Paşinyan Xankəndini su yoluna döndərib: Qarabağ separatçılarından narahatdır

"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəlib". Bunu "Sherg.az"a açıqlaması zamanı "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, əslən Dağlıq Qarabağdan olan Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan heç Paşinyan qədər işğal altındakı torpaqlara gəlmirdilər: 

"Bəs niyə Paşinyan az qala hər ay Xankəndinə gəlir? O nədən narahatdır? Paşinyanın “biz münaqişənin həllinə ortaq baxışı müzakirə edirik” sözləri bəhanədir. Eyni mövzunu nə qədər müzakirə etmək olar? Əlbəttə, Paşinyan Münhendə Prezident İlham Əliyevlə danışıqların detallarını da separatçılarla bölüşüb. Ancaq bu, Paşinyanın Xankəndini su yoluna döndərməsinin əsas səbəbi deyil".



Elxan Şahinoğlu: “Nikol separatçıları nəzarət altında saxlamağa çalışır ki, İrəvandakı rejimə qarşı səhv addım atmasınlar”


Analitikin sözlərinə görə, Koçaryan və Sarkisyan Dağlıq Qarabağdakı separatçılara görə arxayın idilər: 

"Çünki Xankəndində oturanlar yaratdıqları klanın təmsilçiləridir. Paşinyan isə Dağlıq Qarabağ separatçıları üçün doğma deyil. Ona görə də Paşinyan tez-tez Xankəndinə gəlib separatçıları nəzarət altında saxlamağa çalışır ki, İrəvandakı rejimə qarşı səhv addım atmasınlar. Martın 31-də separatçılar “prezident seçkisi” keçirəcəklər. Paşinyan seçki öncəsi Xankəndinə  gəlməklə separatçılara həm də o mesajını verir ki, “prezident” seçiləcək şəxs Ermənistan hakimiyyətinin əleyhinə çıxmasın".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu