Qarabağda müharibə başlaya bilər: Ermənistanın qıcıqlandırıcı addımları çoxalıb - ŞƏRH

Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Şəhid əsgərimiz Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

"Bundan əvvəl də Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik edəcək addımlar atıb. Son vaxtlar isə Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı qıcıqlanqdırıcı və təhrikedici addımlarını intensivləşdirib".

Bu sözləri düşmənin diversiya qrupunun törətdiyi təxribatı şərh edən "Sherg.az"a hərbi-siyasi icmalçı  Ramil Məmmədli deyib. 

Onun sözlərinə görə, ermənilərin təxribat xarakterli hərəkətlər etməsinin məqsədi məlumdur. Yəni münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldıqda və ya atəşkəslə bağlı razılaşma əldə olunduqda, xarici qüvvələrə və separatçılara xidmət edən erməni komandirlər, siyasətçilər dərhal cəbhədə təxribatlara əl atırlar: 



Ramil Məmmədli: “Ermənistan anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətin bu şəkildə davam etməsini loyal qarşılamayacaq və əks tədbirlər görəcək”


"Əsas niyyət isə münaqişənin nizamlanmasının qarşısını almaqdır. Danışıqlar prosesinin sürətləndiyi zaman status-kvonun saxlanılmasında maraqlı olan qüvvələr cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində müxtəlif təxribatlara əl atırlar. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahlarla  ordumuza atəş açırlar. Məqsəd isə  danışıqları ləngidib, sülh prosesini arxa plana atmaqdır ".

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayan ekspert deyib ki, Ermənistan beynəlxalq hüquq normalarının ziddinə gedərək təmas xəttində gərginlik yaratmaqla, illərdir danışıqlar  prosesinə kölgə salır:

“Göründüyü kimi Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir, hər dəfə danışıqlarda cüzi irəliləyiş əldə olunanda, dərhal müxtəlif vasitələrlə danışıqlar prosesini pozur. Artıq Azərbaycanın atacağı addımlar Ermənistanın tutduğu mövqeyə adekvat olmalıdır. Ermənistan anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətin bu şəkildə davam etməsini loyal qarşılamayacaq və əks tədbirlər görəcək. Bununla Ermənistan silahlı qüvvələri ağır zərbələrlə qarşılaşa bilər. Nəticədə düşmənin danışıqlardan yayınmaq üçün həyata keçirdiyi təxribatlar onun xeyrinə işləməyəcək”.

Düşmənin müntəzəm olaraq Azərbaycan Silahlı Qüvvələrini atəşə tutduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, cəbhədə sabitlik yaranmadan Ermənistanla danışıqlar qeyri-mümkündür: 

"Nikol Paşinyan Ermənistandakı separatçı qüvvələrin münaqişənin sülh yolu ilə həllinə imkan vermədiklərini açıq şəkildə etiraf edə bilmir. O, Ermənistandakı  "hərbi xunta"dan qorxduğu üçün münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda kifayət qədər ehtiyatlı davranır, seperatçı quldur dəstəsinin maraqlarına uyğun açıqlamalar verir.  Cəbhədə vəziyyətin bu formada davam etməsi sülh prosesinə ancaq xələl gətirə bilər. Nəticədə ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan yaranmış vəziyyətlə sona qədər razı olmayacaq. Yəni, bizim ölkə şəhid verirsə, artıq Azərbaycan Ermənistanı cəzalandırmaq üçün addım atmalıdır. Bu cür vəziyyət davam etdikcə, müharibə riski artır. Azərbaycan artıq işğal olunmuş ərazilərini özü azad etmək məcburiyyətində qalır. Hesab edirəm ki, Ermənistan tərəfinin tutduğu mövqeyi müharibə riskinin artırılması kimi dəyərləndirmək olar". 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin dalana dirəndiyini vurğulayan hərbi ekspert hesab edir ki,
Cəhbədə baş verən gərginlik, ordumuza qarşı edilən təxribatlardan istifadə edib, 2016-cı ilin aprel ayında baş verən uğurlu döyüş əməliyyatlarını davam etdirməlidir. Bizim üçün qarşıda dayanan başlıca məqsəd də ərazi bütövlüyümüzün bərpasıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu