Guya valideyn səhv seçim etmir ki? - Hüquq müdafiəçisi gəncləri dəstəklədi

Bu gecə Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon Qaraqaşlı kənd sakini, Rzayeva Günel Muğdət qızı və Məmmədov Balahüseyn Söhrab oğlunun Dəniz Vağzalının yaxınlığında özlərini dənizə atması hadisəsi ilə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Hadisə zamanı B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. G.Rzayevanın meyitinin aşkarlanması istiqamətində aidiyyatı qurumlar tərəfindən iş aparılır. 

İlkin ehtimala görə, hadisəyə səbəb qızın valideynlərinin gənc cütlüyün sevgi münasibətinə etiraz etməsi olub. Sosial şəbəkə istifadəçiləri belə halda valideynləri qınayırlar, sevgiyə hörmət etməməkdə günahlandırırlar. 

Təbii ki, bu, ölkədə ilk hadisə deyil. Əvvəllər də valideynlərin gənclərin sevgi münasibətlərinə müdaxiləsi faciələrlə nəticələnib. Bəs niyə ana, atalar hələ də övladlarının sərbəst qərar qəbul etmə lərinə icazə vermirlər? 



Mehriban Zeynalova: “Mən ənənəviliyin və ya valideynlərin qayğıkeşleyinin, narahatlığının əleyhinə deyiləm. Amma seçimlərə müdaxilə etmək olmaz”


Məsələ ilə bağlı Sherg.az-a münasibət bildirən hüquq müdafiəçisi Mehriban Zeynaova qeyd etdi ki, bu cür müdaxilələrdə hətta cinayət tərkibi var: 

“Təbii, məsləhətlə təhrik etmək eyni anlayışlar deyil. Valideynlər övladlarına məsləhət verə bilər. Ancaq onları hansısa addıma atmağa və ya atmamağa məcbur etmək qadağandır. Belə hallar cinayət məsuliyyəti ilə yekunlaşmalıdır. Valideyn özünə haqq qazandıraraq uşağının gələcəyini düşündüyünü deyə bilər. Lakin bu, heç bir halda kiminsə seçim hüququnu əlindən almaq üçün əsas deyil. Hər bir gənc müstəqil şəxsiyyət kimi qəbul edilməli və onun seçimlərinə hörmətlə yanaşılmalıdır”. 

“Adətən valideynlər hansısa maraqları düşünərək övladlarının seçimlərinə müdaxilə edirlər”


Hüquq müdafiəçisinin fikrincə, gənclər öz seçimlərində azad olmaları üçün ilk növbədə sərbəst yaşamağı bacarmalıdırlar:

“Gənclər gərək ilk növbədə iqtisadi cəhətdən azad olsunlar. Əgər belə olarsa, valideynlərin övladlarının gələcək taleyi ilə bağlı narahatlığı nisbətən azalar və onlar daha humanist olarlar. Mən ənənəviliyin və ya valideynlərin qayğıkeşleyinin, narahatlığının əleyhinə deyiləm. Amma seçimlərə müdaxilə etmək olmaz”. 
Müşahidələrdən məlum olur ki, bəzən də gənclər öz müstəqil seçimlərində yanılır, böyüklərin sözünə qulaq asmadığına görə ailə faciəsi ilə üzləşirlər. 

Hüquq müdafiəçisi düşünür ki, heç kim-nə valideyn, nə də övlad seçimin müsbət nəticələnəcəyinə əmin ola bilməz: 

“Guya valideyn səhv seçim etmir ki? Onlar da yanıla bilər. Adətən valideynlər hansısa maraqları düşünərək övladlarının seçimlərinə müdaxilə edirlər. Mən bununla razılaşa bilmirəm. Ailədə birgə qərar qəbul etmək bacarığı formalaşmalıdır. Övladlar valideynlərin sözünü dinləməli lakin müstəqil qərar verməlidirlər”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu