Həm qardaş, həm tərəfdaş: Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnəkdir - ŞƏRH

“Azərbaycan və Türkiyə strateji əməkdaşlığa malik ölkələrdir”. Bunu Sherg.az-a açıqlamasında Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

İqtisadçı bildirib ki, hazırda Türkiyə iqtisadiyyatında Azərbaycan sərmayələri xeyli çoxalıb: 

“Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayə yönəldən 5 ölkədən biridir. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə iqtisadiyyatına ən çox sərmayə yönəldən xarici şirkətdir. Ölkəmiz Türkiyə iqtisadiyyatına investisiya qoyuluşları baxımından aparıcı mövqeyə malikdir. Bu da təbii ki, Türkiyə iqtisadiyyatına mühüm töhfələr verir. Sözsüz, Türkiyə də öz növbəsində Azərbaycanla əməkdaşlığa, ticari və iqtisadi münasibətlərə böyük önəm verir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi də bunu göstərir”.



Vüqar Bayramov: “Strateji əməkdaşlığın genişlənməsi, iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişafı yaxın gələcəkdə həm ticari dövriyyədə, həm də iqtisadi əlaqələrdə artıma səbəb olacaq”


V.Bayramov bildirib ki, Türkiyə Azərbaycanın demək olar ki, bütün strateji meqa layihələrin iştirakçısıdır: 

“Bakı-Tbilisi-Ceyhan qardaş ölkənin ərazisi ilə reallaşdı. Eyni zamanda Cənub Qaz Dəhlizi Türkiyəyə 7 milyard kub metr mavi qazın nəqlini həyata keçirəcək. Bu, 40 milyard dollara yaxın investisiya tutumu olan bir layihə deməkdir. Bununla Azərbaycan mavi qazının Türkiyə üzərindən Avropaya çatdırılmasını təmin edəcək”. 

Ekspertin sözlərinə görə, Azərbaycan da Türkiyə ilə əməkdaşlıqdan faydalanır və buna xüsusi dəyər verir: 

“Çünki bu əməkdaşlıq strateji önəm daşıyır. Qarşıdakı illərdə ticarət dövriyyəsinin daha da artırılması imkanları genişdir. O cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi imkanları var. Strateji əməkdaşlığın genişlənməsi, iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişafı yaxın gələcəkdə həm ticari dövriyyədə, həm də iqtisadi əlaqələrdə artıma səbəb olacaq. Bu da hər iki ölkə iqtisadiyyatının qarışıqlı sərmayə qoyuluşundan faydalanmasına gətirib çıxaracaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu