Hədəflərimiz bəllidir: Xocalının səsini ümumtürk mediası da eşitməlidir



Biz öz dərdlərimizi, problemimizi bilirik. Əsas beynəlxalq arenada ağıllı formada təbliğatın aparılmasıdır


Xocalı faciəsindən 28 il ötür. Bu illər ərzində Azərbaycan dövləti, Prezident İlham Əliyev, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Qarabağ həqiqətləri, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində nəhəng işlər görülüb, bu gün də gərgin fəaliyyət davam etdirilir. Bu, ümumxalq məsələsidir və hər birimiz təmsil olunduğumuz sahədə fəaliyyət göstərməliyik. Beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xüsusən medianın rolu əhəmiyyətli dərəcədədir. Bəs mediamız Xocalı faciəsinin daha geniş tanıdılması, dünya ölkələrinin və xalqlarının ermənilərin 20-ci əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar, torpaqlarımızın işğalı, Azərbaycan dövlətinin əraziləri hesabına qondarma Dağlıq Qarabağ Respublikası yaratmaq istəkləri və bu məkrli məqsədə çatmaq üçün minlərlə günahsız insanı qətlə yetirməkdən çəkinmədiklərindən xəbərdar etmək istiqamətində hansı işlər görüb? Məlumdur ki, Xocalı faciəsinin tanıdılmasında ictimai və beynəlxalq məlumatlandırma əsasdır.  

Xocalı ilə bağlı yeni video-çarx 


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı faciəsinini 28-ci ildönümü ərəfəsində KİV-ə açıqlamasında bildirib ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylər davam edir: 

- Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır. Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim böyük ehtiramla yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan çox ölkənin parlamenti səviyyəsində və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır. Bu prosesdə də ictimai məlumatlandırma, “Xocalıya ədalət!” kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti isə Xocalı faciəsi ilə bağlı yeni videoçarx hazırlayıb.
Fərqli tərtibatda hazırlanan çarxda Xocalı qurbanlarının üzləşdiyi faciə səhnələşdirilmiş şəkildə canlandırılır, eləcə də faciənin miqyası barədə faktlar təqdim olunur.
Qeyd edək ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında bu cür audio-vizual materialların əhəmiyyəti böyükdür. Video-çarxlar, sənədli filmlər, həmçinin bədii filmlər yaddaşlara daha rahat nüfuz edir və hafizələrdə qalır. Xatırladaq ki, Ukraynanın “Novı Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanmışdı. Canlı yayımlanan “Veçerni Çerniqov” verilişində Azərbaycanın Ukraynadakı səfiri Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə geniş məlumat vermişdi.

İnternet resurslarından səmərəli istifadə etməliyik 


Xocalı soyqırımının tanıdılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi istiqamətində son illər aparılan məqsədyönlü fəaliyyətə sosial şəbəkələrdə aparılan kampaniyalar xüsusi vurğulanmalıdır. Bu baxımdan təşkil olunan petisiyalar da böyük əhəmiyyət kəsb edir. Petisiya bir adam və ya birliyin düşüncə və şikayətlərinin, ya da müəyyən bir mövzudakı istəklərinin səlahiyyətli orqanlara göndərilməsini təmin edən yazıdır. Petisiyalar əsasən sosial şəbəkə üzərindən yayılır və burada sosial şəbəkə istifadəçilərinin aktivliyi tələb olunur. Bu günlərdə Koreya Respublikasında Xocalı faciəsinin daha yaxşı tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı petisiyalar yerləşdirilib.
Azərbaycan-Koreya əlaqələrində ilk dəfə olaraq Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar tərəfindən hazırlanan petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir.
Xocalı soyqırımı ilə bağlı həmin petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində petisiyaların imzalanmasına hələ bir neçə il əvvəl başlanmışdı. Bu tədbirlər “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilirdi. Xatırladaq ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Analoji kampaniya bir neçə il öncə ABŞ-da da həyata keçirilmişdi və bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üzrə petisiyaya start verilmişdi. Petisiyada Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən “insanlığa qarşı cinayət” və “soyqırım aktı” kimi tanınması qeyd olunur. Xüsusilə bu sənəddə son zamanlar 100 il öncə baş verən hadisələrə istinad edən erməni lobbisi və onların maliyyələşdirdiyi təbliğatçıların Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətindən gizlətməsi cəhdləri göstərilir.
Xocalı faciəsinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan daha bir addım - Ağ Evin rəsmi saytında Xocalı qırğınını pisləməyə çağıran petisiyanın yerləşdirilməsidir. Bu addım ABŞ Prezidenti administrasiyasının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına cəlb etməyə yönəldilib. Bu petisiya üzrə tələb olunan 100 min imza artıq yığılıb. İndi Amerika ictimaiyyəti, eləcə də tərəqqipərvər dünya ABŞ Prezidentindən ölkə vətəndaşları qarşısında verdiyi vədin yerinə yetirilməsini - 21 il bundan əvvəl erməni hərbçilərinin Azərbaycan xalqına qarşı qanlı cinayətini pisləyən tarixi bəyanatını gözləyir.
Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov da Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib etmişdi. Petisiyada Xocalı soyqırımına dair faktlar diqqətə çatdırılır, məlumat verilirdi ki, insanlığa qarşı böyük terror aktını bir sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.
Azərbaycan Mətbuat Şurası da media nümayəndələrini bu linkdə yer alan petisiyaya imza atmağa, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə çağırmışdı.

Xocalı həqiqətlərini öncə dünyadakı həmkarlarımıza çatdırmalıyıq   


Əməkdar jurnalist Azər Həsrət istər Xocalı faciəsi, istərsə də Ermənistanın Azərbaycan torpaqlarını işğal faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində medianın hədəflərinin aydın olduğunu dedi: 

- Əsas məsələ informasiyanın daha geniş yayılmasının təminidir. Bunun üçün bütün media resurslarından səmərəli istifadə olunmalıdır. Amma bizim dünya ölkələrinin media quruluşları ilə əlaqələrimiz istənilən səviyyədə deyil. Uzağa getməyək, hətta türk dünyası mediası ilə əlaqələrimiz zəifdir. Türk dünyası dedikdə, yalnız Türkiyə dövləti nəzərə gəlməməlidir. Bu, ümumi işin ziyanına olar. Türk dünyası çox geniş bir arealdır. Bunun Özbəkistanı var, Qazaxıstanı, Qırğızıstanı, Türkmənistanı var. Güney Azərbaycan var. Biz niyə Güneydə yaşayan 40 milyon soydaşımızı unuduruq?! Xarici ölkələrin media quruluşlarında fəaliyyət göstərən türk həmkarlarımızla əlaqələrimiz qurulmalı və birgə fəaliyyətə meyl etməliyik. O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan, xeyrimizə olan informasiyaların yayılmasını da təmin edə biləcəyik. Mütləq sıx əlaqələr qurulmalı, jurnalist şəbəkəsi fəaliyyət göstərməlidir. Azərbaycanın haqq davası bütün türk dünyasının ortaq problemi kimi qəbul olunmalıdır. O cümlədən də Xocalı faciəsi. Xocalı faciəsi - ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasəti bütün türk dünyasını məşğul edən və beynəlxalq aləmə hamı tərəfindən çatdırılması və Azərbaycanın haqq işinin müdafiə edilməsi vacib bir iş kimi qəbul edilməlidir. Eləcə də, qondarma erməni soyqırımı. Bu barədə təkcə Azərbaycan və ya Türkiyə mediası deyil, ümumtürk mediası səsini ucaltmalıdır. Tarixi günlərdə, əlamətdar hadisələr zamanı, unudulması yasaq olan faciələrimizin anım günlərində birgə layihələr həyata keçirilməli, görüşlər, media körpüləri təşkil edilməlidir. Ən əsası da bunlar barədə məlumatların dünya mediasına çıxışı təmin edilməlidir. Mən şahid olmuşam ki, Qarabağ problemi, Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın işğalı, qaçqınlarımız, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız barədə türk dünyası jurnalistləri ya məlumatsızdır, ya da çox az məlumatlıdır. Media quruluşlarında bu barədə məlumat ya ümumiyyətlə yoxdur, varsa da, çox az məlumat var, bəzən hətta yanlış informasiyalardır. Əsas beynəlxalq arenada ağıllı formada təbliğatın aparılmasıdır. Əgər problemlərimizi ağıllı formada dünyaya çatdıra bilsək, istədiyimiz, gözlədiyimiz nəticə alınacaq. Xocalı, Qarabağ müharibəsi ilə bağlı çəkilmiş hansı filmlərimiz varsa, istər bədii olsun, istər sənədli, qısametrajlı və sair, bu filmləri sadəcə Azərbaycan auditoriyasına təqdim etməklə kifayətlənmək olmaz. Filmlər müxtəlif əcnəbi dillərə tərcümə olunmalı, yaxud subtitrlə verilməli və beləcə nümayişləri təşkil edilməlidir. Daxili auditoriya bu filmləri görüb. Bizə lazımdır ki, xarici auditoriya bu filmləri izləsin və fikir, rəy bildirsin. Biz öz dərdlərimizi, problemimizi bilirik. Əsas beynəlxalq arenada ağıllı formada təbliğatın aparılmasıdır. Burada ən effektli vasitələr əlbəttə ki, audio-vizual materallar, internet resurslarından istifadə, sosial şəbəkə istifadəçilərinin aktivliyidir. Biz təbliğatımızı bu istiqamətdə davam etdirməliyik. Yoxsa gedib Avropada ermənilərin başımıza açdığı oyunlardan, tarixi faktlardan danışanda heç kimin vecinə olmur. Çünki indi Avropaya dünyanın hər yanından belə dərdlə gəlib şikayət edənlər, ağlayanlar çoxalıb.
Təbliğat xəttimizi dəyişməliyik. Faciələrin, soyqırımların, işğal faktının təqdimatında müasir metodlar istifadə olunmalıdır. Bunun üçün də texnologiyanın hazırda verdiyi geniş imkanlardan yararlanmalıyıq. Təbliğat yerimiz Avropa, Rusiya, Amerika olmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu