub. Hərə bir şəkildə mənə dəstək olmağa çalışır. Qayınanam, anam, bacım baldızım, hamı bizə kömək edir"



"Anam gələndə iki günün yeməyini hazırlayıb gedir ki, mənə çətin olmasın. Amma böyük mənada isə evimin xanımı da özüməm, qulluqçusu da"



Həm səhnədə  qalmaq, həm də ailə sahibi olmaq o qədər asan deyil. Hələ 4 övlad anası olmaq tanınmışdan ikiqat əziyyət və iradə tələb edir. Qonağımız məhz o iradəsi və gücü olan sənətçilərdəndir. İstər səhnədəki performansından tez-tez danışırlar, istər çoxuşaqlı ana olmasını müzakirə edirlər. 

«Şərq»in budəfəki qonağı müğənni Elnarə Xəlilova oldu. Qonağımızla maraqlı, səmimi söhbətimiz baş tutdu. 

- İllərdir səhnədəsiz. Bir tanınmış xanım müğənni üçün həm səhnədə olmaq, həm də ana kimi məsuliyyət daşımaq nə qədər çətindir?

- Əslində şablon səslənsə də, o qədər asan da deyil. Yəni səhnədə olan bir xanım üçün 4 uşaq böyütmək inanın, cəsarət tələb edir. Şükür Allahıma ki, tanrım mənə o gücü, səbri verib. Mən həyatımdan razıyam. Övlad sahibi olduğum üçün də şükür edirəm. Qaldı çətinliyə, çətindi.

- Necə çatdıra bilirsiz? Axı dayə köməyindən də istifadə etmirsiz…

- Demək olar ki, az yatıram. İllərdir səhər saat 6-nın yarısı oyanıram ki, uşaqları rahatlaya bilim. Gecə yarısına qədər istər ev işləri, istər yaradıcılıq işlərimi çatdırmağa çalışıram. Yuxularıma haram qatıram, amma bunu sevərək edirəm. Çünki mənim üçün ailə dəyərlidir.



- Hər uşağın öz xarakteri var. 4 uşağın nazını çəkmək lazımdı. Deyək ki, hansı uşaq daha kaprizli, digəri sakitdir…

- Təbii ki, hər uşağın öz xasiyyəti var. Hərəyə xasiyyətinə uyğun yanaşıram. Düzünü desəm, sonbeşiyimiz ən kaprizsiz uşaq idi. Ərtoğrul digərlərindən kaprizsiz idi. Nə verirdin yeyirdi, nə deyirdin edirdi, hara aparırdın gedirdi. Artıq böyüdükcə onun da istəkləri yaranır. Artıq o da özünü şəxsiyyət kimi təqdim etməyə çalışır. Təbii ki, hərəsi ilə öz dilində danışıram. Hərənin öz dünyası var. Məsələn, birinci oğluma, Tuğərə sözü bir az sərt demək lazımdı. Çünki yavaş deyəndə onu etmir. Amma Öndərə tam əksinə, sözü yumşaq deyəndə, o, daha tez razılaşır. Qızımla tamamilə fərqli bir ünsiyyət  metodum var. Yəni övladlarımın 4-ü də mənə əzizdir. Dəyərlidir. Sadəcə qız uşağına bir ananın yanaşması fərqli olmalıdır. Yəni bu, tərbiyə sistemində də özünü göstərməlidir. Deyək ki, oğlanlar ataları ilə müəyyən yerlərə birgə gedirlər, ataları ilə daha çox vaxt keçirirlər. O zaman qızımla mən də o zamanı doldurmağa çalışıram. Bir də şükür, uşaqlar təhsilə önəm verirlər. Liseydə oxuyurlar deyə dərsləri çətindi. Yəni maksimum dərəcədə dərslərinə zaman ayırırlar. Təbii ki, ailə ilə dincəlmək, istirahət etmək də lazım gələndə bunu birgə həyata keçirə bilirik.

- Qızınıza xüsusi bir yanaşmanızı eşitmişik. Deyirlər ki, evə o yaşlarda oğlan gəlincə qızınızı evdən göndərirsiz…

- Tam elə də deyil. Sadəcə, hər ana kimi narahat tərəflərim olur. Əvvəla, evimizə yad insan gəlmir. Əgər o yaşda da qonağımız olarsa, evdə nənə-baba yoxdursa, təbii ki, Burlaxatını ya xalası, ya nənəsigilə göndərə bilərəm. Ümumiyyətlə, bu təkcə qızıma qarşı deyil. Oğlanlarıma qarşı da nəzarətim var.

- Yəni mühifizəkar anasız həm də?

- Mühafizəkar deməzdim. Əslində onların ruh dünyalarına  qadağa qoymuram. Sadəcə sosial həyatda bəzi məqamlarda nəzarəti vacib sayıram. Xüsusilə qız uşağına nəzarət olmalıdır.

- Geyiminə qarışırsız?

- Təbii ki, nəzarət edirəm. Ola bilər elə geyim olur ki, onu kənara çıxarkən geyinməyinə razı olmuram. Hərdən rəfiqəm Ümüdə də mənə deyir ki, bu qədər sərt olma. Bu yaşda da elə geyinməsin, nə vaxt geyinər? 

- Axı siz özünüz müasir tərzlə fərqlənmisiz zamanında…

- Mən hara nə geyinəcəyimə həmişə diqqət etmişəm. Bir də mənim də anam hər zaman yanımda olub. Mən səhnəni illərdi görən insanam. Bilirəm nə olar, nə olmaz. Bir də qızıma qarşı mühafizəkarlığım da zamanla bağlı məsələ ola bilər. İndi istər qız, istərsə də oğlan övladına valideyn nəzarəti mütləqdir. Sərbəstlik bəzən acı fəsadlara yol aça bilir.   

- Bəs kim sizə kömək edir?

- (gülür) Bizdə səfərbərlik elan olunub. Hərə bir şəkildə mənə dəstək olmağa çalışır. Qayınanam, anam, bacım baldızım, hamı bizə kömək edir. Yəni lazım gələndə uşaqların əmisi, dayısı onlara zaman ayırır. Ya mənim çəkilişlərim varsa, harasa işlərimlə bağlı gedəcəmsə, anam gəlib evimizdə kömək edir. Misal üçün, anam gələndə iki günün yeməyini hazırlayıb gedir ki, mənə çətin olmasın. Amma böük mənada isə evimin xanımı da özüməm, qulluqçusu da. Mətbəximə də girirəm, evimə də yeməkləri əsasən özüm bişirirəm. Doğmalarımız da bizə dəstək olur.

- Tələbələrinizin olduğunu ilk dəfə imza günündə ortaya çıxardınız. Adətən, müğənnilər tələbələri ilə öyünürlər. Bununla da daha bilikli olduğunu iddia edirlər...

- Mən Gülyaz xanımın tələbəsi olmuşam. Gülyaz-Gülyanaq bacılarının, Aybəniz Haşımovanın, Lalə Məmmədovanın tələbələri olduğunu bilirəm. Ola bilər, hərə fərqli məqsədlə bunu dilə gətirsin. 23 yaşımdan tələbələrim olub. “Şərq ulduzları” qrupum vardı, orada hər yaş qrupundan tələbələrim vardı. Safura Əlizadə, Kəmalə Qaramollayeva, Fərid tələbəm olub. Aralarında çox məşhurlar var. Amma dilə gətirib, “hava atmamışam”. Tələbən olmaq gözəldir, deməli, məktəb ola bilirsən. Özündən sonra iz buraxacaqsan. Hər kəs pedaqoq ola bilmir. Sən gözəl müğənni ola bilərsən, bu, pedaqoq olacağın anlamına gəlmir. Barmaqla sayılacaq qədər şou əhli pedaqoq kimi fəaliyyət göstərə bilir.



- Son zamanlar tanınmışların sosial şəbəkədə savadsız, səhvlərlə dolu yazdıqları statusları müzakirə olunur. Bəzən deyirlər ki, tanınmışlar ictimai fiqurdur, onlar nümunə olmalıdır. Bu fikirlə razısınız?

- Xarici ölkələrdə də savadsız yazan məşhurlar çoxdur. Biz onları buna görə qınaya bilmərik. Yazı şərtidir. Bəzən mən də həyəcanlı olub yazıram. İki gün keçir, baxıram ki, nəyisə səhv etmişəm. Bu o deməkdir ki, savadsızam? Biz tanınmışdan əxlaqlı olmağı tələb edə bilərik. Çünki göz önündədir, canlı nümunədir. Biz uşaq böyüdürük. Niyə televizora baxanda uşağımın tərbiyəsi, zövqü pozulmalıdır? Üst qurumlar seçici davranmalıdır, yüngül senzura olmalıdır. İllər öncə danışığını bilməyənlərin efirdə nə işi vardı? İndi aparıcı özünü apara bilmir, o da qalsın veriliş aparsın. Danışıram, oluram pis. Yoldaşım da məni danlayır. Deyir ki, danışma, qoy, başqası danışsın. Deyirəm ki, mən ana kimi danışıram. 

- Tanınmışlar saxta izləyici artırmaları gündəmdən düşmür. Bu yola onlar tamaşaçıları, yoxsa özlərini aldadırlar?

- “İnstagram” və “Youtube” izləmələrinin çoxu saxtadır. Özlərini aldadırlar. Mənim kimi insanların yanında “hava atırlar”. “Siz heç kimsiz, biz ulduzuq” deyirlər. Mənim saxta izləyicilərə ehtiyacım yoxdur. Elə bilirəm ki, vaxt gələcək, hər şey ələnəcək. Mənim kimi təhsilli, savadlı musiqiçilər az deyil. Sənət olan yerdə çörək olmur. Vaxt gələcək, qədrimizi biləcəklər.

- Müsahibələrinizin birində demişdiniz ki, “Qəhrəman ana” adı və 3 otaqlı ev istəyirsiniz. Bununla bağlı sizlə əlaqə saxlayan oldu?

- Evi 4 otaqlı istəyirəm. Qəhrəman ana olmaq üçün gərək 5 uşağım olsun. 4 otaqlı ev versələr, 5-ci uşaq haqqında düşünərəm.

- 5-ci dəfə hamilə olmağınız barədə xəbərlər tez-tez yayılır...

- Kilolarım hələ üzərimdədir, arıqlamağa çalışıram.  Bəzi paltarlarda kilom bəlli olur deyə hamilə olduğumu düşünürlər. Hər zaman kiloma uyğun geyinirəm. Artıq kilolarımı gizlədirəm. Bəzən isə elə paltar bəyənirəm ki, kilomdan asılı olmayaraq geyinirəm. O zaman da “Elnarə hamilədir” deyə xəbərlər yazırlar. Belə də ki, əri olan doğmalıdır. Qismət olsa, 5-cini də dünyaya gətirərəm. Bir qızım var, 3 oğlum. Qızıma bacı lazımdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu