“Üç nöqtə”: Bu, hələ son deyil


...Digər tələbələrlə birlikdə 221-ci otaqdan çıxır və tədbirin keçiriləcəyi 300-cü auditoriyaya yollanıram. Dekan müavinimiz Könül Niftəliyevanın “Qəzetdə praktik iş” fənnində qonaq kimi iştirak edirdim.

Həm bu fənn, həm də ümumilikdə müəllimlərim üçün (BDU, Jurnalistika) çox darıxmışdım. Tədbirin keçiriləcəyi auditoriyanın qarşısında müəllimlərimi - dekanımız Vüqar Zifəroğlunu, professor Cahangir Məmmədlini, dekan müavinimiz Samir Xalidoğlunu, studiya müdirimiz Ramin Rzayevi, Esmira Rövşənovanı, Ellada İbadovanı görəndə sevinirəm. Könül xanım məni Radio- televiziya jurnalistikası kafedrasının müəllimi Natəvan Dəmirçioğluna bir az mübaliğə ilə təqdim edir: “Yaxşı yazır, reportaj ustasıdır”.

 
 Çox keçmir ki, hər kəs yerini tutur. Dekan müavini Samir müəllim tədbiri giriş sözü ilə açaraq bildirir ki, Natəvan xanımın rəhbərliyi ilə 039-cu qrup tələbələrinin hazırladıqları radiotamaşa təqdim olunacaq.

 Müəllifin eyniadlı povesti əsasında ərsəyə gətirilən və fakültəmizin tədris teleradio studiyasında, buranın peşəkar kollektivinin köməkliyi ilə hazırlanan “Üç nöqtə” radiotamaşası 20 Yanvar şəhidlərinin və Xocalıda qətl edilənlərin və
Xocalıdan məcburi köçkün olanların xatirəsinə həsr olunub. Hamı diqqətlə dinləyir. Canlı nitqlə birlikdə arabir eşidilən musiqi və səs lövhələri təqdim olunan materialı daha canlı, maraqlı edir. Əlbəttə, təkcə dialoqlarla, monoloqlarla iş düzəlmir. Musiqi ilə səs lövhələri də radionun ifadə vasitələri sırasındadır. Bunu mənə vaxtı ilə professor Qulu Məhərrəmli, Aynur Nəsirova, Əli Hacıyev kimi mütəxəssislər öyrədiblər. Əlbəttə, Natəvan xanım da öz tələbələrinə deməmiş deyil. Hər halda onun necə bir alim, media eksperti olduğu çoxlarına məlumdur. 

 Radiotamaşa davam etdikcə həm qeydlərimi götürür, həm də ətrafı müşahidə edirəm. Heç kim sakitliyi pozmağa cəsarət etmir. Bunun birinci səbəbi şəhidlərimizin ruhlarına etiramdırsa, ikinci səbəbi, heç şübhəsiz, radiotamaşanın maraqlılığıdır. 039-cu qrup tələbələri öz mətnlərini böyük həvəslə səsləndiriblər. Bu isə kollektivin öz işinə ürəkdən yanaşmasının göstəricisidir. 

 Gözüm ön sırada əyləşən Cahangir müəllimə sataşır. Nə isə düşünür. Fikrinin çox uzaqlarda olduğunu hiss edirəm. Deyəsən, tamaşadakı epizodlar onu da təsirləndirib. Fakültədə hər kəs yaxşı bilir ki, şəhidlərdən söhbət gedəndə Cahangir Məmmədli istər-istəməz tutulur, xəyala dalır. Ümumiyyətlə, Azərbaycan jurnalistlərinin çoxunun müəllimi olan, ustad, mətbuat fədaisi özünün vətəndaşlıq mövqeyi ilə çoxlarına nümunə ola bilər. 

 Auditoriya boyu gəzən fotoqraf yorulmadan şəkillər çəkir. Fotoaparatın çıqqıltısı səssizliyi pozsa da, heç kimin diqqəti yayınmır. 

  Səslənən dialoqlarda ölkədə XX əsrin 90-cı illərindəki sosial vəziyyət təsvir edilir. İnsanlar necə də çətinliklə dolanır, məişət sıxıntıları yaşayır, mənəvi əzablar çəkir, talon növbəsinə dayanır, çörək tapa bilmirdilər. Şükür, indi müstəqil, suverən ölkədə yaşayırıq. Bu, məhz şəhidlərimizin qanı bahasına mümkün olub. 

 Qarşımdakı vərəqə növbəti qeydlərim etdikdən sonra başımı qaldırıram ki, Könül xanım təbəssümlə mənə baxır. Tədbir haqqında yazı yazacağımı, yəqin, təxmin edir. Amma mənim yazmağım nədir ki? Şəhidlərimiz öz qanları ilə “Azadlıq” deyilən bir epopeya yazıblar. “Üç nöqtə” bu faktı bir daha dərk etməyimizə kömək olur. Bir sıra ciddi, ictimai əhəmiyyətli və dərin psixoloji əsərlər müəllifi olan Natəvan Dəmirçioğlu povesti təsadüfən “Üç nöqtə” adlandırmayıb. Əsərdə  dövlətimizin, xalqımızın  taleyüklü problemləri qoyulur, onların çözülməsi yolunda Azərbaycan insanının sərf etdiyi sosial, ictimai, siyasi mübarizələri psixoloji səpkidə öz əksini tapır.
Yüksək səviyyədə təqdimatı olan radiotamaşanın bir üstünlüyü də var idi ki, onu jurnalistika fakültəsinin tələbələri tədris təcrübəsi kimi rəqdim edirdilər.
 Arxamda oturan tələbələrin müzakirəsi məni daha da təsirləndirir. Tanımadığım qızlardan biri digərinə “Gör, necə vaxtlar olub e” deyir. Yoldaşı isə cavab verir: “Nə yaxşı ki, bu radiotamaşanı dinlədik. İndi müstəqilliyimizin qədrini daha çox bilərik”.
Həqiqətən, müstəqillik böyük nemətdir. 
 Düzdür, işə tələsirəm. Buna baxmayaraq, sanki tilsimlənmiş şəkildə diqqətlə radiotamaşanı dinləyirəm. 

 Təxminən daha on dəqiqədən sonra radiotamaşa başa çatır. Söz Natəvan Dəmirçioğluna veriləndə üzünü tələbələrinə tutaraq: “İdeya tələbələrimdən gəldi, Rasim təklif etdi, mən də onlara dəstək oldum. Bu bir tələbə layihəsidir. Düşünürəm ki, Qarabağın azad olunacağı gün uzaqda deyil. Nə vaxtsa o cənnət torpağa qayıdacağımıza ümid edirəm. Bundan sonra sevinclərimiz çox olsun. Böyük qələbəyə doğru gedək. Bu belə də olacaq. Ali Baş Komandan cənab İlham Əliyevin bütün siyasi və beynəlxalq miqyaslı siyasəti buna yönəlikdir. Biz uğrunda çalışdığımız qələbəyə qovuşacağıq, onda şəhidlərimizin ruhu qarşısında borcumuzu ödəmiş olacağıq” deyir.

Nitqinə bir az ara verdikdən sonra əlavə edir: “Biz inkişaf edən dövlətdə və daha da sivil cəmiyyətdə yaşayırıq. Bunun göstəricilərindən biri odur ki, hər kəs ona tapşırılan işdə bacarıqlı və fədakar olmalıdır. Studiyada bizə yaratdığı şəraitə görə fakültəmizin dekanı Vüqar Zifəroğluna, studiya rəhbəri Ramin müəllimə və onun kollektivinə təşəkkür edirəm. Bizə çox kömək oldular”. 

 Cahangir müəllim də təşəbbüsü yüksək qiymətləndirir: “Düzdür, qüsurlar var idi. Amma tələbələrin hazırladığı iş olduğunu nəzərə alsaq radiotamaşa olduqca təqdirəlayiqdir. Əsas odur ki, tələbələr həvəs, maraq göstərir, öz bacarıqlarını təkmilləşdirməyə çalışırlar”. 

 Fakültə dekanı Vüqar Zifəroğlunun fikrincə, xüsusilə indiki dövrdə, yəni müharibə şəraitində olduğumuz bir vaxtda belə mövzuların  gündəmə gətirilməsi vacibdir: “Bizim gəncliyimiz çox çətin illərə təsadüf edib. Dostlarımızın, sinif yoldaşlarımızın tabutlarını daşımalı olmuşuq. İndi vəziyyət düzəlib. Buna baxmayaraq, gənclərin hərbi-vətənpərəvrlik ruhunda tərbiyə olunmaları baxımından belə layihələr müstəsna əhəmiyyətə malikdir”.

 Sonda söz tədris-teleradio studiyasının müdiri Ramin Rzayevə verilir. O da öz növbəsində radiotamaşanın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkür edərək, tələbələrə uğurlar arzulayır, müəllif və müəllim Natəvan Dəmirçioğlunu təbrik edir. 
 
Tədbir sona çatandan sonra hər kəs bir-bir otağı tərk edir. Radiotamaşada obrazlardan birinin səsləndirdiyi “Dirilər heç vaxt ölüləri yada salmır” ifadəsi məni düşündürür. Bu fikirlə razı deyiləm. Dirilər həmişə ölüləri xatırlayırlar. Ərsəyə gətirilən radiotamaşa vasitəsilə BDU-nun Jurnalistika fakültəsinin müəllim-tələbə kollektivi yüzlərlə şəhidi andı. Xocalı soyqırımının 28 – ci ildönümündə təqdimatı olan radiotamaşa vasitəsilə tələbələr şəhid ruhlarına ehtiramlarını bildirdilər. Bir də ki, şəhidlər ölmür axı. Onlar öz hünərləri ilə əbədi dünyanı qazanırlar. Eyni ilə “Üç nöqtə”də təsvir edildiyi kimi... 
 Bizim ermənilərlə olan münasibətlərimizə, tapdaq altında olan Dağlıq Qarabağ məsələsinə hələ nöqtə qoyulmayıb. Üç nöqtə qoyulub...Yəni ki, qisas qiyamətə qalmaz, ədalət mütləq yerini tapacaq, Natəvan xanım. 
                                                                            
 Kənan Novruzov 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu