Vaqif Səmədoğlunun həyat yoldaşı: “...Onda mənim də həyatım dayanacaq”-Müsahibə

“Vaqif müəllimlə bağlı gördüyüm bütün işlər ömrümün mənasıdır. Bu işlər mənə təskinlik verir, istiqamətləndirir”

“Sən demə, onun 24 yaşında yazdığı şeiri 50 ildən sonra özünə qismət olacaqmış”  

“Deyirdi ki, mən harada oluramsa, olum o misra mənim yerimi göstərəcək. Mənə elə gəldi ki, o misra da qəbir daşına yazılmalı idi, yazıldı da”



Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova “Şərq”ə müsahibə verib. 

(Əziz oxucular, adətən, ən maraqlı və oxunaqlı məqalələrə giriş yazmaq çətin olur. Bu mətn də xeyli orijinal olduğu üçün girişsiz təqdim etmək qərarına gəldik)  

Söhbəti təqdim edirik.

-Yanvarın 28-i Vaqif müəllimin vəfatının 5 ili tamam oldu. Bu 5 ildə şairin xatirəsinin əbədiləşməsi istiqamətində nə kimi işlər görülüb?

7-8 aydır, Vaqif Səmədoğlu Mərkəzində ədəbi gecələr keçiririk. Burada tək Vaqif müəllimin yox, digər şairlərin də gecələri qeyd olunur. Düzdür, ilk gecəni V.Səmədoğluna həsr etdik. Daha sonra onun vəfatının 5 illiyi qeyd olundu.



Ayda bir dəfə ədəbi, bəzən isə musiqili gecələr təşkil olunur. Yəni, musiqi ilə müşayiət olunan gecələr keçirilir. Əsas yük isə iki nəfərin- Kamran M. Yunis və  Xəzər Süleymanlının üzərinə düşür. Onlar bu gecələrin təşəbbüskarlarıdır.



-Yanılmıramsa, Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Poeziya Teatrı yaradılıb. Bu ideya haradan doğdu? 

-Bəli, belə qərara gəldik ki, bu gecələri təşkil etməklə yanaşı Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Poeziya Teatrı yaradaq. Azərbaycanda belə bir Poeziya Teatrı yoxdur. İlk poeziya teatrı məhz Vaqif Səmədoğlunun adı ilə bağlıdır. Burada yalnız Vaqif müəllimin şeirləri yox, Azərbaycan və dünya ədəbiyyatından olan poeziya nümunələri təqdim olunacaq. Həyata keçən və keçməyən xeyli ideyalarımız var. Təəssüf ki, yerimiz yoxdur.

-Öncə, reallaşdırdığınız ideyalardan danışaq. Hansı ideyanı gerçəkləşdirmisiniz?

 -Məsələn, ötən il Vaqif müəllimin 80 illiyi ilə bağlı onun şeirlərindən ibarət audio kitab buraxıldı. Şeirləri Kamran M. Yunis səsləndirib.  Həm də bilirsiniz ki, Vaqif müəllim hərtərəfli şəxsiyyət idi. O yalnız şair deyildi. Vaqif Səmədoğlu yaxşı drammaturq, professional musiqiçi və peşəkar fotoqraf idi. Piterdə oxuyan gənc rəssam Elşad bəy belə bir ideya verdi ki, Vaqif müəllimin çəkdiyi fotolardan  ibarət sərgi təşkil edək. Və bunu həyata keçirdik. Sərgi ötən il dekabrın 25-də “Qalereya 1969”da baş tutdu. Xeyli maraq doğurdu.



Mən o şəkillərə başqa bir bucaqdan, başqa bir rakursdan yanaşıram, baxıram. Onun çəkdiyi şəkillər, sanki, poeziyasının davamıdır.  Vaqif müəllimin çəkdiyi elə şəkillər var ki, həmin fotoların məzmunu ilə qələmə aldığı şeirlərin məzmunu uyğunlaşır. Mən həmin şəkilləri seçdim və onun müxtəlif şeirləri ilə eyniləşdirdim. Amma son zamanlar vaxt edə bilmirəm deyə,  o iş də yarıda qaldı. Amma yavaş- yavaş gerçəkləşdirəcəyik. 

-Şairin yarımçıq qalan, işıq üzü görməyən əlyazmaları vardımı və onların aqibəti necə olacaq?

-İndi onun kitabları ilə məşğulam.  Demək olar, iki kitabı hazırdı.  Vaqif müəllim gedəndən sonra 2016-cı ildə çap olunmayan şeirlərindən ibarət kitabı işıq üzü gördü. 

-İndi də növbəti şeirlər kitabı çapa hazırlanır? 

Xeyr! Vaqif müəllimin poemaları da vardı. O həmişə təəssüflə deyirdi: “Mənim poemalarım populyar olmadı”. Onun təəssüf dolu bu sözləri daim beynimdə fırlanırdı. Ona görə də poemalarını yığdım. Başqa bir poeması da var ki, o da çap olunmayıb . Onu da çapa vermək istəyirik. Sağ olsun, gənc şair Fərid Hüseyn. Vaqif müəllimin poemaları haqqında geniş bir məqalə yazdı. O poemalar Fərid bəyin ön sözü ilə işıq üzü görəcək.
 
-Kitabın adı müəyyənləşibmi?
 
-Hələ ki yox. Adlar beynimdə fırlanır. Birdən yeni ideya gələrsə, son məqamda onu qoyacağıq. Ona görə bəri başdan ad demək istəmirəm.  Bu gün bir ad deyə bilərik, sabah ağlıma başqa bir ideya gələr və adı dəyişməli olarıq. Ona görə də bəri başdan nəysə demək istəmirəm. 

-Şair xəstəliklə mübarizə ərəfəsində verdiyi müsahibədə qeyd etmişdi ki, beyni, ürəyi, sanki, şeir qəbiristanlığıdı. Şeirlər, sözlər gəlir, amma yaza bilmir... 

-Bəli, xəstəlik öz sözünü deyirdi. Allah hər kəsdən uzaq eləsin. Ağrıları olanda o ağrıların təsiri altında şeir yazmaq olmurdu. Bax belə! (qüssələnir). 



-Ötənlərdə Vaqif Səmədoğlu Ankarada anıldı...

- TÜRKSOY–un təşəbbüsü ilə Ankarada tədbir təşkil olundu. Olduqca gözəl toplantı idi.  Təşkilatçıların hər birinə minnətdaram. Əsas məsələlərdən biri də odur ki, Vaqif müəlimin 80 illiyi ilə bağlı “Vaqif Səmədoğlu Medalı” təsis etdik. Və bu medallar ötən il öz doğum günündə layiq olanlara təqdim edildi. Medal o kəslərə verilir ki, doğrudan da, onlar Vaqif Səmədoğlu yaradıcılığını qiymətləndirir və şairin təbliğində rolları var.  Sağlıq olsun, proses davam edəcək.

-Tam mübaliğəsiz demək olar ki, Vaqif Səmədoğlu gənclərin sevimlisidir. Gənclər, gənc oxucular onu yad edirlərmi?
 
-Vaqif müəllim bir şeirində yazdığı misradan təsirlənərək onun məzarı üstünə gənc bir xanım ayaqqabı qoymuşdu. Bundan sonra məndə ideya yarandı və onun qəbrini tam fərqli formada, həmin şeirindəki misralarına uyğun düzəltdirdik. Mənə elə gəlir ki, onun qəbri elə belə olmalı idi, oldu da. Düzdü, bu ağırdır, amma o şeirində belə yazmışdı. Deyim ki, həmin şeiri 24 yaşında qələmə almışdı:



Məzarıma nə baş daşı qoyun, nə heykəl 
Bir cüt ayaqqabı qoyun, ayağı yalın geyinib getsin.

Sən demə, onun 24 yaşında yazdığı şeiri 50 ildən sonra özünə qismət olacaqmış.  Xaraktercə qeyri-adi, fərqli insan idi. Bu fərqliliyi, orijinallığı  düşüncəsində, davranış və şeirlərində aydın görmək olur. Belə fərqli insanın məzarı da fərqli olmalı idi. Mən belə düşünürəm.  Onun bir sözü vardı: “Mən burdayam, İlahı”.  Deyirdi ki, mən harada oluramsa, olum o misra mənim yerimi göstərəcək. Mənə elə gəldi ki, o misra da qəbir daşına yazılmalı idi, yazıldı da. (kədərlənib, köks ötürür)

-Vaqif müəllimin çox mükəmməl yumoru vardı.  Elə adamlar var, evdə sərt olur, çölə çıxan kimi yumorunu işə salır. Bəs, şair  ailədə necə idi? 

-Əlbəttə, o evdə də yumorla danışırdı, davranırdı. Onun üçün yumorsuz yaşamaq mümkün deyildi.  Xəstə vaxtı da, sağlam vatdı da yumordan istifadə edirdi. Onu sevdirən də elə bu xarakteri idi. Vaqif müəllim yumordan silah kimi istifadə edirdi. Özü də hansısa bir fikrinə yumor qatanda gülmürdü, əksinə ciddi görkəm alırdı. Onun ciddiliyi də gülüş, ovqat  doğururdu. Bu da insanı cəlb edirdi. Hər şeyi sakit-sakit, aramla danışırdı. 

-Ötən 5 il Vaqif Səmədoğlusuz necə keçdi? 

-Bu 5 ildə xeyli işlər gördük. İlk növbədə Səməd Vurğun Muzeyində Vaqif  müllimin guşəsini yaratdıq. Onunla bağlı gördüyüm bütün işlər həyatımın mənasıdır. Mənə elə gəlir ki, bu işlər mənə təskinlik verir və istiqamətləndirir.  Ki, bunu da etməlisən. Əgər dayansam, onda mənim də həyatım dayanacaq. 

-Şairin qələm dostları sizinlə maraqlanırmı, onun məzarını ziyarət edirlərmi?
  
-Anar müəllim, (AYB sədrini nəzərdə tutur) maraqlanır. Həyatın bir qanunu var. Heç kəsdən umub-küsmək olmaz. Həyatda hər şey olur. Mənim də həyatımda yaşanıb. Yaxın rəfiqələrimi itirəndə kədərləndim. Hər dəfə onlardan danışılanda qəhərlənirəm,  amma müəyyən vaxt  keçdikdən sonra həyat öz axarına dönür. Şairin dostlarından Anar müəllim sağ olsun!  Vaqif müəllimlə bağlı təşkilatı işlər Anar müəllimsiz olmazdı. İnsan hər şeyə qiymət verməyi bacarmalıdır.



Anar müəllimin Vaqifə Səmədoğluna, onun da Anar müəllimə çox böyük hörməti olub, var.  Gənclikdən, cavanlıqdan gələn əlaqələr idi. Çox minnətdaram Anar müəllimə. Ankarada baş tutan tədbirdə Anar müəllimin rolu böyük oldu. Qismət olsa, Rusiyada da analoji toplantı təşkil etmək fikrimiz var. Bu işlər Anar müəllimin səyi nəticəsində reallaşır. 

-Vaqif müəllim digər yaşlı həmkarlarından fərqli olaraq, gənc yazarlarla dostluq edirdi.  Gənclərdən kimlər şairi və sizi yada salır? 

-Bəli, ilk dəfə muzeyə gələn, məndən müsahibə alan Fərid Hüseyn oldu. Fərid vəfalı çıxdı. Onunla tez-tez danışırıq. Səlim Babullaoğlu maraqlanır. Arada Kəramət  Böyükçöl zəng edir. Məndən müsahibə də almışdı. Zəng edəndə Vaqif müəllimə öz hörmətlərini ifadə edirlər. Yazıçı Ülviyyə Heydərova, Pərvin və başqaları maraqlanırlar.  Vaqif müəllimlə tanışlıqları vardı,  mən də onlarla daha yaxından tanış oldum.  Bu cavanların hər birinə minnətdaram. İlk gündən dedim ki, muzeyin qapıları bütün cavanlara açıqdır. Çünki gələcək cavanlarındı. Bütün şairləri, yaradıcı insanları da yaşadan cavanlardır. Yenə deyirəm, qapılar açıqdı. 

-Sizə şeir həsr edibmi?

-Əlbəttə!  Özü mənə deyirdi ki, sən həyatımda yeganə qadınsan ki,  sənə ünvanlı şeir yazmışam. Vaqif müəllim mənə bir deyil, bir neçə şeir ithaf edib. 

-Şair Feysbukda çox aktiv idi. İndi onun profilini kim işlədir?

-Sözün düzü, hərdənbir girib, baxıram, amma sosial şəbəkədə aktivliyi xoşlamıram. Arada izləyirəm ki, görüm kimlər nə yazıb. Deyim ki, Vaqif müəllimin Feysbuk və İnstaqram səhifələri var.


Həmin səhifələrə Vaqif Səmədoğlunun oxucusu olan bir xanım nəzarət edir. Nəzrin adlı, birinci kurs tələbəsidir. Vaqif müəllim onun kumiridir. O xanımla bu il tanış olmuşam. Hər şeyi özü təşkil edib, yaradıb. Çox sağ olsun. Mən belə insanlara minnətdaram. 

-Şeirləri adətən, günün hansı hissəsində yazırdı?
 
-Gecə yazırdı. Gündüz də onu maşında yığırdı. Yenə deyirəm, Vaqif Səmədoğlu şeirləri ancaq və ancaq gecə yazırdı...

Nüşabə xanım işə tələsdiyini deyir və biz söhbəti dayandırmalı oluruq... 
 





     

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu