MSK son qərarları da verdi - Seçkiyə yekun vuruldu

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb. İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılıb. MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.

İclasda ilk olaraq 29 saylı Səbail seçki dairəsi üzrə namizəd Fərəc Kərimovun şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, F.Kərimov sözügedən DSK-nın nəticələrini mübahisələnidirib və səsvermə günü bütün məntəqələrdə pozuntuların olduğunu bildirib:

“Onun göndərdiyi bir ədəd diskə baxılıb, hər hansı pozuntu aşkar edilməyib”.

MSK şikayətin əsassız sayılmasına dair qərar qəbul edib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək, seçidə qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

***

MSK-nın iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizəd Gülməmməd Abdullazadənin şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov şikayət əsasında dairə üzrə yalnız bir məntəqədə – 34 saylı məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.

MSK həmin məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb.

***

MSK-nın iclaısnda 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizəd Xalid Bağırovun şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucovun şikayətin əsassız olduğunu viılbiidb.

Müzakirədən sonra şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının iclasında 110 saylı Zaqatala seçki dairəsi üzrə namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin şikayətinə baxılıb.

Bu şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O qeyd edib ki, şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 24 və 26 saylı məntəqələrində səsvermənin nəticələri ləğv edilməlidir.

Hər iki namizədin iştirakı ilə keçirilən müzakirədən sonra 110 saylı Zaqatala seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.

***

MSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədlər Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayət əsasında aparılan araşdırma bu seçki dairəsi üzrə 4 və 6 saylı məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılmasına əsas verir.

Namizədlərin özünün də iştirakı ilə aparılan müzakirələrdən sonra MSK həmin məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılmasında dair qərar qəbul edib.

***

MSK-da baxılan növbəti müraciət 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Ərəstun Baxşəliyevin şikayəti olub.

MSK üzvü Tofiq Hsənov bildirib ki, Ə.Baxşəliyevin şikayətində göstərilən xüsusatlar öz təsdiqni tapmayıb:

“Biz araşdırmamızı davam etdirmişik. Şikayətdə əksini tapan məqamlar təsdiqni tapmadığı üçün əsassız sayılmalıdır".

İclasda iştirak edən Ə.Baxəliyev şikayətinin düzgün araşdırılmadığını bildirib.

MSK müzakirədən sonra şikayətin əsassız sayılması ilə bağlı qərar qəbul edib.

***

MSK-nın iclasında baxılan sonuncu şikayət 112 saylı Qax seçki dairəsi üzrə namizəd Limunət Əmrahlının şikayəti olub.

MSK üzvü Bəxşeyiş Əsgərov şikayətdə əksini tapan bu dairə üzrə 24 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmalı olduğunu bildirib.

Müzakirədən sonra 112 saylı Qax seçki dairəsi üzrə 24 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.

***

MSK-nın iclasında daha sonra fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirə olunub.

MSK katibi Arifə Muxtarova deyib ki, DSK-lar tərəfindən qanunla müəyyən edilmiş müddətdə tərtib edilərək MSK-ya təqdim edilib.

O bildirib ki, araşdırma nəticəsində 11 saylı Qaradağ seçki dairəsi üzrə 1, 54 Şabran-Siyəzən seçki dairəsi üzrə 5, 91 saylı Ucar seçki dairəsi üzrə 3, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 4, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə üzrə 1 məntəqədə protokollar qanuna müvafiq tərtib edilmədiyindən onlar təsdiq edilməməli, həmin məntəqələrin nəticələri etibarsız hesab olunmalı, digər seçki dairələri üzrə məntəqələrdə protokollar qanuna uyğun şəkildə tərtib edildiyi üçün təsdiq edilməlidir.

A.Muxtarova qeyd edib ki, yekun protokol təsdiq edilməli, bu proses üzərində iş başa çatdıırlmalıdır.

Daha sonra seçkilərin nəticələrinə yekun vurulmasına dair səsvermə keçirilib. Qərar yekdilliklə qəbul olunub.

Hazırda səsvermənin yekunlarına dair protokolun hazırlanması üçün iclasda fasilə elan olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu