"Könüllü qonaq"lar – Onlar tənha insanların üzünü güldürür - FOTO



Evlərdə təmizlik işi aparır, həyətlərdə və bağlarda səliqə-səhman yaradır



Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bölgələrdə “Könüllü qonaq” sosial təşəbbüsü həyata keçirilir. “Könüllü qonaq” təşəbbüsü bu həftə Biləsuvar və Goranboy gəncləri tərəfindən davam etdirilib. Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-səhman yaradılmasını nəzərdə tutur.



Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar çay süfrəsi arxasında səmimi söhbət edib, baş çəkdikləri ailəni maraqlandıran mövzular ətrafında söhbət aparıblar.
Region gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də “Könüllü qonaq” təşəbbüsünə qoşulmağa çağırıblar.



“Bu təşəbbüsə bütün regionlarımız, paytaxt da qoşulmalıdır. Həmçinin, bu aksiya aztəminatlı ailələrin uşaqlarına qarşı da həyata keçirilsə, yaxşı olar”


Gənclərin qoşulduğu aksiyanın xoş məram daşıdığını deyən Əməkdar müəllim Almaz Həsrət “Şərq”ə açıqlamasında bu tip aksiyaların yeniyetmə və gənclərin formalaşmasında müsbət əhəmiyyət daşıdığını bildirdi:

- Böyüklərimiz bizə yaşlı insanlara qayğı ilə yanaşmağı daim təlqin ediblər. İbtidai sinif dərsliklərində də xatırlayırsınızsa, böyüklərə hörmətlə yanaşmağa çağırış edən hekayələr, şəkillər olardı. Avtobusda özündən böyüyə yer vermək, yolu keçən yaşlı insana kömək etmək, böyüklərin əlindəki çantanı, hər hansı bir yükü alıb, daşınmasına yardım göstərmək, yaşlı, kimsəsiz insanlara baş çəkmək, tələbat duyduqları ərzaqları mağazadan alıb gətirmək və sair. Bu kimi xırda görünən, əslində isə insanın humanizm prinsipləri üzərində formalaşmasına xidmət edəcək bu davranışlara ya valideynlərimiz bizi təhrik edərdi, ya da məktəbdə müəllimlərimiz tapşırardı, dərsliklərimizdə də oxuyardıq. Çalışardıq, valideynlərimizdən nümunə götürək. Xatırlayıram ki, özüm bir neçə dəfə yaşlı qonşumuz üçün gedib mağazadan çörək almışam. Sinif yoldaşlarımızla evdən özümüzlə məktəbə gətirdiyimiz meyvələri bir dəfə tənha qocalara aparmışdıq. Biz də məktəb illərində belə işlərlə məşğul idik.



“Könüllü qonaq” təşəbbüsü məni çox sevindirdi. Çox gözəl təşəbbüsdür. Bü təşəbbüs gənclərimizdə milli adət-ənənələrimizə söykənən böyüklərə hörmət, duyarlılıq, yardım etmək kimi ən gözəl insani keyfiyyətlərin formalaşmasına kömək edir. Hesab edirəm ki, bu təşəbbüsə bütün regionlarımız, paytaxt da qoşulmalıdır. Həmçinin, bu aksiya aztəminatlı ailələrin uşaqlarına qarşı da həyata keçirilsə, yaxşı olar. Bilirik ki, bəzi ailələr imkansızlıqdan övladlarını məktəbə göndərə bilmir. Yaxşı olardı ki, “Könüllülər ili” çərçivəsində imkanlı ailələr aztəminatlı ailələrə dəstək olsun, məktəbə gedə bilməyən balaları məktəbli forması, məktəb ləvazimatları ilə təmin etsinlər. Xalqımız onsuz da yardımsevərdir. Amma “Könüllülər ili”ndə belə aksiyalar daha böyük əhəmiyyət daşıyacaq. Ən əsası da bu cür aksiyalar daha çox insanı əhatə edə bilər.



“Könüllü qonaq” təşəbbüsünə, sözsüz ki, yerli icra orqanları yardım göstərməlidir. Mənzil-istismar sahələri, yerli bələdiyyələr, bölgələrdə kənd, qəsəbə nümayəndəlikləri yaşlı, ehtiyaclı insanlar barədə məlumatlı olmalı və təşəbbüs iştirakçılarını düzgün yönləndirməlidirlər. Məsələn, bizim binanın bir sakini var, ayaqqabı ustası idi. Binamızın sakinləri onun üçün ayaqqabı köşkü təşkil edilməsinə yardımçı oldular. İndi köşkdə əyləşib çalışır, çörək pulunu qazanır. Belə təşəbbüslər əksər hallarda nəticə verir. Yetər ki, insanlarımız duyarlı olsunlar, köməksizə, ehtiyaclı insana arxa dursunlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu